2000-dən çox müəllim sertifikasiya imtahanı verib
Bugün 2000-dən çox müəllim sertifikasiya imtahanı verib.“2025-ci il üzrə sertifikatlaşdırma prosesinə artıq start verilib. Bu gün 18 müxtəlif imtahan mərkəzində 2000-dən artıq müəllimin iştirakı ilə proses başlayıb və davamiyyət 95% təşkil edir”.
AzTehsil.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin başlaması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, cari ildə kimya, fizika, biologiya, informatika və coğrafiya fənləri üzrə müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur və ümumilikdə 20 minə yaxın müəllimin iştirak edəcəyi planlaşdırılır:
“Son üç il ərzində 65 min müəllim bu prosesə qoşulub, onlardan 55 min nəfər prosesi uğurla tamamlayıb. Hazırda 17 mindən çox müəllim əməkhaqqının 35%-i, 38 min müəllim isə 10%-i həcmində aylıq əlavə alır.
19 şəhərdə, 44 mərkəzdə sertifikasiya imtahanı keçirilir”.
O qeyd edib ki, eyni anda 10 min namizədin imtahan verməsi üçün şərait yaradılıb:
“2021-ci ildə bu göstərici 1500 nəfər idi. Ötən 3 ildə 250 min nəfərlik imtahan infrastruktur potensialı qurulub. Bu müddətdə 210 min nəfər imtahanlarda iştirak edib”.
Qeyd edək ki, iyunun 19-da coğrafiya, 24-də biologiya və kimya, 25-də isə fizika və informatika müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.
Bu il ilk dəfə coğrafiya, biologiya, kimya, fizika və informatika fənlərindən sertifikasiya imtahanı keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 528 müəllimi bu günkü imtahanlarda iştirak edib. Ötən illərdən qalan riyaziyyat, Azərbaycan dili və Ədəbiyyat, Azərbaycan dili, ingilis dili və digər xarici dillər üzrə peqaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edən təhsilverənlər bu gün sertifikatlaşdırma imtahanından keçiblər.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18, 19, 20, 24 və 25 iyun tarixlərində Bakı şəhəri üzrə 9 imtahan mərkəzində təşkil edilir.