Təhsil sistemi təkcə "məktəb-universitet" xəttindən ibarət deyil
Təhsil sistemi təkcə "məktəb-universitet" xəttindən ibarət deyil.
Təhsil sistemi "ailə-məktəb-universitet-ömürboyu öyrənmə-qeyri-formal öyrənmə" mühitlərindən ibarətdir.
AzTehsil.com xəbər verir ki, təhsil eksperti Yalçın İslamzadə Fb-səhifəsində öz fikirlərini bölüşüb. O, bildirib ki, cəmiyyət bu trayektoriyada öz məsuliyyətini görmür və qəbul etmir. Bütün problemləri məktəb-universitet sisteminin üstünə yıxır. İstənilən ölkənin təhsili, o ölkənin dünyagörüşünün kristallaşmış formasıdır.
Əgər ailə övladına bəzi fundamental davranış və motivasiyaları aşılamırsa, oxumağı sevdirə bilmirsə, onunla konstruktiv dialoq qura bilmirsə, dünyanı onun gözündən görə bilmirsə, məktəbin təkbaşına bunun öhdəsindən gəlməyi çətindir. Müəllim özü də bu cəmiyyətin üzvüdür və cəmiyyətdə olan çatışmazlıqdan xali deyil.
Əgər vəzifə verilən əksər şəxslər (məs. direktor) məktəbi ona həvalə edilmiş əmanət yox, dədəsinin mülki kimi görürsə, minlərlə məktəbin hər birinə nümunəvi direktor hardan tapılacaq?
Əgər iş yerlərinə, institutlara feodal təfəkkürlü fironlar rəhbərlik edirsə, yeni işçi sahəsinin incəliklərini işlədiyi məkanda öyrənə bilmirsə. təkbaşına formalaşması ancaq təsadüfi proses olar.
Cəmiyyətdə rəylər iki yönlüdür: 1) kütlənin linç həvəsi-bütün yaxşı işləri görməzdən gəlib, bir qüsuru şişirtmək, böyütmək, yerdən yerə vurmaq ehtirası. 2) Lobbi qruplarının marağı.
Pedaqoji fakultələrdə yenilənmə lazım olanda, regional əsaslı lobbi qrupları təsir göstərirlər, "Dəymə, toxunma, yaşlı adamdır, imkan ver işləsin".
Ya da akademik lobbi qrupları var, təklif etsən ki, "Onsuz da məqsədləri eynidir, təsviri incəsənətlə musiqi dərsini birləşdirək, Azərbaycan dili və ədəbiyyat dərsləri cəmi 5 saatdır, onları da birləşdirib 4 saat etsək, qalan iki saata 21-ci əsrdə şagirdlər üçün zəruri olan sosial biliklər verən dərs əlavə edək".
Nə baş verər?
Filoloji lobbi qrupları səs-küy salacaqlar, "Sifarişlə dilimizi gözdən salırlar, xaricdən sifariş alıblar". Çünki filologiya indi status qazanmaq və lüğət çıxarıb "iş gördük" demək üçün münbit sahədir.
Desən ki, "Tarix dərsləri faktoloji-ensiklopedik məlumatla yığınıdır"-tarixçilər lobbisini sakitləşdirmək olmayacaq.
İzah etmək çətindir ki, sizin status üçün əzbərə intekslədiyini tarix və ana dili konsepsiyası qədər şagirdə "ailə, internet, qloballaşma, inkişaf mərhələləri, cəmiyyət, dövlət, fərd" kimi anlayışlar da vacibdir, maddi maraqlarını kənara qoyub gənc nəslin, milli maraqların naminə eqoizmlərinə yox deyə bilməyəcəklər.
Bu maddi-maraq davasını da "milli mühafizəkarlıq" adıyla pərdələyəcəklər.
Biz artıq işğal altında deyilik, əsas işimiz dili, ənənələri, muğamı, aşıq musiqisini qorumaq, mərasimləşdirmək deyil. Bu mədəni irs onsuz da yaşayacaq, imkan verin gənclər bir az da dünyanı tanısınlar, periferiyadan kənara çıxsınlar.
Fiziki səyahət mənasında, əlbətdə çıxırlar, düşüncənin sərhədləri baxımından onlar mühafizəkarlıq çəpəri ilə əhatə olunublar.
































