Yeni təmayül tədris modeli: məktəblərdə dərslər necə keçiriləcək?
“Tam orta təhsil səviyyəsində təmayülləşmə əvvəlki illərdə də tətbiq edilirdi. Buradakı əsas yenilik şagirdlərin tam orta təhsil səviyyəsində buraxılış fənlərini və eləcə də seçdikləri təmayülə uyğun fənləri əvvəldən – fənnin ilkin və təməl anlayışlarının yenidən öyrənilməsi üzərində qurulmasından ibarətdir”
AzTehsil.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu tədris ilində bir sıra ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqi ilə bağlı danışarkən deyib.
O bildirib ki, şagirdlər, məsələn, fizika fənnini 10-cu sinif materialı əsasında öyrənməyə başlamazdan əvvəl həmin fənnin aşağı siniflərdə keçilmiş məzmununu təkrarlayıb möhkəmləndirirlər.
“Mürəkkəb adlandırdığımız kompleks tapşırıqları həll edərkən minidərs yanaşmasından istifadə edərək verilmiş tapşırığın həlli üçün vacib olan əvvəlki mövzuları mütəmadi təkrar edirlər. Öyrənmə prosesində açıq və qapalı testlərlə daha çox işləyirlər”.
Bəs məktəblərdə dərslər necə keçiriləcək?
V.Yaqublu bildirib ki, dərslərin keçirilməsində xüsusi bir yenilik gözlənilmir.
“Lakin nəzərə alsaq ki, bu siniflərdə tədrisə sertifikasiya balı yüksək olan, akademik bilikləri və metodiki ustalığı ilə seçilən müəllimlər cəlb edilmişdir, əlbəttə ki, onlar öyrənmə prosesini daha səmərəli təşkil edəcəklər.
Buraxılış və ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün dərsliklə yanaşı, xeyli sayda videoresurslarımız var ki, bunlar da mövzunu həm dərininə öyrənməyə, həm də mövzuya fərqli rakurslardan baxmağa imkan verir. Nəticədə şagird mövzunu əzbərləyərək deyil, anlayaraq öyrənir. Öyrənmə prosesi daha təbii və rahat gedir”.
Həftədə 37 saat az deyilmi?
Agentlik rəsmisi bildirib ki, dərslər günün birinci yarısında keçirilir.
“Tədris planı bu siniflər üçün dövlət standartının yol verdiyi maksimum dərs saatı əsasında qurulub: həftədə 37 saat. Sual yarana bilər ki, bu az deyilmi? 37 saat müəllimin rəhbərliyi ilə öyrənmə üçündür. Bundan sonra şagirdlərin kiçik qruplarda və ya fərdi şəkildə ev tapşırıqlarını etməsi də öyrənmə vaxtını çoxaldır. Həm də OECD araşdırmaları təsdiq edir ki, bəlli bir zamandan artıq öyrənmə heç də həmişə daha yaxşı nəticə demək deyildir.Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 9.4.1-ci bəndinə əsasən, tam orta təhsil səviyyəsində təmayül siniflərində təmayül fənləri ilə yanaşı tədris edilməli olan digər fənlər də tədris edilir: informatika, Azərbaycan tarixi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq”.
Birinci şərt budur
Şagirdlərin həmin siniflərə hansı şərtlər çərçivəsində qəbul edilməsinə gəlincə, o bildirib ki, birinci şərt ümumi orta təhsil səviyyəsini bitirmək barədə attestatın olmasıdır.
“Şagird qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin müvafiq altsistemi vasitəsilə həyata keçirilir. Bu zaman sinif komplektlərinin formalaşdırılması üçün minimum şagird sayı və təmayül istiqamətləri nəzərə alınır. Qəbul prosesi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən, müraciət edənlərin topladıqları balların azalan ardıcıllıqla sıralanması yolu ilə və məktəbdə yer sayı nəzərə alınmaqla aparılır. Eyni bal toplamış namizədlər arasında seçim təmayül fənləri üzrə onların buraxılış sinfinin yekun (illik) qiymətlərinin orta balına əsasən aparılır".
Bəs müəllimlər hansı şərtlərdə qəbul ediləcək?
Onun sözlərinə görə, bura sertifikasiya balı yüksək olan müəllimlər cəlb edilib.
“Həm də bu şəxslərin iş təcrübəsi və metodiki bilikləri onlarda mövzunu daha səmərəli üsullarla öyrətmək səriştəsi yaradır. Burada onu da deməliyik ki, yalnız səmərəli üsullar deyil, üsulların müxtəlifliyi də səriştəli müəllimin silahıdır”.