Beynəlxalq elmi konfrans KEÇİRİLƏCƏK
Pedaqoji Universitetdə “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 2-dən 5-dək Pedaqoji Universitetdə “Mexanikada yeni trendlər” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək.
AzTehsil.com xəbər verir ki, ADPU-dan bildirilib ki, konfransda ABŞ, Almaniya, Avstriya, Azərbaycan, İtaliya və Türkiyə universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış mütəxəssislər iştirak edəcəklər.
Qırx altı ildir ki, hər iki ildən bir müxtəlif universitetlərdə təşkil olunan Türkiyənin ən uzunmüddətli elmi tədbiri olan və 24-cü dəfə keçirilən Milli Mexanika Konqresi bu il ilk dəfə olaraq beynəlxalq konfrans formatında Azərbaycanda – Pedaqoji Universitetdə reallaşır. Konfrans beynəlxalq miqyası ilə mexanika və mühəndislik sahəsində qlobal elmi əməkdaşlığa zəmin yaradacaq.
Beynəlxalq konfrans Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin və ADPU-nun koordinasiyası ilə İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu və bir çox digər universitet və elmi-tədqiqat institutlarının töhfəsi ilə təşkil olunur.
Konfransın açılışında Elm və Təhsil Nazirliyinin nümayəndələri, universitetlərin rektorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tanınmış alimlər çıxış edəcəklər.
Çoxsaylı paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konfransda struktur (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və materiallar mexanikası sahələrində 150-dək elmi məruzə təqdim ediləcək.
Beynəlxalq konfransın proqramı ilə linkdən tanış olmaq mümkündür.