EATDA-i BMU nümayəndə heyəti arasında görüş keçirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, Agentlikdən bildirilib ki, görüşdə BMU-nun bir sıra prioritet istiqamətlər üzrə göstəricilərinin dinamikası, xüsusilə elmi-tədqiqat fəaliyyətinin nəticələri və beynəlmiləlləşmə səviyyəsi ətrafında müzakirələr aparılıb.
Agentliyin direktoru Ülkər Səttarova yuxarıda qeyd olunan prioritet istiqamətlərin ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin yaxşılaşdırılmasında xüsusi rolunu vurğulayıb. Rektor Yaqub Piriyev isə BMU-da müvafiq istiqamətlərdə həyata keçirilən layihələr və icrası planlaşdırılan fəaliyyətlər barədə məlumat verib.
Həmçinin görüş zamanı qabaqcıl elmmetrik alətlərdən istifadə, əcnəbi müəllim və tələbələrin sayının artırılması, beynəlxalq təhsil qrantları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan tələbələrin dəstəklənməsi, nüfuzlu beynəlxalq akademik tədbirlərdə iştirak ilə bağlı məsələlər müzakirə edilib.