700 bal toplamaq, ingilis dili bilmək əsas deyil, biz şəxsiyyət yetişdirməliyik.
“Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var.
Biz hər zaman problemlər haqqında ya emosional, ya da strukturlaşmış təhlil yönümündən danışa bilərik”. Bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, istənilən təhsilin keyfiyyətinin yaxşı göstəricisi həmin təhsil sisteminin beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda görünən şagird nailiyyətləridir. Nazir qeyd edib ki, birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəlilik çox aşağıdır: “İkincisi, ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü, məktəbdaxili mühitdə məzmun problemimiz var”.
Onun sözlərinə görə, dünyada aparılan qiymətləndirilmələrdə istifadə olunan suallarla vacib hesab edilən və uşağa əlaçı dediyimiz suallar arasında çox ciddi fərq var: “Ona görə də bizim şagirdlərimiz həmin qiymətləndirmədə iştirak edəndə aşağı nəticə göstərirlər. Çünki onlar belə sualları heç vaxt görməyiblər. Mahiyyət etibarilə həmin boşluqları bilib görürük deyə, sadəcə zaman lazımdır ki, nailiyyətlər bir günə olmayacaq. Bu gün məktəbəqədər hazırlığa gedən uşaqlar müəyyən müddətdən sonra beynəlxalq qiymətləndirmədə lazım olan nəticəni göstərə biləcək. Tez nəticə görmək mümkün deyil. Əsaslı şəkildə görürük ki, təhsilin keyfiyyəti ilə bağlı daha çox işlər görməliyik. Eyni zamanda, son illərdə Azərbaycanda təhsilin keyfiyyəti aşağı düşüb deyə arqumenti dəstəkləyən heç bir sübut yoxdur. Əksinə ölkədə son illər təhsilin keyfiyyətinin müsbətə doğru dəyişməsi ilə bağlı beynəlxalq qiymətləndirmələrin nəticələri var”.
Ölkədə orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlərin olması uzun illərdir diqqət mərkəzindədir. Bu gün təhsilin aşağ səviyyədə olmasının bariz nümunəsi kimi repetitorluğun baş alıb getməsi göstərilir. Elə bu gün də dərs yükünün ağır olması valideynlərin ən çox narazlığına səbəb olan amillərdəndir. Hazırda məktəbdə istədiyi təhsili alan bilməyən şagird dərsdən sonra 3-4 müəllim yanına hazırlığa gedir. Bu repetitorluq prosesi isə əvvəllər yuxarı siniflərdə başlayırdısa, artıq elə 1-ci sinifdən başlayır.
Nəticədə uşaq hazırlığı üçün evə tələsən “müəllimlər ordusu”, vaxtını bir repetitor yanından çıxıb, digərinə yetişməyə çalışan “şagirdlər ordusu” yaranır. Təhsilin keyfiyyəti ilə bağlı mövcud problemi doğuran amillər nədir?
Təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, təhsilin keyfiyyəti uzun illərdir müzakirə olunur:
“Biz təhsilin keyfiyyətinə adətən neçə məzun yüksək bal toplayıb, neçə məzun ali məktəbə daxil olması kimi baxırıq. Bəzən elə il olur ki, ali məktəbə qəbul imtahanında 700 bal toplayan olmur. Elə il olur ki, 15-20 nəfər abituriyent yüksək bal toplayır. Həmin il 700 bal toplayan olmazsa, ola bilər ki, pandemiya, qəbul qaydalarında dəyişikliklər, yeni modelin tətbiqi və digər səbəblər olub, o zaman biz dərhal təhsilin keyfiyyətinin aşağı düşdüyünü deyirik. Yəni təhsilin keyfiyyəti 1-2 ildə nə aşağı düşə, nə də yüksələ bilər. Ona görə də təhsilin keyfiyyətini yalnız ali məktəbə tələbə hazırlığı ilə qiymətləndirmək düzgün deyil. BMT-nin təhsilin keyfiyyəti haqqında tərifi var. Bizim kuriklumlar da ənənəvi tədris proqramlarından onunla fərqlənir ki, ənənəvi təhsil bilikyönümlü idi, kuriklumlar şəxsiyyətyönümlüdür. Yəni istər ümumtəhsil məktəbi nizamnaməsi, istər “Təhsil haqqında”Qanuna, istərsə də təhsilə dair digər normativ hüquqi sənədlərə görə, təhsilin vəzifəsi ahəngdar, hərtərəfli, inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Bizim 44 günlük müharibəmiz bir daha göstərdi ki, qələbənin əldə edilməsində də 700 bal toplamaq, ingilis dili bilmək əsas deyil, biz şəxsiyyət yetişdirməliyik. Ancaq biz hər zaman təhsilə belə yanaşırıq ki, filan məktəbin 5 məzunu 500-600 bal toplayıbsa, ona yüksək qiymət verir, rəhbərini təltif edirik, ancaq hansı məktəb 5 şəhid veribsə, onun adını çəkmirik. Ona görə də dəfələrlə deyilib ki, təhsilin kurikluma müvafiq olaraq qiymətləndirmə mexanizmi təkmilləşdirilməlidir. Təhsilin keyfiyyətinə yalnız neçə nəfərin ali məktəbə daxil olması kimi baxmamalıyıq. Bizim strategiyada da əsas vəzifə səriştəyə əsaslanan təhsil olmalıdır. Hansısa əzbərçilik, testlə gedib bal toplamaq təhsilin keyfiyyəti demək deyil. Azərbaycan dövlətçiliyinin keşiyində duran, vətənə, dövlətə sadiq olan vətəndaşlar yetişdirməliyik”.
Ekspertin sözlərinə görə, təhsillə bağlı heç bir normativ sənəddə göstərilməyib ki, orta ümumtəhsil məktəbinin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır: “Orta məktəb hərtərəfli şəxsiyyət yetişdirməlidir. Bizim mentaliletimizdə var ki, ali təhsil əsasdır, “qızlar üçün diplom cehizdir”. Ona görə əslində qeyri-pedoqoji fəaliyyət sahəsi olan “kölgə təhsili”, repetitorluq baş alıb gedir, məktəb mühiti dağılır. Çünki hamı qarşısına ali məktəbə daxil olmağı məqsəd qoyub. Almaniya kimi ölkədə texniki peşə məktəblərinin sayı ali məktəblərin sayından çoxdur. Ona görə də nazir bu məsələni gündəmə gətirməklə yeni yanaşmalar tətbiq etməlidir. Biz təhsilə baxış tərzimizi dəyişməliyik”.
Ekspert bildirib ki, hazırda repetitorluqla bağlı bir sıra məsələlər var: “Bu gün repetitorluq, hazırlıq kursları baş alıb gedir. Biz repetitorluğu qanunla ləğv edə bilmərik. Çünki hansısa vətəndaşı məcbur edə bilmərik ki, uşağını repetitor yanına, kursa göndərməsin. Ancaq bu, tədris prosesi, uşağın məktəbdən yayınması hesabına olmamalıdır. Uşaq tədris proqramını bilməlidir, dərsdən sonra hara istəsə gedə bilər”.
N. İsrafilov qeyd edib ki, ən başlıcası bizdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi meyarları işlənilməli, yenidən baxılmalıdır: “Biz bu gün qiymətləndirməni ancaq biliyə görə ölçürük, çünki biliyin ölçüyə gələn meyarları var. Ancaq şəxsiyyətyönümlülüyün meyarları yoxdur, ona görə də bu meyarlar hazırlanmalıdır, biz bilək ki, bu məktəb şəxsiyyətyönümlü vətəndaş hazırladı. Hesab edirəm ki, təhsilin keyfiyyətinin artırılması, yüksəldilməsi meyarları hazırlanmalı və bununla bağlı ayrıca konsepsiyamız olmalıdır. Bu gün keyfiyyəti ali məktəbə qəbulla ölçməyimiz onu göstərir ki, sanki sovet dövründə olduğu kimi sosializm yarışına qoşulmuşuq, bal uğrunda mübarizə aparırıq. Məktəb təlim-tərbiyə ocağıdır. Hazırda bunlar yaddan çıxıb. Ona görə də məktəblərdə istər müəllimlər, istərsə də şagirdlər arasında belə xoçagəlməz, neqativ hallar baş verir. Təlib-tərbiyə prosesinə vahid, kompkes şəklində yanaşılmalıdır. Qiymətləndirmədə təhsilin keyfiyyəti, həm təlim, həm də tərbiyə üzrə götürülməlidir. Qiymətləndirmə müxanizmləri üzərində işləməliyik. Pedoqoji elm sahəsində təhsilin keyfiyyəti sosial sifarişdir”.