"Son zəng" məktəb həyatının simvolik son nöqtəsidir
AzTehsil.com xəbər verir ki, Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, "Son zəng" tədbirlərinin keçirilmə forması ətrafında yaranan müzakirələr Azərbaycan təhsil sistemində sosial ədalət, hüquqi normativlər, məktəb mühitinin tərbiyəvi rolu və şagirdlərin emosional gözləntiləri arasında balansın qurulmasının nə qədər zəruri olduğunu bir daha ortaya qoyur. Təhsilalanlar üçün bu mərasim illərlə davam edən məktəb həyatının simvolik son nöqtəsidir. Lakin bu tədbirin həyata keçirilmə forması zamanla məqsədindən uzaqlaşaraq təhsilin mahiyyətinə uyğun olmayan kommersiyalaşmış və ayrıseçkilik doğuran bir formaya çevrilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun təqdim etdiyi təlimat bu səbəbləri nəzərə alaraq, yeni tənzimləmə ilə bu prosesi yenidən formalaşdırmağı hədəfləyir:"Azərbaycan Respublikasında Təhsil haqqında" Qanunun 4-cü maddəsində göstərilir ki, təhsil sistemi bərabərlik və sosial ədalət prinsipləri əsasında qurulmalı, bütün təhsilalanlara bərabər imkanlar yaradılmalıdır. Bu prinsipə zidd olaraq son illərdə "Son zəng" tədbirləri bəzi hallarda maliyyə imkanlarının nümayişi yarışına çevrilib. Müğənnilərin dəvət edilməsi, bahalı geyim və aksesuarlar, restoran şənlikləri, video və fotosessiyalar – bütün bunlar valideynlər üçün ciddi maliyyə yükü yaradır, sosial-iqtisadi cəhətdən zəif ailələrin övladlarını isə bu kollektiv prosesdən kənarda qalmaq təhlükəsi ilə üz-üzə qoyur. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatlarına əsasən, ölkədə orta aylıq əməkhaqqı 940 manat olduğu halda, bəzi məktəblərdə valideynlərdən "Son zəng" üçün 300-500 manat yığılması halları qeydə alınıb.
-Bu isə əməkhaqqının təxminən yarısının bir günlük tədbirə yönəldilməsi deməkdir ki, bu da sosial ədalət prinsiplərinin pozulması ilə nəticələnir. Agentlik tərəfindən təqdim edilən yeni təlimatda əsas diqqət məktəbdaxili, sadə, lakin mənalı formatda təşkil olunan tədbirlərə yönəldilib. Burada şagirdlərin kiçikhəcmli çıxışları, müəllimlərə təşəkkür nitqləri, yaradıcı və musiqili təqdimatlar əsas götürülür. Bu model, ilk növbədə, tədbirin təhsil müəssisəsinin nəzarətində təhlükəsiz şəkildə keçirilməsini təmin edir, eyni zamanda iştirakçıların bərabər imkanlara sahib olmasını dəstəkləyir. Müsbət tərəfi odur ki, bu yanaşma şagirdlərin psixoloji və sosial ehtiyaclarını nəzərə almaqla bərabər, onları israfçılıqdan və öz aralarında süni status fərqləri yaratmaqdan uzaqlaşdırır. Digər tərəfdən, bəzi şagirdlər və hətta valideynlər bu sadələşdirilmiş formata qarşı emosional narazılıqlarını bildirirlər. Onlar üçün "Son zəng" həm də estetik, nümayişkaranə və yadda qalan mərasim idi. Bu narazılıq mahiyyətcə tədbirin təşkilinə deyil, dəyişən gözləntilərə qarşı müqavimət kimi dəyərləndirilməlidir. Sosial şəbəkələrdəki bəzi reaksiyalar göstərir ki, tədbirin vizual cazibəsinin azalması onun "yadda qalma dəyərini" aşağı salır. Amma burada əsas məsələ odur ki, biz təhsili nə ilə yadda saxlamaq istəyirik: təmtəraqla, yoxsa dəyərlə?”.Ekspert bildirib ki, Finlandiyada məktəb illərinin sonu "Kevätjuhla" adlı tədbirlə qeyd olunur. Bu mərasimdə şagirdlərin çıxışları, müəllimlərə təşəkkür, kollektivi əks etdirən təqdimatlar və məktəb rəhbərliyinin çıxışları olur. Tədbir məktəbin akt zalında və ya həyətində keçirilməklə, istər imkanı olan, istərsə də məhdud ailələrin uşaqlarına bərabər şərait yaradır. Eyni yanaşma Estoniyada və Norveçdə də tətbiq edilir: tədbirlər təhsilin mənəvi yükünü əks etdirir, şounu deyil. Bu ölkələrdə məktəb bitirmək təmtəraqlı vidalaşma yox, şəxsi inkişaf üçün yeni başlanğıc kimi təqdim olunur. Azərbaycan üçün bu dəyişiklik zəruridir. Əgər "Son zəng" tədbiri şagirdlər arasında sosial fərqləri dərinləşdirir, pedaqoji məzmundan uzaqlaşdırır və məktəbdənkənar təhlükəli mühitlərə yol açırsa, bu prosesin təkmilləşdirilməsi vacibdir. Yeni təlimatın tətbiqi ilə dəyişəcək əsas nüans – tədbirin mərkəzində təmtəraq yox, mənəvi dəyər dayanacaq. Şagirdin çıxışı, müəllimə təşəkkürü, kollektivin birgə hazırladığı təqdimat və emosional paylaşım – bunlar tədbiri yadda qalan edir. Təmtəraq isə yalnız bir gün, bəzən də bir saatlıq təəssürat yaradır:“Amma dəyişməsi vacib olan digər məqam budur: bu qərar inzibati yox, izahlı və maarifləndirici yanaşma ilə müşayiət olunmalıdır. Məktəblər, valideynlər və şagirdlər bu təlimatın arxasındakı səbəbləri başa düşməli, özlərini bu prosesi birgə formalaşdıran tərəf kimi hiss etməlidirlər. Əgər tədbirin məzmununun formalaşdırılmasında şagirdlərin iştirakı təmin olunarsa, onların narazılığı azalacaq. Burada müəllimlərin rolu da vacibdir – onlar tədbiri motivasiya, birlik və kollektiv yaddaş kimi təşkil etməlidirlər. Son nəticədə, bizə lazım olan bahalı tədbir yox, ömür boyu xatırlanacaq mənalı ayrılışdır. "Son zəng" bir mərasim deyil, bir mədəniyyət göstəricisidir. Bu mədəniyyət ya təmtəraqla, ya da dəyərlə formalaşacaq. Biz seçimin qarşısındayıq və bu seçim təhsilin gələcəyini müəyyən edir".