40 şagirdli siniflərdə təhsil nə vəziyyətdədir ?
40 şagirdli siniflərdə təhsil: Keyfiyyət, yoxsa kütlə?
Son illərdə təhsilin keyfiyyəti ilə bağlı əsas müzakirə mövzularından biri də siniflərdə şagird sayının həddən artıq çox olmasıdır. Çoxları düşünür ki, bu vəziyyət müəllimin pedaqoji imkanlarını məhdudlaşdırmaqla yanaşı, şagirdlərin fərdi inkişafını da əngəlləyir.
Bir müəllimə 40 şagirdin düşdüyü tədris mühitində fərdi yanaşma, keyfiyyətli izah və şagirdlərin potensialının üzə çıxarılması nə dərəcədə mümkündür?
AzTehsil.com xəbər verir ki, azEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu mühit həm pedaqoji, həm də psixoloji cəhətdən qeyri-mümkün və qeyri-effektiv model hesab olunur. Bu vəziyyət müasir təhsil konsepsiyalarının əsasını təşkil edən şagirdmərkəzli və kompetensiya əsaslı tədris prinsipləri ilə ciddi ziddiyyət təşkil edir:
“Müasir tədris prosesində müəllimin əsas vəzifəsi sadəcə informasiya ötürmək deyil, hər bir şagirdin öyrənmə ehtiyaclarını nəzərə almaq, fərdi və yaradıcı bacarıqları üzə çıxarmaq, öyrənməyə maraq yaratmaq və davamlı müşahidə aparmaqdır. Lakin 40 nəfərlik sinifdə bu məqsədlərə çatmaq praktiki olaraq mümkünsüzdür.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 18.1-ci maddəsində göstərilir ki, “tədrisin təşkili zamanı təhsilalanların yaş xüsusiyyətləri, sağlamlığı və təhsilin keyfiyyəti nəzərə alınmaqla, tədris formaları və şagird sayı müəyyən edilir”. Bu müddəa göstərir ki, qanunvericilik səviyyəsində siniflərdə optimal say və tədris şəraiti nəzərə alınmalı, hər bir şagirdin təhsil hüququ təmin edilməlidir. Lakin real təcrübədə xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə bir çox məktəblərdə siniflərdə 35-40, bəzən isə daha artıq şagird yerləşdirilir. Bu isə qanunun ruhuna zidd olmaqla yanaşı, müəllimin pedaqoji imkanlarını da aşır”.
Müasir tədris tədqiqatlarından danışan ekspert qeyd edib ki, müəllimin şagirdə ayırdığı vaxt, verdiyi geribildirim və fərdi təlimat sinifdəki ümumi öyrənmə keyfiyyətini formalaşdıran əsas amillərdəndir:
“2019-cu ildə UNESCO tərəfindən yayımlanan hesabatda qeyd olunurdu ki, sinifdə şagird sayı 25-dən artıq olduqda müəllimlərin 73%-i fərdi izah və ya təlim vermək imkanlarının azaldığını bildiriblər. OECD ölkələri üzrə orta göstərici müəllimə 13-16 şagird arasında dəyişir. Finlandiyada bu rəqəm 13, Almaniyada 15, Kanadada isə 17-dir. Bu ölkələrdə sinif kontingenti təhsilin keyfiyyət göstəricilərindən biri hesab olunur və dövlət proqramları ilə tənzimlənir.
40 nəfərlik sinifdə müəllimin dərs zamanı hər bir şagirdə orta hesabla cəmi 1-1.5 dəqiqə vaxt ayırmaq imkanı olur. Bu müddət ərzində müəllim nə şagirdin bilik səviyyəsini yoxlaya, nə onun yazı vərdişlərini müşahidə edə, nə də şəxsiyyət kimi psixoloji ehtiyaclarını anlaya bilər. Üstəlik, şagirdlər arasında sosial bərabərsizlik, ünsiyyət problemi, diqqət çatışmazlığı və davranış pozuntularının da daha çox meydana çıxdığı müşahidə edilir. Əgər müəllim hər şagirdə fərdi yanaşma göstərə bilmirsə, tədris “kütləvi informasiya ötürülməsi” formasına düşür, nəticədə şagirdlərin yarısı passiv, bir hissəsi isə ümumiyyətlə sistemdən kənarda qalır”.
Bu vəziyyətin mənfi tərəfləri ilə yanaşı, bəzi müsbət tərəflərinə də toxunub. Məsələn, resursların çatışmazlığı şəraitində çoxsaylı şagirdin bir müəllim tərəfindən idarə olunması dövlət üçün qısa müddətli iqtisadi qənaət imkanı yaradır:
“Digər tərəfdən, bəzi müəllimlər çoxsaylı şagirdlə işləməyə vərdiş etdikləri üçün ümumi idarəetmə bacarıqları güclənə bilər. Lakin bu “uyğunlaşma” keyfiyyət deyil, məcburiyyətin nəticəsidir və pedaqoji ideal kimi təqdim oluna bilməz.
Dünya təcrübəsində bu problemin qarşısını almaq üçün müxtəlif strategiyalar tətbiq olunur. Yaponiyada müəllim köməkçiləri sistemi mövcuddur. Böyük siniflərdə müəllimlə yanaşı, ikinci təlimçi və ya psixopedoq da sinifdə olur. Estoniyada sinif kontingenti 20-ni keçərsə, sinif ya bölünür, ya da tədris qrup metoduna keçirilir. Türkiyədə məktəb normativlərinə əsasən ibtidai siniflərdə şagird sayı 30-u keçməməlidir. Bu ölkələrdə təhsil keyfiyyəti təkcə dərs saatı ilə deyil, sinifdəki pedaqoji yükün paylaşılması ilə ölçülür.
Azərbaycanın təhsil sistemində bu problemin həlli üçün ilk növbədə infrastruktur genişləndirilməli, məktəb binalarının sayı artırılmalı və xüsusilə iri şəhərlərdə məktəblər arasında yük bərabər şəkildə paylaşdırılmalıdır. Eyni zamanda, siniflərin yuxarı həddi qanunla dəqiq müəyyənləşdirilməli və bu normaya əməl olunmasına ciddi nəzarət edilməlidir. Dövlət proqramları vasitəsilə təhsil müəssisələrində əlavə müəllim köməkçilərinin cəlb edilməsi, fərdi öyrənməyə dəstək alətləri, rəqəmsal təhsil resursları və şagird-müəllim nisbətinə dair normativ çərçivələr yaradılmalıdır. Əgər bu addımlar atılmazsa, keyfiyyətli təhsil yalnız sənədlərdə qalacaq, sinif otaqlarında isə pedaqoji xaos hökm sürəcək.
Sonda qeyd etmək lazımdır ki, təhsil bir kütlə idarəetməsi deyil, fərd yetişdirmə prosesidir. Hər bir uşaq öz fərdi xüsusiyyətləri, ehtiyacları və inkişaf trayektoriyası ilə təhsilin mərkəzində durmalıdır. Müəllimə 40 şagirdin düşdüyü bir sistem bu prinsipi istər-istəməz tapdalayır və gələcək nəslin tənqidi düşüncə, yaradıcılıq, məsuliyyət və əmək bazarına hazır olma bacarıqlarını inkişaf etdirmək imkanını əlindən alır. Təhsil siyasəti bu problemi “normallaşdırmaq” yerinə, onu aradan qaldırmağa yönəlmiş köklü islahatlarla müşayiət olunmalıdır”.