Xəbərlər
08 mart 2017
4 982
Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 yaşından sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin (23 yaşadək) təhsil haqqının ödənilməsindən azad edilməsi ilə bağlı qərarına aydınlıq gətirib.
Aztehsil.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Trend-ə bildirib ki, vətəndaş C.Qafarov Konstitusiya Məhkəməsinə şikayət edərək "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını xahiş edib.
S.Əliyeva qeyd edib ki, ərizəçinin 21 yaşı var və o, Azərbaycan Tibb Universitetinin 5-ci kursunda ödənişli əsaslarla təhsil alır. C.Qafarovun atası 19 may 2016-cı il tarixində vəfat etmiş, anası isə I qrup əlildir. Ərizəçi göstərilən səbəblərə görə təhsil haqqını ödəmək imkanının olmamasını əsas gətirərək, qanunda nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə müraciət edib.
Aparat rəhbərinin müavini əlavə edib ki, qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər:
"Təhsil Nazirliyi məktubunda bildirib ki, qeyd olunan qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya ona bərabər tutulan şəxslər (bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan) dedikdə, həmin kateqoriyadan olan 18 yaşınadək uşaqlar nəzərdə tutulur. Bu baxımdan qanunun 5-ci maddəsində göstərilən təhsil üzrə təminatlar ali təhsil aldıqları müddətdə (19-23 yaşında olan II-VI kurs tələbələri) hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə şamil edilmir. Qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Eyni zamanda, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Habelə, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun müvafiq maddələri bu sahənin tənzimlənməsində xüsusi rol oynayır. Bu hüququn məzmununa gəldikdə isə qeyd olunmalıdır ki, onu reallaşdıran müvafiq təhsil sisteminin mövcudluğu vacibdir. Ali təhsil almaq hüququ həm də vətəndaşların qabiliyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinə bərabər əlçatanlığını nəzərdə tutur. Bu məhdudiyyət, yəni qabiliyyətə uyğun olaraq seçim ali təhsilin təbiətindən, məqsəd və vəzifələrindən irəli gəlir. Bərabər əlçatanlıq tələbi isə Konstitusiyanın ayrı-seçkiliyi qadağan edən 25-ci maddəsinə əsaslanır”.
S.Əliyevanın bildirdiyinə görə, qərarda qeyd edilib ki, "Təhsil haqqında” Qanunun 38.3 və 38.7-ci maddələrinə müvafiq olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sоsial müdafiəsinə yönəldilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsini Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyi qənaətinə gəlib. Eyni zamanda, qərarda qeyd edilib ki, Konstitusiyanın 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş şəxslərin təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında” Qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir:
"Təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir. Azərbaycanda dövlət quruculuğu və müasir cəmiyyətin formalaşması prosesi bir daha təsdiq edib ki, təhsil dövlətin investisiyası üçün optimal fəaliyyət sahələrindən biri kimi tanınmaqdadır. Eyni zamanda, dövlətin pulsuz təhsil almaqla bağlı vəzifələrinin həcmi təhsilin səviyyəsindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, dövlət orta təhsil almaq hüququndan fərqli olaraq, yalnız istedadlı şəxslərin ali təhsil almaq hüququna əsasən Konstitusiyanın 42-ci maddəsinin IV hissəsi zəmanət verir. Bu, şəxsin həyatında müxtəlif təhsil səviyyələrinin fərqli çəkiyə malik olmasından və dövlətin maliyyə imkanlarının həcmindən irəli gəlir. Belə konstitusiya tənzimlənməsi bütövlükdə cəmiyyətin və ayrılıqda şəxsin maraqları arasında balansın yaradılması zərurətindən irəli gəlir. Konstitusiya hüquqi cəmiyyətin əsaslarını müəyyən etsə də, Əsas Qanunun inkişafında məhkəmələrin rolu olduqca mühümdür. Hesab edirəm ki, məhz hüququn aliliyini nəzərə almaqla məhkəmələr ədalət mühakiməsi, o cümlədən konstitusiya ədalət mühakiməsi vasitəsilə hüquqi dövlətin ayrılmaz hissəsi olan sosial dövlət prinsiplərini Konstitusiyada təsbit edilmiş prinsiplər əsasında təmin edə bilərlər”.