Məktəblərdə və universitetlərdə fəaliyyət göstərən psixoloqlar....
Məktəblərdə və universitetlərdə fəaliyyət göstərən psixoloqlar var, amma şagird və tələbələrin çoxu onlara müraciət etmir. Bəs bunun əsas səbəbi nədir?
AzTehsil.com- n əldə etdiyi məlumata görə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib ki, cəmiyyətin stereotipləri və xidmət çatışmazlıqları gənclərin psixoloqlara müraciətini azaldır:
“Məktəblərdə və universitetlərdə psixoloqlar formal olaraq fəaliyyət göstərir, lakin gənclərin onlara müraciəti çox aşağı səviyyədədir. Bunun bir neçə səbəbi var və məsələyə yalnız bir tərəfdən baxmaq düzgün olmaz. Ən əsas səbəb cəmiyyətin psixoloji yardıma olan münasibətidir. Bizdə hələ də psixoloqa getmək zəiflik kimi qəbul olunur. Valideynlərin böyük bir qismi uşaqlarının psixoloqa getməsini istəmir, çünki düşünürlər ki, bu, ailənin adına kölgə salacaq. Şagird və tələbələrin özləri də qorxurlar ki, psixoloqa müraciət etsələr, ya dostlarının arasında lağ obyektinə çevriləcəklər, ya da müəllimlərin gözündə problemli şagird kimi görünəcəklər. Bu, artıq psixoloji dəstəyə qarşı formalaşmış yanlış stereotipdir.
Ekspert bildirib ki, psixoloqa müraciət etmək həkimə müraciət qədər normaldır və insanın sağlam yanaşmasının göstəricisidir:
“Digər tərəfdən, psixoloji xidmətlərin keyfiyyətində də ciddi problemlər mövcuddur. Çox vaxt məktəb və universitet psixoloqları gənclərlə iş aparmaq əvəzinə inzibati tapşırıqlara yönləndirilir, sənədləşmə və hesabat işləri ilə yüklənirlər. Nəticədə əsas missiya, yəni şagirdin və ya tələbənin yanında olmaq, onun dinlənildiyini hiss etdirmək ikinci plana keçir. Bu isə gənclərdə belə bir fikir formalaşdırır ki, psixoloq yalnız “ştat doldurmaq” üçündür və real dəstək yoxdur. Belə olanda, təbii ki, müraciət də azalır. Başqa bir məsələ informasiya boşluğudur. Gənclərin çoxu bilmir ki, psixoloqa müraciət yalnız ağır depressiya və ya böyük problemlə bağlı deyil. İmtahan stresi, peşə seçimi, ünsiyyət çətinlikləri, özünəinam problemi kimi gündəlik məsələlərdə də psixoloqdan dəstək almaq mümkündür. Təəssüf ki, bu barədə nə məktəblərdə, nə də universitetlərdə geniş maarifləndirmə aparılır. Çox həssas bir məqam da məxfiliyə olan inamsızlıqdır. Gənclərin bir çoxu düşünür ki, psixoloqla paylaşılan məsələ sabah müəllimə, valideynə və ya rəhbərliyə ötürüləcək. Bu qorxu onlarda səmimi açılmağa imkan vermir. Halbuki peşəkar psixoloqun əsas prinsipi məxfilikdir. Əgər bu etibar möhkəmləndirilməsə, müraciətlərin sayını artırmaq mümkün olmayacaq”.
Əmrah Həsənli qeyd edib ki, bu məsələnin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır:
“İlk növbədə, psixoloqların peşəkarlığının artırılması və onların təlimlərlə dəstəklənməsi vacibdir. İkinci, psixoloqlar inzibati işlərdən azad edilməli, əsas vəzifələri yalnız gənclərlə işləmək olmalıdır. Üçüncü, məktəb və universitet daxilində psixoloji yardımla bağlı maarifləndirici tədbirlər keçirilməli, şagird və tələbələrə göstərilməlidir ki, psixoloqa müraciət güclü olmaq deməkdir, zəiflik deyil. Və ən əsası, cəmiyyətdə bu mövzu ilə bağlı stereotiplər qırılmalıdır. Psixoloqa müraciət etmək əslində bir insanın özünü və gələcəyini düşünməsi deməkdir. Bu yanaşmanı gənclərdə formalaşdıra bilsək, onların təhsil mühitində daha sağlam, balanslı və uğurlu inkişafına zəmin yaratmış olarıq”.