Məleykə Abbaszadə: “Növbəti il üçün buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır”
“Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.
M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur: “Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirlər olmasa çalışacağıq ki, bu il də belə bir imkan yaradaq”.