NAZİR: 300 min şagirdin həyatı DƏYİŞƏCƏK
Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin əhəmiyyətindən, əldə olunan nailiyyətlərdən və Azərbaycan təhsil sistemində STEAM modelinin gələcək perspektivlərindən danışıb.
AzTehsil.com xəbər verir ki, nazir çıxışına Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etməklə başlayıb:
Emin Əmrullayev bildirib ki, bu il SAF festivalının 5 yaşı tamam olur və Azərbaycanda tətbiq olunan STEAM modeli qısa müddətdə böyük sosial təsir yaradıb:
“STEAM təhsili yüz minlərlə insanın – xüsusilə müəllimlərin və şagirdlərin – həyatını yaxşıya doğru dəyişməyə təkan verib. 2018–2019-cu illərdə layihə yeni yarananda göstərilən dəstək bu gün ölkə üzrə 21 bölgədə STEAM mərkəzlərinin fəaliyyət göstərməsinə şərait yaratdı”.
Nazirin sözlərinə görə, kənardan oyun fəaliyyətlərinə bənzəsə də, STEAM təhsilinin əsasında dərin elmi yanaşma dayanır:
“Burada keçirilən robotika layihələri riyaziyyat, mühəndislik, incəsənət və texniki bacarıqların birləşməsini tələb edir. Ən vacib məqam isə müxtəlif fənlərin ümumi məqsədlə əlaqələndirilməsi və şagirdin layihəyə yönəlik düşünməsinin formalaşdırılmasıdır”.
Nazir bildirib ki, bu gün STEAM modeli eksklüziv layihə deyil, geniş təhsil kütləsini əhatə edən mühüm tədris mexanizmidir:
“Hazırda STEAM təhsili təxminən 300 mindən çox şagirdi, yəni Azərbaycan məktəblilərinin beşdə birini əhatə edir. 3–9-cu siniflərdə isə bu rəqəm daha da böyükdür”.
Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin 2027–2030 strateji planında STEAM təhsilinin rolu daha da artacaq:
“Əminliklə deyə bilərəm ki, bu gün 9–10 yaşında olan və ya 20 yaşına yaxın gənclərimizin bir qismi gələcəyin alimləridir. STEAM onların potensialını üzə çıxarmağa xidmət edir. Növbəti tədris ilindən STEAM modeli üzrə həm fənn müəllimlərinin hazırlanmasına, həm də bu istiqamətin ayrıca metodologiya kimi tədrisinə başlanılacaq. Bu proses xüsusi olaraq Xankəndi şəhərində start götürəcək. Hər şeyin yalnız Bakıda deyil, bölgələrdə də inkişaf etməsinə töhfə verəcəyik”.
Emin Əmrullayev qeyd edib ki, bu gün festivalda təkcə yerli deyil, xaricdən gələn azərbaycanlı şagirdlər də iştirak edir:
“Beş il əvvəl festivalda yalnız Azərbaycan şagirdləri iştirak edirdisə, bu gün artıq xaricdən gələn gənclər də aramızdadır. Bu, layihənin beynəlxalq nüfuzunun göstəricisidir”.![]()
SAF 2025 açılış mərasimində çıxışlar, təqdimatlar və layihələrin nümayişi ilə davam edir.











