Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu
Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiyyətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası münasibətlər məsələsi də müasir pedaqogika və psixologiyanın aktual problemlərindən birinə çevrilib.
Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir.
V. A. Suxomlinski qeyd edirdi ki, uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir. Odur ki, ailədə tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anlamaqdır. Bu anlama və münasibət ailənin gələcək planlarını qurmaqda vacibdir.
Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailədəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir.
“Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalaşmasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır”.
Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizləməsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır düzələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.
Pedaqoji ədəbiyyatlarda ailədə düzgün aparılmayan tərbiyənin əsas tipləri sırasında yer alan hiperqəyyumluğun bir növü olan “pərəstiş” tipinə uyğun xarakteristika belə izah edilir: “Pərəstiş növdə uşaq daim diqqət mərkəzində olmağa adət edir, onun bütün arzu və tələbləri qeyd şərtsiz yerinə yetirilir, onu daim tərifləyirlər. Belə bir münasibətə görə, o, böyüyəndə öz imkanlarını düzgün qiymətləndirə, eqosentrizmini dəf edə bilmir, kollektiv isə onu başa düşmür. Bu hisslər ona pis təsir edir, nəticədə o, hamını təqsirləndirir, öz səhvləri barədə qətiyyən düşünmür və bu səhvlər onda ömür boyu xoşagəlməz hiss, həyəcan gətirən xarakter formalaşdırır”.
Bəli, ailədə uşaqların düzgün tərbiyəsi həm ailə üçün, həm də cəmiyyət üçün əhəmiyyətlidir. Görkəmli pedaqoq A. S. Makarenko deyirdi ki, düzgün tərbiyə bizim xoşbəxt gələcəyimizdir, pis tərbiyə bizim gələcək göz yaşlarımız, əzabımızdır.
1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasının əsas ideyası uşaq şəxsiyyətidir. Konvensiyanın mühüm prinsipi uşaqlara hörmət etmək, onların hüquqlarının qorunmasıdır. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq dünyanın hər yerində öz hüquqlarından istifadə etməlidirlər.
Bu hüquqların qorunması ilk növbədə ailədən başlayır. Ailə uşaqların mənəvi, əxlaq tərbiyəsinə böyüк təsir göstərir, оnda vətənpərvərliк hissi, Vətənə sеvgi, əməyə məhəbbət tərbiyə еtməкlə, dоstluq, yоldaşlıq, böyüкlərə hörmət, dоğruçuluq, sadəlik və təvazöкarlıq, qənaətçilliк, intizamlılıq və s. кimi müsbət insani кеyfiyyətlər fоrmalaşdırır.
Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır. Doğrudan da, ailədə ata-ana əsas sima olduqları üçün onların arasında yaranmış münasibət uşaqların bu günü və gələcəyi üçün istiqamətləndiricidir. Xüsusən də, Azərbaycan ailəsində bu münasibətlər daha çox diqqəti cəlb edir. Özünəməxsus spesifik çalarları ilə xarakterizə olunan Azərbaycan ailəsi kökə, nəslə, uşağa bağlı olduğu üçün həmişə bütövlüyündə, ülviliyində seçimli olub. Ər və arvad arasındakı münasibətin məzmununu qarşılıqlı hörmət və qayğı, səmimiyyət və mehribanlıq təşkil edir. Odur ki, bir-birinin nüfuzunu saxlamaq, uşaqların tərbiyəsində vahid tələbləri gözləmək ailədaxili münasibətlərdə əsas faktordur. İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Pedaqoji və psixoloji tədqiqatlardan aydın olub ki, uşağın sağlam psixoloji inkişafa malik olması üçün onun ana ilə ünsiyyəti (emosional ünsiyyət), xüsusən də, ilk üç ildə əhəmiyyət kəsb edir. Uşağın psixoloji ehtiyacını sevgi, məhəbbət, qayğı, ülvi hisslərin məcmusu kimi qiymətləndirmək mümkündür. Bu dövrlərdə əmək və oyun fəaliyyətinin inkişafı da uşaqların psixikasına müsbət təsir göstərir.
Ailədə uşaqların mənəvi-psixoloji inkişafının əsas göstəricilərindən biri də onların idrak fəallığının inkişafıdır ki, bu da zamanının tələbidir. Artan informasiyalar, siyasi və sosial-iqtisadi həyatdakı irəliləyişlər uşaqların istedad və zehni qabiliyyətlərinin genişlənməsi məqsədini qarşıya qoyur.
Zehni, intellektual inkişaf psixoloji prosesdir. Bu prosesin anadangəlmə və irsiyyətlə bağlılığı fikri ilə yanaşı alimlər qeyd edirlər ki, sağlam psixoloji mühit və şəraitin yaradılması da aparıcı şərtlərdən sayılır. Bu mənada müasir dövrdə valideynlərin pedaqoji savadı və mədəniyyətinin yüksəldilməsi vacibdir.
Xüsusilə də, anaların savadlı olması övlad tərbiyəsində, ailədaxili münasibətlərin düzgün qurulmasında zəruridir. Ailədaxili münasibətlər, ailənin psixoloji iqlimi, “ər-arvad”, “valideyn-uşaq” və “uşaq-uşaq” münasibətləri ailə tərbiyəsinin əsaslarıdır. Çünki ailədaxili və onun ətrafdakı psixoloji iqlim şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir və şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sahəsini təşkil edir.
Ailə tərbiyəsinin əsas prinsiplərindən biri uşaqlara hörmət və tələbkarlıqdır. Uşaqlara hər yaşda, hər cür şəraitdə hörmət edilməlidr. Onların şəxsiyyət və ləyaqətləri tapdanmamalıdır. Uşaqları ələ salmaq, təhqir etmək, pərt etmək, gülünc vəziyyətə salmaq, aldatmaq, onlara qarşı kobudluq etmək, psixi və fiziki zorakılıq etmək, başqalarından üzr istəməyə məcbur etmək qətiyyən yol verilməzdir.
Ailədə uşaqlar məhəbbətlə idarə edilməlidir. Belə olduqda uşaqlar da valdeynlərinin getdikləri yolla gedir və çox nadir hallarda bir-biri ilə kobud danışırlar. “Daim əmr şəklində tapşırıqların verildiyi, tez-tez kəskin iradlar eşidildiyi və sərt cəzaların yerinə yetirildiyi bir çox ailələrdə tərbiyə işi düzgün qurulmur. Kobud sözlər uşaqların xarakterini sərtləşdirir və ürəklərini yaralayır, çox vaxt bu yaraları sağaltmaq çətin olur. Ən kiçik səhvlərə görə uşağın ciddi şəkildə cəzalandırılması ilə müşayiət olunan sərt tərbiyə uşağı daim qorxu içərisində saxlayır”.
Uşaqlar ən kiçik ədalətsizliyi belə hiss edirlər və bu hal bəzilərini o dərəcədə bədbinliyə gətirib çıxarır ki, artıq onlara əmr edən yüksək, əsəbi səsə fikir vermirlər və cəzalanmaqdan qorxmurlar. Uşaqları əhəmiyyətsiz xətalara görə həddindən artıq sərt tənqid etmək çox təhlükəlidir. Həddindən artıq ağır tənqid və sərt qaydalar bütün qayda-qanunlara hörmətsiz yanaşmağa gətirib çıxarır və bu cür şəraitdə tərbiyə olunmuş uşaqlar çox tezliklə hər cür qanunlara hörmətsizlik göstərəcəklər. Valideynlər yalnız əxlaqlı həyat sürməklə və təmkin göstərməklə övladlarına hörmətlə yanaşdıqda düzgün xarakter formalaşdıra bilərlər.
Əgər ana uşağına ehtiramla yanaşır, onu əzizləyirsə, ona qarşı kəskin sözlərdən və hərəkətlərdən çəkinirsə, bu zaman uşaq valideynlərinin kiçik iradından təsirlənib, öz səhvini etiraf edəcək və özünü yaxşı aparmağa çalışacaqdır.
Göründüyü kimi, sadalanan bu fikirlərin təməlində valideyn sevgisi və valideynlərin şəxsiyyətlərarası münasibətlərinin necə təşkili məsələləri dayanır. Bu mənada tərbiyə prosesində valideynlər arasında fikir ayrılığı olmamalı, bir-birini təkzib etməməlidirlər. Ata və ana heç vaxt uşaqların yanında mübahisə etməməli, bir-birinin plan və fikirlərinə tənqidi yanaşmamalıdır. Əgər valideynlər fikir birliyinə gələ bilmirlərsə, onda öz məsələlərini uşaqların yanında müzakirə etməməlidirlər.
Lalə Allahverdiyev Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedras dosenti, pedaqogika üzrə fəlsəfə doktoru