Vitaminlərin orqanizmdə rolu
İnsan orqanizminin normal fəaliyyəti üçün orqanizmə daim müxtəlif maddələr daxil olmalıdır - zülallar, yağlar, karbohidratlar, müxtəlif makro- və mikroelementlər, vitaminlər və s.
Vitaminlərin orqanizmdə rolu çox böyükdür, onlar müxtəlif proseslərdə aktiv iştirak edir. Orqanizmin vitaminlərə olan gündəlik tələbatı çox da böyük deyil. Lakin hətta hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər. Vitaminlərin orqanizmə daxil olması pozulduqda hipovitaminoz, vitaminlərin daxil olması tam kəsildikdə isə avitaminoz inkişaf edir. Hər ikisi insanın sağlamlığı üçün ziyanlıdır.
Orqanizm vitaminlərin əksəriyyətini sintez edə bilmir və bu o deməkdir ki, vitaminlər orqanizmə daim xaricdən daxil olmalıdır. İnsan sağlamdırsa və tamdəyərli qidalanırsa, bu insanın vitaminlərlə tam təmin olması üçün kifayət edir.
Lakin bəzi xəstəliklər zamanı (mədə-bağırsaq sistemi xəstəlikləri, mübadilə proseslərin pozulmaları və s.), xəstəlikdən sonra bərpa dövründə, uşaqlarda aktiv inkişaf dövrlərində, hamiləlik zamanı və s. vitaminlərin orqanizmə daxil olması kifayət etməyə bilər. Bu halda həkim vitamin-mineral komplekslərin birini təyin edə bilər. Belə kompleksləri yalnız həkimin məsləhəti ilə qəbul etmək olar. Məsələ burasındadır ki, artıq miqdarlarda orqanizmə daxil olan vitaminlər (buna "hipervitaminoz" deyilir) orqanizmə ziyan gətirə bilər.
Elmdə 20-yə yaxın vitamin tanınır. Bu vitaminlərin orqanizmdə funksiyası öyrənilib. Vitaminlərin bir hissəsi suda, digərləri ilə yağda həll olunur. Suda həll olunan vitaminlər bunlardır - B qrupu, C, H, PP. Yağda həll olunan vitaminlər isə bunladır - A, D, F, E, K. Bunu bilmək çox vacibdir. Bunu bilən insan vitaminlərin normal mənimsənilməsini təmin edə bilər. Belə misal gətirmək olar. Bildiyimiz kimi, bir çox sarı, qırmızı, yaşıl tərəvəzlərdə A vitamini var. Bu vitaminin normal mənimsənilməsi üçün yağ lazımdır. Məsələn, tərəvəz salatlarına mütləq bitki yağı əlavə etmək, tərəvəzdən qidaları hazırladıqda yağ əlavə etmək lazımdır.
Suda həll olunan vitaminlər orqanizmdən tez xaric olunur və burada yığılmır. Bu səbəbdən bu vitaminlər orqanizmə hətta lazım olandan artıq miqdarlarda daxil olduqda bu əksər hallarda hipervitaminozun inkişafına səbəb olmur.
Yağda həll olunan vitaminlər isə orqanizmdən daha gec xaric olunur və artıq miqdarlarda daxil olduqda orqanizmdə (xüsusilə qara ciyərdə və piy toxumasında) yığılır. Bu isə sağlamlıq üçün təhlükəli sayılır.
Belə ki, hamilə qadının orqanizminə A vitamini artıq miqdarlarda daxil olduqda, bu döldə müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. Lakin onu da bilmək lazımdır ki, normal adi qidalanma hipervitaminozun inkişafına səbəb olmur. Hipervitaminoz vitamin-mineral komplekslənin nəzarətsiz olaraq qəbulunun nəticəsində inkişaf edə bilər.