Aztehsil.com moderator.az-a istinadən xəbər verir ki, avqustun 20- 21-də Paris şəhərinin Marriott Hotelində Scientific Federationun təşkilatçılığı ilə: "Semiconductors-Optoelectronics-Nanostructures” (İCSON-18) adında Beynəlxalq Konfrans keçrilib.
Konfransda 40 dan çox xarici ölkələrdən alim və mütəxəsislər iştirak edib. Konfransda məruzələr üç formatda dinlənilib: "Plenary Session”, "İnvited Talks” və "Featured Talks”. Görkəmli alim, əməkdar elm xadimi, professor Şahlar Əsgərov konfransa "dəvət olunmuş məruzəçilər” formatında çıxış edib. Onun məruzəsinin belə adlanırdı: "Influence of the Inhomogeneity on the Properties of the Metal-Semiconductor Contact”.
Tədbirdən dərhal sonra Moderator.az-ın əməkdaşı Ş. Əsgərovla əlaqə saxlayaraq təəssüratlarını öyrənib:
"Oxucuları elmi konsepsiya və nəticələrlə yormaq istəmirəm, ancaq qısaca qeyd edim ki, 100 illik tədqiqat tarixində hesab olunur ki, metal-yarımkeçirici kontaktının başlıca tərəfdaşı yarımkeçricidir. Mən çıxışımda göstərdim ki, kontakda baş verən prosseslərdə metal yarımkeçiricidən daha vacib rol oynayır və metalın polikristalliyi kontaktını kompleks sistemə çevirir.
Bütün bunlar oxucular üçün maraqsız olduğunu nəzərə alaraq bu haqqda az, başqa bir məsələ ilə bağlı çox danışmaq istəyirəm. Mən konfransın məruzələrinin məzmunu haqda yox, konfransın forması haqqda fikir söyləmək istəyirəm.
Diqqəti cəlb edən bu oldu ki, konfransda "Açar məruzələri” ya ərəb mənşəli alimlər, ya da yaponlar etdilər. Ancaq burda incə bir məqam var. O da bundan ibarətdir ki, yaponlar öz ölkələrindən, yəni Yaponiyadan gəlmişdilər. Ancaq ərəblər öz ölkələrindən yox, hərə bir tərəfdən (ölkədən) gəlmişdilər. Misal üçün, ilk məruzəçisi Mahmoud A. El- Sherif ABŞ-da işləyir və çox müasir "Photonics Lab” yaradıcısı və rəhbəridir. Prof. Mohamed Missous Birləşmiş Krallıqdan gəlmişdi və ifrat yüksək tezlklər elektronikası sahəsində aparıcı mütəxəsisdir. Və ya birinci günün ikinci yarısında sessiyaya rəhbərlik edən prof. Mohamed Benyoucef Almaniyanın Kassel Universitetini təmsil edirdi. Konfransın ikinci günü sessiyalara rəhbərliyi əsasən yaponlar edirdilər.
Məni düşündürən sual bu oldu: səbəb nədir ki, ərəb professorları öz ölkələrində yox, ABŞ, Birləşmiş Krallıq və Almaniya universitetlərində, amma yaponlar öz unversitetlərində işləyirlər, çalışırlar?
Bu sosial hadisənin səbəbinin anlamaq məncə çətin deyil. Çox ehtimal ki, ABŞ-da, Birləşmiş Krallıqda, Almaniyada alimim əmək haqqı günün 24 saatına hesablanır. (İ. Stalin zamanında da SSRİ-də belə olub, N.Xuruşov alimliyi gözdən saldı). Yəni alim yatanda da, dənizdə çiməndə də "işdə” hesab olunur və ona əmək haqqı verilir. Bununla da onun bütün qayğıları öz həllini tapır. Onun bir qayğısı var, o da 24 saat elm haqqda düşünməkdir. Bu səbəbdən də çox inkişaf etmiş ölkələrə ikinci və üçüncü dünya ölkələrdən "beyin axını” baş verir.
Digər ölkələrdə alimin əməyi ilə məmurun əməyi eyniləşdirilir və əmək haqqı iş saatına görə hesablanır. Ona görə alimlər (söhbət psevda alimlərdə getmir) o ölkələrə gedirlər ki, orada onların əməyi dəyərincə qiymətləndirilir.
Alim əməyi məmur əməyindən yüksək tutulanda nə baş verir? Gənclərin ən talantlı, qabiliyyəti hissəsi fundamental fənnləri öyrənməyə üstünlük verirlər. Əks halda hüquqçu, həkim, mühəndisliyə üstünlük verirlər. 1958 –ci ildən Azərbaycan (sonra Bakı) Dövlət Universetində işləyən müəllim kimi deyə bilərəm ki 1960- 1980 – cı illərdə universtetin, fizika, riyaziyyat, kimyiya, biologiya ... fakultələrində ölkənin ən talantlı gəncləri təhsil alırdılar.
İkinci dünya ölkələrdə də (həm də bizdə də) bu işi qaydasına qoymaq mümkündür. Fərz edək ki, hər hansı bir ölkədə Maliyə Nazirliyinin "əmək haqqı” şöbəsinə rəhbərlik edən məmurun maaşı 1000 dollardır. O, bu əmək haqqını 8 saatlıq işə gərə alır. Onda həmin ölkədə alimin əmək haqqı bundan üç dəfə çox (yəni 24 saat üçün) olmalıdır. Belə olanda elm də, vətənpərvərlik də, sənaye də inkişaf edər.
İki il öncə Nobel mükafatçısı Əziz Sancar Bakıda olarkən ona sual verdilər: niyə gəlib Türkiyə universitetlərində dərs vermirsiniz? Nobelçi alimin cavabı belə oldu, ABŞ dövləti mənə o qədər qaygı göstərib ki, sadəcə onlardan keçə bilmirəm.
Son olaraq qeyd edim ki, istənilən dövlətin elm siyasəti elə olmalıdır ki, alim əməyi vətənə xidmət etsin. Belə olanda Böyük Nizaminin də ruhu şad olar. Belə bir siyasətin müddalarını formalaşdırmaq çətin deyil. Bilənləri bu işə cəlb etmək lazımdır".