İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir
İlqar Orucov: Elm Günü təkcə bayram deyil, hesabat tarixi və düşünmək fürsətidir
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. Bu əlamətdar günün martın 27-də qeyd olunması təsadüfi deyil. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə elmi tədqiqatların sistemli, davamlı və ardıcıl şəkildə aparılması üçün imkanlar genişləndirilərək xalqımızın elmi-intellektual potensialının inkişaf etdirilməsi, yeni elmi məktəblərin formalaşması vahid mərkəzdən həyata keçirilməyə başlayıb. Elmlər Akademiyasının yaradılmasının xalqımızın həyatındakı önəmi və rolu dəyərləndilərək məhz bu tarixin Elm Günü olaraq qeyd edilməsi ilə əlaqədar Prezident müvafiq Sərəncam imzalayıb. Bu, ilk növbədə, elmi ictimaiyyətin bayramıdır və dövlətimizin başçısının elmin inkişafına, alimlərə göstərdiyi xüsusi diqqətin növbəti bariz nümunəsidir.
AzTehsil.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, Azərbaycanda elmin intibah dövrü 1969-cu ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlişindən sonrakı dövrə təsadüf edir: “Azərbaycan xalqının potensialını, onun intellektual imkanlarını çox gözəl bilən Heydər Əliyev elmi yaradıcılıq naminə sağlam mühit yaratmaqla, elmi-tədqiqat institutlarında strateji əhəmiyyət kəsb edən fundamental tədqiqatlar apara biləcək yeni nəsil alimlərin formalaşmasına yönəlmiş qərarlar verdi. Bu qərarlar nəinki keçmiş SSRİ məkanında, eləcə də dünya səviyyəsində qəbul edilən alimlərin formalaşmasına kömək etdi. Heydər Əliyev fundamental elmlərin inkişafına verdiyi dəstəklə yanaşı, böyük uzaqgörənliklə humanitar və ictimai elmlərin inkişafına önəm verirdi. Bu, xalqımızın milli şüurunun, milli özünüdərkinin inkişafına və milli identifikliyinin qorunmasına xidmət edirdi. Hətta həmin dövrdə nə qədər çətin olsa belə Heydər Əliyev bu alimləri qoruyur, himayə edirdi. Ulu Öndər yaxşı başa düşürdü ki, fundamental və tətbiqi elmlərin inkişafı ilə paralel olaraq milli dövlətçilik ideologiyasının formalaşmasına və inkişafına, milli dəyərlərin yaşadılmasına və gələcək nəsillərə ötürməyə xidmət edən humanitar və ictimai elmlərin də inkişafı olduqca vacibdir.
Müstəqilliyimizin ilk illərində elmi sahədə ciddi tənəzzül yaşandı. Akademiyanın bağlanmaq təhlükəsi yarandı, alimlər ölkəni tərk etməyə məcbur oldular. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ilk görüşünü məhz elmi ictimaiyyətlə keçirdi. Çətin dövrdə elmə diqqət yetirməsi onun ölkənin hərtərəfli inkişafında elmin mühüm rol oynadığına inamı və ümidi ilə bağlı idi. O, müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin gələcəyini, inkişafını elm və təhsilin inkişafında görür, eləcə də ictimai fikrin formalaşmasında elm adamlarının yerini və rolunu düzgün qiymətləndirirdi. Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasını xalqımızın milli sərvəti adlandıraraq, onun yaşaması, effektiv fəaliyyət göstərməsi üçün qayğı və diqqətini heç vaxt əsirgəmirdi”.
İlqar Orucov 2003-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində elmə, təhsilə, elmi ictimaiyyətə xüsusi münasibətin yeni məzmunda davam etdirildiyini vurğulayıb: “Qəbul edilən mühüm qərarlar, həyata keçirilən işlər elmə qayğını gücləndirməklə yanaşı, infrastrukturu möhkəmləndirməyə, eləcə də konkret dövrlər üçün tələbləri müəyyənləşdirməyə imkan vermiş oldu.
Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi və proqram artıq uğurla icra olunub.
Dövlətimizin başçısının 2009-cu il 21 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2022-ci il 15 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsi yaradılıb. Fond ölkəmizdə fundamental elmi tədqiqatların aparılmasını stimullaşdırmaqla ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və beynəlxalq səviyyədə Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməklə bu sahədə milli donor institutu olaraq funksionallığını uğurla həyata keçirir.
Elmi fəaliyyətin hüquqi bazasının yaradılması istiqamətində görülən işlər də böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və bununla qanunvericilik bazası əsasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsipləri, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədləri, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələri, elmin maliyyələşdirilməsi mexanizmləri, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları üçün normalar müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Təhsil Nazirliyinin adı Elm və Təhsil Nazirliyi adlandırılıb. Beləliklə, elm və təhsilin inteqrasiyası, dövlətin elm və təhsil siyasətinin həyata keçirilməsi, eyni zamanda, elmi tədqiqatların fəaliyyətinin qarşılıqlı əlaqələndiriləsi kimi strateji fəaliyyətlər mərkəzi icra hakimiyyəti qurumu olaraq nazirliyin səlahiyyətlərinə daxil edilib”.
İlqar Orucov qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə konkret olaraq yeni nəsil elmi kadrların hazırlığına yönəlmiş məqsədli proqramlar qəbul edilib: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 284 nəfər təhsil almaq hüququ əldə edib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın müddəti 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub, kvotanın 20 faizindən çox olmayan hissəsi isə doktorantura səviyyəsini əhatə edəcək. Elmi kadr potensialının yaxşılaşdırılması, elmi tədqiqatların effektivliyinin yüksəldilməsi, müasir, aktual və dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən mövzularda tədqiqatlara önəm verilməsi, ÜDM-də elmə ayrılan payın artırılması, elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsində motivasiyanın artırılması, alimlərin sosial müdafiəsinə yönəlik kompleks tədbirlər bir daha göstərir ki, dövlətimizin elm siyasəti konseptual xarakter daşıyır”.
İlqar Orucov bu gün AMEA-nın özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb: “Qalib Azərbaycanın elm adamlarının qarşısında duran postmüharibə reallıqları həm fundamental, həm də ictimai və humanitar elmi tədqiqatların aparılmasına xüsusi yanaşma tələb edir. Bu çağırışlara uyğun olaraq, elmi müəssisələr tədqiqat planlarını ənənəvi mövzularla yanaşı həm də yeni reallıqlara uyğun şəkildə qurmalıdırlar. Bu baxımdan alimlərimizin də qarşısında böyük vəzifələr durur. İşğaldan azad edilmiş torpaqların yenidən qurulmasına və bərpasına, beləliklə, Böyük Qayıdış prosesinə, iqtisadi və mədəni inkişafa töhfə vermək naminə elmi-innovativ yanaşmalar ortaya qoymaq tələb olunur. Fundamental elmlər sahəsində tədqiqatlarda həm də müdafiə sənayemizin inkişafına yönəlik işlər prioritet təşkil etməlidir. İctimai-humanitar elmlər sahəsində tədqiqatlarda Qərbi Azərbaycan mövzusuna önəm verilməsi, eyni zamanda, alimləri xalqımızın möhtəşəm zəfər və qəhrəmanlıq tarixinin yazılmasına səfərbər edilməsi qarşıya qoyulan ən önəmli məsələlərdən olmalıdır.
Bu əlamətdar gündə Azərbaycan elmi ictimaiyyətini, AMEA-nın rəhbərliyini və əməkdaşlarını, müxtəlif mərkəzi icra hakimiyyəti qurumlarının tabeliyində olan sahə institutlarında və ali təhsil müəssisələrində çalışan alim və tədqiqatçıları təbrik edirəm. 27 Mart - Elm Günü alimlər üçün təkcə peşə bayramı deyil, həmçinin hesabat tarixi, növbəti müddət üçün həm də yeni fəaliyyət planları üzərində düşünmək fürsətidir. Elm Günü, eyni zamanda, dövlətimizin elm adamlarından gözləntilərinin bir təcəssümüdür. Əminəm ki, alimlərimiz bundan sonra daha məhsuldar fəaliyyətləri və yeni tədqiqatlarının nəticələri ilə ölkəmizin hərtərəfli inkişafına töhfələrini verəcək, dövlətimizin elmdən gözləntilərini doğrultmaq naminə səylə çalışacaq, təkcə elm adamı olaraq deyil, həm də ölkənin intellektual elitasının simaları olaraq üzərlərinə düşən tədqiqatçı-vətəndaş vəzifəsini və missiyasını layiqincə yerinə yetirəcəklər”.