AzTehsil.com


Xəbərlər
26 aprel 2017
2 954


Növbəti dilemma qarşısında qalmışıq...



Növbəti  dilemma qarşısında qalmışıq...

 

 

Qəbul qaydalarının tez-tez dəyişdirilməsi və getdikcə qəlizləşdirilməsi fonunda təhsil xidmətlərinin pullu  olması ilə bağlı son rəsmi açıqlamalar qısa bir aradan sonra yenidən  müzakirə və mübahisə predmetinə çevrilib. Narahatçılığa və narazılıqlara səbəb isə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsinin pullu olacağı barədə DİM sədrinin xəbərdarlığıdır: "Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”. 
 
Məsələyə yanaşma özünü  çox da gözlətməyib və müxtəlif reaksiyalara səbəb olub. Münasibət kimi nəticədə insanların xeyli qisminin  maddi vəziyyəti ilə əlaqədar informasiya almaqdan kənarda qalacağını, informasiya almaqdan kənarda qalmağın isə fəaliyyətdən, cəmiyyətdən kənarda qalmaq olduğunu deyənlər də var, belə bir halın "Məlumat azadlığı haqqında”, "İnformasiya əldə etmək haqqında” qanunların tələbinə zidd olduğunu xatırladanlar da, bunun "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın vəzifələri ilə uzlaşmadığını israr edənlər də, təhsil əlçatan olmalıdır, amma qiymətlərin qalxması onları bu hüquqdan məhrum edir fikrində olanlar da ... 
 
Tanınmış təhsil eksperti Nadir İsrafilov məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb.
"Bu kimi məsələlər, heç də və həmişə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və bunu da təbii qəbul etmək və cəmiyyət üzvlərinin təhsilimizin mövcud problemlərinə həssaslığının və bu sahədə fəallığının göstəricisi kimi qəbul etmək və dəyərləndirmək lazımdır. Qəbul qaydalarının tez-tez dəyişdirilməsinin və ifrat dərəcədə qəlizləşdirilməsinin mən də əleyhinəyəm
 
Təhsilin  hamı üçün əlçatan olması kursunu götürdüyümüz bir şəraitdə ödənişlərin də əlçatan olmasının təmin edilməsinə dəfələrlə müsahibə və mətbuata açıqlamalarımda münasibət bildirmişəm. 
Təhsillə bağlı orta statistik məlumatı olanlar bilməmiş  deyillər ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. 
 
Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapıb, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsinin nəzərə alınması istiqamətində müəyyən işlər aparılır.
 
"İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir. Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni  dərəcədə əlçatan olmalıdır. Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır.
 
Bununla belə Dövlət İmtahan Mərkəzinin vəziyyətini və mövqeyini də başa düşməmək  və nəzərə almamaq ədalətsizlik olardı. Ölkə başçısı tərəfindən 2016-cı ilin 11 aprelində təsdiqlənmiş  "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi  Nizamnaməsi”nə əsasən, DİM publik hüquqi şəxsdir. Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər... və digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına maliyyələşə bilər. DİM sədri də etiraf edib ki, bizə hələ çox pul, kütləvi işləri həyata keçirmək üçün daha çox vəsait lazımdır. 
 
Belə görünür ki, dilemma qarşısında qalmışıq. Vəziyyətdən iki çıxış yolu görürəm. Ya əlavə məsrəflərə yol verməmək  baxımından qəbul imtahanlarının forma və məzmununu dəyişərək sadələşdirilməlidir, ya da məsələyə lazımi vəsait cəlb edilməsi imkanlarını nəzərdən keçirmək üçün dövlət səviyyəsində müdaxilə edilməlidir. DIM Publik hüquqi şəxs olsa belə hər halda dövlət qurumudur. Professor Şahlar Əsgərovun təbirincə desək gənclərin təhsil alma prosesi ilə bağlı olaraq dövlət hər bir gəncə təhsil alması üçün maksimum şərait yaratmalıdır. İndi təhsillə bağlı hər hansı bir qulluğun pullu olması təhsil almaq üçün əlverişli maksimum şəraiti minimuma endirir. Hər cür şəraitsizlik yaradılırsa, bu dövlətin ümumi inkişafına mənfi təsir edə bilər.”



Загрузка...