Nadir İsrafilov: Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?
“Bütün peşələrdən ən çox diqqətə ehtiyacı olan peşə sahibi müəllimdir”-Nadir İsrafilov
Bəlkə, kiçik bir hədiyyə ilə kimsə müəllimə öz ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə, ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər, kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?
Bu kimi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda, nə üçün ən çox qınağa tuş gələn məhz, məktəb və müəllim olmalıdır? Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bəlkə də, “Müəllim günü”nün təsis edilməsinin başlıca məqsədlərindən biri elə, cəmiyyəti, geniş ictimaiyyəti müəllimə olan diqqət və ehtirama dəvət etmək olub?
Bir qayda olaraq, hər il “Müəllim günü” və digər əlamətdar bayramlar ərəfəsində və hələ bundan bir müddət sonra da məktəblərdə uşaqlardan müxtəlif adlarla pul yığılması, hədiyyələr alınması barədə fikirlər səsləndirilməsi, iddialar irəli sürülməsi artıq bir növ, ənənəyə çevrilib. Sanki bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Halbuki, hədiyyə etməklə, hədiyyə üçün pul yığmaq tam fərqli anlayışlardır və ikincinin qarşısı hər vəchlə alınmalıdır.
Bununla belə, kimlərsə bu kimi halları “əgər müəllimlər normal maaş alsa, heç vaxt özünü alçaldıb cəmiyyət, şagirdlər qarşısında gözükölgəli eləməz”, “pul yığılmasının əsas səbəbi müəllimlərin maaşının az olması ilə bağlıdır” və s. bu kimi arqumentlərlə əsaslandırırlar. Digərləri isə hesab edirlər ki, nə qədər ki, cəzasızlıq hökm sürür, o zamana qədər də bu cür hallar olacaq, ona görə də pul yığımı aşkarlanan məktəblərdə bu problemi beşikdə boğmaq lazımdır. Digər səbəblərə gəlincə, “valideynlərin öz təşəbbüsü ilə bu addımın atılması”, “bu işə məktəb direktorlarının rəvac verməsi” qənaətində olanlar da. bu işdə zəmanəni, mühiti günahlandıranlar da. Təəssüf ki, əksər hallarda valideyn və ya şagirdin müəllimə öz hörmət və rəğbətini hər hansı bir kiçik hədiyyə ilə ifadə etməsi faktı ifrat dərəcədə qabardılaraq rüşvət və hətta korrupsiya səviyyəsində cəmiyyətə təqdim olunur. Halbuki hər hansı bir formada təmənnasız minnətdarlığı rüşvət və korrupsiya ilə eyniləşdirmək son dərəcə təhlükəli tendensiyadır.
Sovet dönəmində də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib. Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir, müəllim nüfuzu alçaldılır. Sadəcə olaraq hər kəs bilməlidir ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir.
Müəllimin üstünə bu dərəcədə getmək olmaz. Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Müəllimi rəsmi qaydada tənbeh etmək, cəzalandırmaq, işdən kənarlaşdırmaq olar, ancaq ictimailəşdirib qınaq obyektinə çevirmək olmaz. Bir para müəllim fərdinin əməlinin bütövlükdə müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi yolverilməzdir. Buna görə də müəllim şəxsiyyətinə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var – bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin.
Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hüçümlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi” qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə hec şəxsiyyətimizə də baş ucalığı gətirmir.
Müəllimini təbrik etmək istəyən şagirdə hədiyyəyə baxıb, ucuz olduğunu gördükdən sonra bütün uşaqlar qarşısında “Apar bunu anana ver” deyən bu kimi müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq isə, hər kəsin vətəndaşlıq borcudur. Təəsüf ki, bu kimi hallar da istisnalıq təşkil etmir. Bir də ki, hər müəllimlik diplomuna sahib olan kəs müəllim deyil axı… İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün çağırışlara son qoyulmalı, məktəb-müəllm-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir.