Elektron jurnalda düzəliş etmək mümkün olmayacaq
Məktəblərində tətbiq edilən elektron jurnal sistemində artıq təcrübə formalaşmağa başlayıb.
AzTehsil.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Rəqəmsal İdarəetmə sektorunun müdiri Fidan Nəcəfova “Təhsil saatı” verilişində danışıb.
O bildirib ki, elektron jurnal kağız jurnal ilə eynilik təşkil etməlidir və bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub:
"Pedaqoji heyətin tədris üçün ayrılan vaxtını genişləndirə bildik. Əvvəllər bəzi proseslər daha çox zaman alırdı. İndi müəllimlər daha çox tədrisə fokuslana bilir", – o qeyd edib.
Fidan Nəcəfovanın sözlərinə görə, müəllimlər elektron jurnalda dəyişiklik edə bilirdilər, lakin oktyabrdan etibarən bu imkan məhdudlaşdırılıb:
"Tədris ilinin başlanğıcı olduğu üçün biz fənn müəllimlərinə möhlət vermişik. Çünki tədris ilinin əvvəlidir, bu müəllimlər üçün də yenilikdir. Oktyabr ayından etibarən yanlışlıq olarsa, bunu düzəltmək mümkün olmayacaq. Yanlız qiymətləndirməyə yenidən baxış ərizəsi vasitəsilə düzəliş edilə bilər", – sektor müdiri əlavə edib.