Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev çıxış edib. O qeyd edib ki, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar.
Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır: "Qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Azərbaycan Prezidenti İlham Əliyevin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər" ("Trend").
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, ölkənin təhsil siyasətinə görə, təhsil hamı üçün əlçatan olmalıdır: "Bu məqsədlə müəyyən addımlar atılıb. Amma bu addımların atılmasında müəyyən baryerlər yaranıb, bu da təhsildə ödənişli ixtisasların olmasıdır. Statistikaya nəzər salsaq, minlərlə məzunlarımız yüksək bal toplasalar da, ali təhsil müəssisələrində oxumaqdan imtina ediblər. Çünki maddi, sosial vəziyyətləri ilə bağlı təhsil ala bilməyəcəkdilər. Bir halda ki təhsilin hamı üçün əlçatan olmasını həyata keçiririk, maddiyyətin buna imkan verməyəcəyini də nəzərə almalıyıq".
Dediyinə görə, yüksək bal yığıb universitetə getməkdən imtina etmək, ya da ikinci, üçüncü kurslarda ali təhsil müəssisəsindən çıxmaq kütləviləşir. Bu məsələlər daim diqqət mərkəzində olmalıdır. Hamilə qadınların və himayəsində iki yaşa qədər azyaşlı uşaq olan qadınların təhsil haqqından azad edilməsi təhsilin hamı üçün əlçatan olmasına xidmət edən stimullaşdırıcı addımdır. "Belə hallar nə qədər çox qəbul olunarsa, bir o qədər təhsil alanların sayının artmasına təsir göstərəcək".
İsrafilov vurğulayıb ki, Milli Məclisdə bu qəbildən olan xeyli təkliflər səsləndirilib: "Amma çoxusu elə təklif olaraq da qalıb. Ümid edək ki, bu təklif həyata keçsə, bizim təhsilimizin əlçatan olmasına xidmət edəcək".
Ekspert özəl universitetlərdə hamilə və 2 yaşadək uşağı olan qadınlar üçün ödənişsiz təhsilin tətbiqinin mümkün olmayacağını düşünür. Hesab edir ki, özəl təhsil müəssisələri bunu edə də bilər, etməyə də. "Onlarla təcrübəmiz var ki, özəl məktəblər yüksək bal toplayan hansısa tələbələri ödənişdən azad ediblər, şəhid ailələrinə güzəştə gediblər, yüksək nəticələr əldə edənlərin ödənişlərini azaldıblar. Hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil almasının təşkili özəl təhsil müəssisələrinin rəhbərinin və mövqeyindən asılıdır. Onları heç kim belə bir addımı atmağa məcbur edə bilməz".
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sahəsində ciddi islahatlar həyata keçirməyə başlayıb: "Sovetlər dönəmində ölkədə dövlət təhsil müəssisələrində ödənişli əsaslarla təhsil yox idi. Azərbaycan müstəqillik qazanandan sonra dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar və özəl ali təhsil müəssisələri yarandı və sayı ciddi şəkildə artmağa başladı. Hal-hazırda Azərbaycanda kifayət qədər özəl universitetlər var. Ödənişli plan yerlərinin sayı ümumi qəbul planının 70 faizini təşkil edir. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsində 160 min tələbə təhsil alırsa, onlardan 130 minə yaxını ödənişli əsaslarla təhsil alır. Yəni qəbul plan yerlərinin 70 faizini ödənişli əsaslar, 30 faizini isə ödənişsiz ixtisaslar təşkil edir. Hesab edirəm ki, təhsil alanların böyük əksəriyyətinin xanımlar olduğu üçün onlara müəyyən yumşaldıcı təhsilə aid islahatların keçirilməsi labüddür. Çünki dünya ölkələrində, xüsusən Türkiyədə, Avropa ölkələrində ailə həyatı qurub uşağını üç yaşa qədər böyüdən valideynlərə təhsil haqqlarından azad edilmə kimi güzəştlər var".
Azərbaycan Respublikasının Əmək Məcəlləsində də nəzərdə tutulur ki, 3 yaşına kimi uşaq böyüdən qadınlara analıq məzuniyyəti verilir. Onlar işdən azad edilir. Məhz onların heç yerdə işləməməsini nəzərə alaraq həmin valideynlərin, xanımların təhsil haqqından azad edilməsi labüd bir addım olardı. "Qadınların təhsil almasına imkan yaratmaq gələcək nəsillərin maarifçi istiqamətində savadlı, bilikli böyüdülməsində mühüm addımdır. Azərbaycanın kifayət qədər iqtisadi gücü var ki, hamilə yaxud da övladı olan xanımların təhsildən yayınmaması üçün onların təhsil haqqından azad edilməsi kimi mütərəqqi addım atılsın. Vacib bir nüansı qeyd edim ki, son beş il ərzində yeddi mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən məhrum olub ki, onların da 60 faizini xanımlar təşkil edir".