Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR
Qanunvericlik məktəbəqədər təhsil sistemində motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmasına yol verir.
Aztəhsil.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, yeni qəbul olunan "Məktəbəqədər təhsil haqqında” qanun məktəbəqədər təhsil sahəsində maliyyələşmə üçün geniş imkanlar yaradır: "Amma onun icrası üçün Təhsil Nazirliyi mexanizmlər hazırlayaraq həyata keçirməlidir".
İ.Həbibbəyli qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün motivasiyalı əməkhaqqı sistemi onun işdəki yüksək bacarığını, nailiyyətlərini, işdən sonrakı fəaliyyətini nəzərə alaraq, əməkhaqqı verməyi nəzərdə tutur.
Qeyd edək ki, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məktəbəqədər təhsildə motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmaması əsas çətinliklərdən biri kimi göstərilir.
"Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər".