Azərbaycan universitetləri reytinqlərdə daha da yüksəliş göstərəcək
“Universitetlərin müxtəlif beynəlxalq platformalarda təqdimatı artıq aydın şəkildə görünür və son illərdə bu sahədə ciddi irəliləyişlər əldə olunub. Əvvəllər Azərbaycanın universitetləri müxtəlif reytinqlərdə ya, ümumiyyətlə, təmsil olunmurdu, ya da çox məhdud şəkildə yer alırdı. Hazırda QS reytinqində 9 universitetimiz var və onlardan 6-sı “Top Mind” kateqoriyasına daxildir”.
AzTehsil.com xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, bu, böyük bir göstəricidir və ölkəmizdə müsbət dinamikanın olduğunu sübut edir:
“Eyni zamanda, Bakı Dövlət Universiteti artıq 600-cü yerdə sabitləşib. Oktyabr ayında “World University Rankings”in növbəti mərhələsi formalaşdırılacaq və gözləntilərəgörə, bizim universitetlərimizin sayı burada iki dəfə artacaq. Əvvəlcə sıfır idisə, keçən il iki universitetimiz reytinqdə yer aldı. Bu il isə daha da artım gözlənilir”.
Ülkər Səttarova əlavə edib ki, bu inkişaflar həm universitetlərin beynəlxalq səviyyədə tanınması, həm də xarici tələbələrin cəlb olunması baxımından çox vacibdir:
“Mən inanıram ki, qarşıdakı 2-3 ildə Azərbaycan universitetləri reytinqlərdə daha da ciddi yüksəliş göstərəcək. Son iki ildə universitetlərimizin reytinqləri yaxşılaşıb. Bu, təhsilimizin inkişafı və xarici tələbələrin diqqətini cəlb etməsi baxımından çox vacibdir. Qeyd etmək istərdim ki, bir çox mütəxəssislər universitetlərin “reytinq ardınca getməsi”ni tənqid edirlər. Lakin reytinqlərə diqqət yetirsək, onların, əsasən, kriteriyalara əsaslandığını görərik və bu kriteriyalar dünya səviyyəsində qəbul olunmuş metodologiyaya əsaslanır”.
O əlavə edib ki, dünyada reytinq üçün çoxsaylı kriteriyalar mövcuddur və onlar bu metodologiya ilə müəyyən edilir: "Əsas kriteriyalar arasında akademik nüfuz, xarici tələbə və müəllim sayı, məzunların iş tapma göstəriciləri yer alır. Dünyada reytinq üçün başqa kriteriyalar bu qədər önəmli deyil. Bütün ölkələr qiymətləndirmələrini bu dünya metodologiyasına əsasən aparır. Buna görə reytinqlər çox vacibdir. Mən deməzdim ki, reytinqlərdən uzaqlaşmalıyıq. Reytinq bir üsuldur, bir əsasdır. Lakin onun üzərində qurulan kriteriyalar bizə ali təhsildə qərar vermək, özümüzü dəyərləndirmək və qonşu ölkələrlə müqayisə aparmaq üçün çox önəmli imkanlar təqdim edir”.