Yeni model təhsildə yeni mərhələnin başlanğıcını qoya BİLƏR
Yeni model təhsildə yeni mərhələnin başlanğıcını qoya bilər.
AzTehsil.com - Təhsil sistemində müəllimlərin tam ştata keçirilməsi, vahid əmsalın tətbiqi və əməkhaqlarının artırılması ilə bağlı açıqlamalar son günlərin əsas mövzularındandır. Yeni model həm müəllimlərin iş yükündə, həm də məktəblərin idarə edilməsində ciddi dəyişikliklər nəzərdə tutur. Bəs bu yeniliklər real olaraq necə həyata keçiriləcək və hansı nəticələri doğura bilər?
"Modelin əsas məqsədlərindən biri məhz müəllimin əməkhaqqısının artırılmasıdır"
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən təklif olunan tam ştatlı müəllim modelinin müzakirəsi artıq təkcə texniki dəyişikliklər deyil, daha geniş bir konsepsiyanın – təhsil sistemində keyfiyyət, dayanıqlıq və sosial təminat mexanizmlərinin yenidən qurulması məsələsini gündəmə gətirib: “Bir illik ictimai müzakirə və alternativ təkliflərin hazırlanması üçün ayrılan müddət bu islahatın yalnız struktur dəyişiklik deyil, mahiyyət etibarilə təhsilin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən həlledici qərarlardan biri olduğunu göstərir. Təklif olunan 30-36 saatlıq həftəlik iş rejimi bəzən “9-dan 6-ya qədər məktəbdə qalmaq” kimi yanlış interpretasiya edilir. Halbuki bu, müəllimin əmək funksiyalarının (dərs, fərdi məşğələ, metodik iş, sənədləşmə, pedaqoji fəaliyyət) vahid sistemdə toplanmasıdır. 5 günlük iş rejiminə proporsional bölgüdə bu, günlük təqribən 6-7 saatlıq iş yükü deməkdir. Bu, real olaraq birinci növbə üçün 08:00–15:00/16:00 intervalına uyğun gəlir və hazırda özəl məktəblərdə mövcud olan standart iş rejimi ilə üst-üstə düşür. Əgər özəl təhsil müəssisələri bu modeldə səmərəli işləyə bilirsə, dövlət təhsil sistemində də bu modelin tətbiqi müəllimin həm iş şəraitinə, həm də maaşına müsbət təsir göstərə bilər. Onsuz da modelin əsas məqsədlərindən biri məhz müəllimin əməkhaqqısının artırılmasıdır”.
“Pilləli modelin tətbiqi müəllimin professional inkişafını təşviq edər”
O qeyd edib ki, dünya təcrübəsində müəllim peşəsi pilləli inkişaf sistemi ilə yanaşı tətbiq olunur: başlanğıc müəllim, müəllim, aparıcı müəllim, ekspert müəllim, mentor və s. Bu yanaşma həm motivasiya, həm də təhsilin keyfiyyətinin yüksəlməsi baxımından mühüm rol oynayır: “Azərbaycanda da belə pilləli modelin tətbiqi müəllimin həm professional inkişafını təşviq edər, həm də əməkhaqqı sisteminin daha ədalətli və nəticə yönümlü olmasına imkan yaradar. Lakin bu məsələ daha geniş müzakirə tələb etdiyindən burada yalnız ümumi çərçivəni vurğulamaqla kifayətlənirəm. Tam və ya yarım ştat əsaslı sistem müəllimin sosial müdafiəsini və iqtisadi təminatını gücləndirən mühüm dəyişikliklər vəd edir.
Dayanıqlı və proqnozlaşdırıla bilən əməkhaqqı
M.Vəliyeva vurğulayıb ki, hazırda müəllimlərin maaşı dərs saatlarından asılı olaraq dəyişir: “Bu isə sinif komplektləşməsi, şagird sayının azalması, dərs bölgüsündə fərqlər kimi faktorlarla əlaqədar qeyri-sabitlik yaradır. Tam ştat modeli isə sabit əmək müqaviləsi və dəyişməyən aylıq maaş deməkdir. Bu da həm iqtisadi sabitlik, həm də uzunmüddətli planlaşdırma imkanı yaradır. Həmçinin dərs saatına bağlı modeldə sosial sığorta haqları dəyişkən olduğundan müəllimin pensiya kapitalı da qeyri-sabit olur. Yeni model isə sosial sığorta ödənişlərinin sabit artımını, məzuniyyət, xəstəlik vərəqəsi, hamiləlik və doğuş üzrə sosial təminatın güclənməsini təmin edəcək. Müəllimin “dərs keçirən şəxs”dən daha geniş funksional mütəxəssisə çevrilməsini nəzərə alsaq, bu model müəllimin fəaliyyətini yalnız dərs saatı ilə ölçməkdən çıxarıb genişləndirilmiş pedaqoji fəaliyyət çərçivəsində qiymətləndirməyə imkan verir. Buraya metodik iş, fərdi məşğələlər, şagird və valideynlərlə əməkdaşlıq, təlim strateqiyalarının hazırlanması, məktəbin sosial-mədəni həyatında aktiv iştirak daxildir. Bu, keyfiyyət yönümlü sosial müdafiə mexanizmi formalaşdırır”.
Model sistemə hansı üstünlükləri qazandıracaq?
Deputat deyir ki, bu islahat təkcə əməkhaqqı mexanizmi deyil, məktəb həyatının tamamilə yenidən qurulması potensialını da daşıyır: “Yeni model müəllimi məktəb mühitinə qaytarır, şagirdlərlə əlavə iş aparmaq imkanını genişləndirir, metodik müzakirələr, təcrübə mübadiləsi və kollegial əməkdaşlığı gücləndirir, məktəbin idarəetmə və sosial həyatında real aktivliyi artırır, məktəbdə canlı pedaqoji mühitin bərpasına təkan verir. Bununla belə, xaotik vəziyyət yaranmaması üçün müəllimlərə konkret fəaliyyət planları, iş açarları və ölçülə bilən göstəricilər təqdim edilməlidir. Modelin tam işləməsi üçün təklifim fəaliyyət əsaslı qiymətləndirmə mexanizminin tətbiqi, rəy-sorğu, portfel, fəaliyyət hesabatı kimi üsulların istifadə olunması, sertifikatlaşmadan azad olunsa belə, keyfiyyət meyarlarının yeni formatda davam etdirilməsidir”.
Onun sözlərinə görə, əgər islahat uğurla icra olunacaqsa, xüsusilə kənd və dağlıq ərazilərdə çalışan müəllimlər üçün əlavə güzəştlərin tətbiqi vacibdir. Əks halda bölgələrdə müəllim çatışmazlığı davam edə bilər.
O əlavə olaraq bildirib ki, islahatın tədricən tətbiqi, sınaq mərhələlərinin keçirilməsi, mexanizmlərin təkmilləşdirilməsi və geniş ictimai müzakirə mühitinin yaradılması vacibdir: “Müəllim, valideyn, məktəb rəhbərləri, ekspertlər və ictimaiyyət bu prosesin tərəfdaşına çevrilməlidir. Tam ştatlı müəllim modelinə keçid yalnız əməkhaqqının artırılması deyil, həm də məktəbin yenidən mərkəzə çəkilməsi, müəllimin sosial müdafiəsinin gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün sistemli yanaşma tələb edən geniş bir islahat paketidir. Düzgün planlaşdırma, mərhələli keçid və aydın qiymətləndirmə meyarları ilə bu model Azərbaycan təhsilində yeni keyfiyyət mərhələsinin başlanğıcını qoya bilər”.![]()










