Beynəlxalq Kitab Sərgisi keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.
AzTehsil.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq sərgi "Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunub.
Sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.