14 fələstinli tələbə Azərbaycanda təhsil almağa başlayır
14 fələstinli tələbə Azərbaycanda təhsil almağa başlayır.
AzTehsil.com xəbər verir ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış 14 nəfər Fələstin vətəndaşı Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrində təhsilə başlayır.
Tələbələr Xarici İşlər Nazirliyinin dəstəyi ilə Qəzza bölgəsindən təxliyə olunaraq ölkəmizə gətiriliblər. Onlardan 8 nəfər ötən tədris ilində təhsil almaq hüququ qazansa da, bölgədəki qeyri-sabit vəziyyət səbəbindən Azərbaycana gələ bilməmişdi. Digər 6 nəfər isə cari ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edib.
Ölkəmizə gələn tələbələr Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.