349 şagird beynəlxalq qiymətləndirmədə iştirak edəcək
PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq tədqiqatının əsas mərhələsinin keçirilməsinə start verilib.
AzTehsil.com xəbər verir ki, 19-23 may 2025-ci il tarixlərində Quba rayonu fizika, riyaziyyat, informatika təmayüllü lisey və region üzrə 13 ümumi təhsil müəssisəsinin ümumilikdə 349 şagirdinin bu beynəlxalq qiymətləndirmədə iştirakı nəzərdə tutulmuşdur.
19 may 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində Xaçmaz rayonu üzrə 3 ümumtəhsil məktəbinin 66 şagirdi arasında PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi həyata keçirilmişdir.
Digər ümumi təhsil müəssisələri üzrə qiymətləndirmə növbəti günlərdə mərhələli şəkildə davam etdiriləcəkdir.
Qeyd edək ki, PISA — İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, həmçinin bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən proqramdır.