7 şagird və 2 nəzarətçi imtahandan kənarlaşdırılıb - ƏTRAFLI
AzTehsil.com xəbər verir ki bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 242 bina nümayəndəsi ayrılıb.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.