Azərbaycanda mart ayının 24-dən etibarən tətbiq edilən xüsusi karantin rejiminin 37-ci günüdür.
Modern.az saytı bu müddətdə #evdeqal çağırışına riayət edən, karantin rejiminin tələblərini yerinə yetirən insanlar üçün psixoloq məsləhətini davam etdirir. Budəfəki müsahibimiz Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovdur. Onunla müsahibəni təqdim edirik:
- Elnur müəllim, karantin elan ediləndən sonra psixoloji şikayətlərlə bağlı Sizə müraciət edənlərin sayı artıb, yoxsa azalıb?
- Bu müddət ərzində mənə, eyni zamanda rəhbərlik etdiyim Psixologiya Elmi Tədqiqat İnstitutuna müraciət edən insanların sayı artıb. Şübhəsiz ki, biz də çalışırıq insanların müraciətlərini cavabsız qoymayaq. Gündəlik olaraq, sosial şəbəkələr üzərindən canlı yayınlar edir, fərdi onlayn seanslar aparır, video müraciətlər ünvanlayır, məqalələr yazırıq, bütün bu işlər gündəlik olaraq bizim tərəfimizdən həyata keçirilir. "Biz birlikdə güclüyük”!
- Karantin rejimi elan ediləndə ilk dövrlər insanların psixologiyasına mənfi təsirləri çox idi. İndi artıq görünür ki, əksəriyyət evdə qalmağa öyrəşib. Amma yenə də koronavirus pandemiyasının mənfi enerjisi üzərimizdən çəkilmək bilmir. Bu gərginliyi azaltmaq üçün insanlara məsləhətiniz nədir?
- Xüsusi karantin rejiminin təsirlərini təsnifatlandırsaq, əslində dəyişən xüsusi bir şey yoxdu. Sadəcə böyük qisim insanlar bu gün karantin rejiminə adaptasiya olunublar. Ancaq karantin rejimi ömürlük deyil, bir müddətdən sonra bitəcək. Sadəcə, nə zaman bitəcəyi ilə bağlı konkret fikrin olmaması insanlarda xüsusi psixoloji gərginliyin yaranmasına rəvac verir. Bu gün gərginliyin böyük qismi COVID-19 pandemiyası ilə bağlı müxtəlif, hətta bir-birini təkzib edən fikirlərin olmasıdı. Bu da insanlarda ifrat psixoloji gərginliyin yaranmasına səbəb olur. Gərginlik bu və digər formada bir müddət davam edəcək. Zaman-zaman müxtəlif istiqamətlərdə onun təsirini öz üzərimizdə hiss edəcəyik. Psixoloji təsir həm lokal, həm də qlobal miqyasda insanlarası münasibətlərə öz təsirini gösətərəcək. İndi bununla bağlı konkret söz demək çətindi. Hazırda gərginliyi azalmtmaq üçün maksimal dərəcədə aktivliyimizi qoruyub saxlamalı, rejimlə fəaliyyət göstərməli, postpandemiya dövrünə özümüzü psixoloji olaraq hazırlamalıyıq.
- Hazırda aktual olan ikinci bir məqam isə karantindən sonrakı vəziyyətdir. İnsanların normal həyata qayıdışı, əvvəlki templə yaşaması çətinləşə bilərmi? Karantindən sonrakı dönəmə psixoloji hazırlıq üçün nələr etmək lazımdı?
- Əlbəttə, postpandemiya dövrü fərqli bir dövr olacaq. Həyatın bütün istiqamətlərinə öz təsirini göstərəcək. Şübhəsiz təsir fərqli formada olacaq; ölkədən-ölkəyə, insandan-insana dəyişəcək. Bir isitiqamətli olmayacaq. Dünyada pandemiya ilə bağlı hökm sürən qeyri-müəyyənlik insanların ruh-halına bir başa təsirini göstərəcək. Bu səbəbdən də müxtəlif psixoloji narahatlıqların arta biləcəyini proqnozlaşdırmaq olar. Təkrar virusun olma ehtimalı, bu səbəbdən yaşanan diskomfort, sosial məsafənin gündəlik həyatda qorunması, dezinfeksiya tədbirləri və s bunun fonunda alınan tədbirlər əlbəttə ki, psixoloji gərginliyin artmasına səbəb olacaq. İnsanların normal həyata qayıdışı bir qədər zaman alacaq. Digər tərəfdən insanlar normal həyata yeni şərtlərlə qayıdarlar. Ona görə də hər bir insan bu vəziyyətə psixoloji olaraq hazır olmalı, qaydaları diqqətlə saxlamalı, dezinormasiyalardan maksimum uzaq dayanmalıdır. Çünki postpandemiya dövrü dezinformasiyaların tüğyan edəcəyi dönəm olacaq. Ona görə də qlobal miqyasda psixoloji daynıqlılığın qorunub saxlanması, psixi sağlamlıq və təhlükəsizlik baxımından tədbirlərin alınması qaçılmaz olacaq.
- Karantin rejiminin ən çox təsir etdiyi məqam ailə münasibətləri, valideyn-övlad əlaqələri oldu. Daha sərt karantin qaydaları tətbiq edilən ölkələrdə boşanmaların sayının artmağı barədə məlumatlar var. Ölkəmizdə isə sosial şəbəkələrdə daha çox valideyn-övlad münasibətlərinə təsir edən, valideynlərin uşaqları ilə davamlı vaxt keçirməkdən yorulduğunu əks etdirən şəkillər görürük. Bu cür ailə problemlərinin uşaqların psixologiyasına mənfi təsirini azaltmaq üçün necə davranmaq lazımdı?
- Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olacaq. Artıq 1 aydan çoxdur ki, xüsusi karantin rejimi davam edir. İnsanların böyük bir qismi demək olar ki, günün əsas hissəsini evdə keçirirlər. Bu da öz növbəsində ailəni təşkil edən fərdlərin hər birinin psixoloji durumuna təsir göstərir. Bu müddət ərzində psixoloji gərginlik fonunda psixoloji pozuntuların yaranması da istisna edilmir. Təşviş-həyəcan, panikatak, depressiya, obsessiv-kompulsiv pozuntu, yuxu, qida və bu kimi psixoloji pozuntular arta bilər. Eyni zamanda uşaqlarda müxtəlif psixoloji problemlərin artacağını da (davranış, ünsiyyət və s.) qeyd etmək olar. Bundan sığortalanmaq üçün görəcəyimiz iş xüsusi karantin rejiminin tələblərinə əməl etmək, evdə olduğumuz müddətdən səmərəli istifadə etməkdir. Əgər bunu edə biləriksə, istər indi, istərsə də postpandemiya dövründə özümüzü psixoloji pozuntulardan sığortalaya bilərik. Nəzərə almaq lazımdır ki, postpandemiya dövründə posttravmatik stress pozuntusu da artacaq. İnsanlar hələ uzun müddət virus qorxusu ilə yaşayacaq, virusun təkrar yayaıla biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər yaşaya bilərlər.
- Koronavirus pandemiyasının yayıldığı müddətdə insanlara rəsmi səviyyədə onlayn psixoloji yardım göstərilməsini təklif edə bilərikmi? Buna ehtiyac varmı?
- Əlbəttə pandemiyanın psixoloji təsirindən sığortalanmaq üçün psixoloji dəstəyin göstərilməsinə çox böyük eytiyac var. Günün reallığına uyğun olaraq bu gün belə xidmət onlayn formada həyata keçirilir. Mövcud reallıq onu göstərir ki, postpandemiya dövründə də psixoloji dəstəyə tələbat artacaq. Nəzərə almaq lazımdı ki, pandemiya dövründə həm rəsmi səviyyədə ayrı-ayrı dövlət qorumlarının nəzdində vətəndaşlara onlayn psixoloji yardım göstərildi. Bu xidmətin göstərilməsində psixoloji mərkəzlər, eyni zamanda fərdi şəkildə fəaliyyət göstərən psixoloqlar da aktiv oldular. Onların gördükləri işi müsbət dəyərlənidrmək olar. Çox yaxşı olardı ki, mövcud şəraitdə fəaliyyət göstərən onlayn psixoloji yardım mərkəzləri pandemiyadan sonra da fəaliyyət göstərsinlər. İnkişaf etmiş ölkələrin demək olar ki, hamısında bu xidmət var. Azərbaycanda da həm dövlət, həm də özəl qurumların nəzdində bu cür çağrı mərkəzlərinin olması əhalinin psixoloji sağlamlığı baxımından faydalı olardı. Sadəcə, bunun əsaslı şəkildə, elmi baza üzərindən, peşəkar formada həyata keçirilməsi olduqca vacibdi.