Şagirdlərin təhsildən yayınma hallarına bölgələrdə daha çox rast gəlinir. Belə məktəblilər adətən, təsərrüfat işlərinə və ya erkən nikah cəlb olunduqlarına görə təhsildən kənar qalırlar.
Valideynin təkidi ilə məktəbdən uzaqlaşan şagirdi görən müəllim müəyyən qədər müdaxilə etməyə çalışır. Amma, bir yerə qədər...
Əslində, bu məsələlər qanunvericilikdə nəzərə alınıb. Qanunvericiliyə əsasən, belə şagirdlər fərdi təhsilə cəlb olunmalıdırlar. Müəyyən yaş dövründə təhsildən uzaqlaşmaq məcburiyyətində olan insan hətta 25 yaşınadək orta məktəbdə oxumaq hüququna malikdir.
Fərdi təhsil nədir və kimlərə şamil edilir?
AzEdu.az xəbər verir ki, fərdi təhsilin təşkili "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsi və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndinə uyğun hazırlanan qaydalara əsaslanır.
Amma bu təhsil forması yalnız müxtəlif səbəblərdən uzun müddət təhsildən uzaq düşənlər üçün deyil, həm də, xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün nəzərdə tutulub. Ümumilikdə isə fərdi təhsil aşağıdakı şəxslərə aid edilir:
-Ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar;
-İbtidai təhsil səviyyəsini bitirib təhsildən kənarda qalanlar;
-IV, IX siniflər istisna olmaqla, digər sinifləri bitirdikdən sonra təhsildən yayınanlar.
İbtidai fərdi təhsil alanların sonradan ümumi orta təhsil almaları onların istəklərinə uyğun həyata keçirilir. İbtidai sinifdə fərdi təhsilə 15, ümumi orta təhsil səviyyəsində isə 25 yaşadək olanlar cəlb edilirlər.
Fərdi təhsil həftədə neçə dəfə, hansı proqram əsasında həyata keçirilir?
Dərs ilinin əvvəlindən başlayaraq həyata keçirilən, Təhsil Nazirliyinin təsdiqlədiyi nümunəvi tədris planı əsasında aparılır. Fənlər üzrə proqramlar müəyyən edilən saatlara uyğunlaşdırılır. Xüsusi istedadlı şagirdlər üçün isə fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarəetmə orqanları tərəfindən hazırlanır.
Fərdi təhsil verən müəllimlərin maaşı dövlətin təhsilə ayırdığı büdcə vəsaiti ilə verilir. Fərdi təhsil üzrə olan dərs saatları da həmin müəllimin tarifləşmiş ümumi dərs yükünə daxil edilir.
Bu təhsil məktəb direktorunun təsdiq etdiyi cədvəl əsasında təşkil olunur. İkinövbəli məktəblərdə ikinci növbədən sonra fərdi təhsilin təşkili yolverilməzdir. O, həftədə 4 gün təşkil olunur, dərs məşğələlərinin müddəti isə 45 dəqiqədir.
Hansı sənədlər tələb olunur?
Fərdi təhsil almaq istəyənlər və ya valideynləri hər il iyul-avqust aylarında yaşayış yeri üzrə təhsil şöbəsinə təhsildən kənarda qalmalarının səbəbi və hansı sinifdə təhsil alması göstərilən ərizə və aşağıdakı sənədlərlə müraciət etməlidirlər:
-Doğum haqqında şəhadətnamənin surəti;
-Yaşayış yerindən arayış;
-2 ədəd 3x4 ölçüdə fotoşəkil.
Fərdi təhsil almaq istəyənlərin ərizəsi təhsil şöbəsində qeydə alınır və onun fərdi təhsilə cəlbi barədə yaşadığı ərazidəki məktəbin direktoruna rəsmi məktub ünvanlanır.
Fərdi təhsil proqramından da geri qalan şagirdlərin aqibəti necə olur?
Müvafiq sinif üzrə fərdi təhsil proqramlarını mənimsəyənlər pedaqoji şuranın qərarı ilə növbəti sinfə keçirilirlər.
Proqram materiallarını mənimsəyə bilməyən, dərslərdə davamlı iştirak etməyənlərin fərdi təhsilinə isə pedaqoji şuranın qərarı ilə xitam verilir. Bu barədə təhsil şöbəsinə də məlumat göndərilir.
Fərdi təhsili başa vuranlara hansı sənəd verilir?
Fərdi təhsil alanların təlim nailiyyətləri jurnalda müvafiq qaydada qiymətləndirilir.
Sonda məktəb onlara hər hansı sinfi bitirmələri barədə arayış verir. VIII sinfi bitirənlər isə müstəqil hazırlaşaraq eksternat imtahanı verib təhsil sənədi ala bilərlər.
Fərdi təhsilə cəlb olunan xüsusi istedadlı şagirdlər nəyə əsasən seçilirlər?
Xüsusi istedadı ilə fərqlənən şagirdlərin fərdi təhsilinə V-IX sinif şagirdləri cəlb edilir. Hansı istedadlı şagirdlərin fərdi təhsilə cəlbi məsələsinə isə müəllimin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır.
İstedadlı şagirdlərin fərdi təhsili 3 nəfərdən çox olmayan qruplarla da keçirilə bilər.
Zəruri ehtiyac olduqda digər müəssisələrdə çalışan mütəxəssisləri də istedadlı şagirdlərlə fərdi məşğələ apara bilər. Təbii ki, onların əməkhaqqı saathesabı ödəniş qaydasında ödənilməlidir.
Mütəmadi olaraq istedadlı şagirdlərə verilən fərdi təhsilin nəticələrini araşdırmaq üçün məktəb rəhbərliyi monitorinq keçirir, nəticə pedaqoji şurada müzakirə olunur və qərar verilir.
Qeyd edək ki, direktorların işə qəbul imtahanlarının müsahibə mərhələsində mütəmadi olaraq fərdi təhsillə bağlı suallar verilir. Qeyd etdiimiz zəruri məlumatlar isə fərdi təhsillə bağlı verilən sualların cavabıdır.