5 sahəyə tələbat VAR- Ətraflı
Magistraturaya ixtisas seçimi: Ən çox bu 5 sahəyə tələbat VAR
Xəbər verdiyimiz kimi, 7-13 iyul tarixlərində magistratura üzrə ixtisas seçimi başlayacaq. Magistratura pilləsi ali təhsilin ikinci səviyyəsi olaraq, tələbələrin daha dərin bilik və ixtisaslaşma əldə etdiyi mərhələdir. Bu mərhələdə düzgün ixtisas seçimi gələcək karyera və akademik inkişaf baxımından olduqca mühüm rol oynayır.
Bəs görəsən, magistratura ixtisas seçimi zamanı əsasən nələrə diqqət yetirilməlidir?
AzTehsil.com əldə etdiyi məlumata görə mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun sözlərinə görə, magistratura pilləsi bakalavrdan fərqli olaraq, daha dərinləşmiş ixtisas bilikləri əldə etməyə imkan yaradır:
"Magistratura təhsilinin, əlbəttə ki, üstünlükləri var. Bu pillədə təhsil almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanları həyata keçirilir və həmin nəticələrə əsasən namizədlər müvafiq ixtisaslara yerləşdirilir. Magistratura təhsili daha çox tədqiqat yönümlü təhsil formasıdır. Burada iki istiqamət ön plana çıxır: biri gələcəkdə elmi-tədqiqat yönümlü ixtisaslaşma, digəri isə daha çox praktiki biliklərin əldə olunmasıdır.
İxtisas seçimi zamanı əmək bazarının tələbləri nəzərə alınmalıdır. Təəssüf ki, bir çox hallarda gənclərimiz bu məqamı diqqətdən qaçırırlar. Universitetlər də bu məsuliyyəti üzərlərinə götürməli, magistr pilləsində tədris proqramlarını əmək bazarının tələblərinə və beynəlxalq yeniliklərə uyğun qurmalıdırlar.
Magistratura pilləsində artıq başqa bir ixtisas üzrə də oxumaq mümkündür. Belə ki, bu imkan son illərdə yaradılıb. Dünyanın bir çox qabaqcıl ölkələrində bu, normaya çevrilmiş bir yanaşmadır".
İ.Orucov qeyd edib ki, əmək bazarının reallıqları göstərir ki, insanlar artıq bir ixtisasla ömür boyu fəaliyyət göstərmək məcburiyyətində deyillər:
“İxtisas dəyişmək ehtiyacı artıq qaçılmazdır. Bəzi hallarda peşə təhsili almaq, zəif attestatla xaricdə keyfiyyətsiz təhsil almaqdan daha səmərəli və nəticəli olur.
Magistraturada əyani təhsil forması daha effektiv sayılır. Amma işləyən şəxslər üçün qiyabi təhsil də real alternativdir. Gələcəkdə distant təhsil formatının da magistr pilləsində tətbiqi məqsədəuyğun olar.
Doktoranturaya gedən yol isə magistraturadan keçir. Gələcəkdə doktorant olmaq istəyən tələbələr magistratura pilləsində tədqiqatçılığa meyilli olmalı, bu bacarıqları inkişaf etdirməlidirlər.
Magistr ixtisaslarına tələbat daha çox rəqəmsallaşma, texnologiya, mühəndislik, ekoloji və qida təhlükəsizliyi kimi sahələrdə formalaşır. Klassik ixtisaslar da aktual olaraq qalacaq, amma multi- və transdisiplinar ixtisaslara ehtiyac getdikcə artacaq”.