COVID-19 infeksiyasının yayılması əhalinin bütün təbəqələrinə müxtəlif şəkildə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stress və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür.
Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatlıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər.
Bu sözləri Səhiyyə Nazirliyinin Təcili Psixoloji Xidmət şöbəsinin rəhbəri Günel Əliyeva "Stressin qarşısını effektiv şəkildə necə almalı?” sualını cavablandırarkən deyib.
O bildirib ki, belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər:
"Stress - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı qoruyucu reaksiyasıdır. Stressin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır.
Öz növbəsində, mənfi stress (distress) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər. İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stressə davamlılığımız çox şeyə qadirdir, müəyyən stressə və dəyişikliklərə uyğunlaşa bilir.
Lakin bəzən olur ki, insan distressin öhdəsindən gələ bilmir və bu da, öz növbəsində, onun gündəlik həyatına mənfi təsir göstərir. Distress fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər.
Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb gətirib çıxara bilir. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm”.
Həkim-psixiatrın sözlərinə görə, stressə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur və bütün bu amillər distressin azalmasına və psixi vəziyyətin yaxşılaşmasına təsir edir.
"Yaxın adama stress zamanı necə kömək etmək olar?” sualını cavablandıran Günel Əliyeva bildirib ki, ilk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır.
"Həmçinin, insanın stresslə müstəqil mübarizə aparma üsulları da mövcuddur. Əslində, stressin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə, özünüzü səfərbər edib, müxtəlif yollarla stress müqavimətinizin səviyyəsini artırmalısınız.
Bunun ən effektiv üsulları bunlardır: fiziki (gündə səkkiz saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa), mental (müsbət düşüncənin və nikbinliyin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq) və emosional (sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalarına çətin vəziyyətdə yardım etmək).
Xalqımıza dəyişən mühitin şərtlərinə asanlıqla uyğunlaşıb, bütün çətinliklərin öhdəsindən gəlmək üçün mental, emosional və fiziki sağlamlıq arzulayıram”.
Oxu.Az