Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”
Hər il qəbul imtahanlarında aşağı nəticə göstərən abituriyentlərin bir neçəsinin intihar xəbərini alırıq. Dünən DİM-in II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib. Amma hələ nəticələr bəlli olmamış artıq iki abituriyentin özünü hündürmərtəbəli binadan ataraq intihar etməsi ilə bağlı məlumatlar yayılıb. Abituriyentlərin əksəriyyəti yeniyetmə olduğuna görə psixoloji diqqətrə daha çox ehtiyacları var. Bəs imtahandan sonrakı depressiv halların və intiharın səbəbləri nələrdir? Bunları necə aradan qaldırmaq olar?
Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Elnur Rüstəmov valideynlərin övladlarının psixi hazırlığına diqqət etmədiklərini qeyd edib:
"Biz həmişə deyirik ki, abituriyentlərə fənn hazırlığı ilə paralel psixoloji hazırlıq da vacibdir. Məsələ burasındadır ki, bizdə valideynlərdə, abituriyentlər də yalnız fənn hazırlığına üstünlük verirlər. Övladının psixoloji durumu valideynlər üçün arxa planda olur. Abituriyentlərin böyük qismi yeniyetmələrdir. Onların müəyyən narahtlığı ola bilər. Təşviş, həyəcan, diqqət pozuntusu, depressiya, kompulsiv pozuntudan əziyyət çəkə bilərlər. Onlar da insandırlar. Onlarda intihar düşüncələri də yarana bilər. İmtahandan sonra bunlar daha da kəskinləşir. Biz demək olar ki, hər il qəbul imtahanlarında bu kimi hallarla rastlaşırıq”.
O, abituriyentdə bu gərginliyi yaradan səbəbləri izah edib:
"Bizim cəmiyyət qəbul prosesini qabardır, amma bu, şagird üçün də mühüm mərhələdir. Çünki 11 ilin zəhməti bu imatahanlarda ortaya çıxır. Biz nə qədər desək də ki, hər kəs təhsil almaq məcburiyyətində deyil, bu abituriyentə təsir edir. Onun da duyğuları var. Cəmiyyətin də həmin abituriyentdən gözləntisi var. Onu görən hamı soruşur ki, necə oxuyursan? Nə qədər bal toplayırsan? və s. Bu da dolayı yolla abituriyentdə məsuliyyət və gərginlik formalaşdırır. Psixoloji kitabları oxumaqla da problem həll olmur. Çünki abituriyentin buna ilk növbədə vaxtı yoxdur”.
Psixoloq qəbul imtahanı zamanı abituriyentlərin ən çox yol verdiyi səhvlərə də aydınlıq gətirib:
"Valideynlərə üzümü tutub deyirəm ki, övladlarının fənn hazırlığı ilə bərabər psixoloji hazırlığına da önəm versinlər. Düzdür, intihar edən abituriyentin bütün məsuliyyətini valideyninin üzərinə qoymaq da düzgün olmaz. Mən inanıram ki, hər kəs övladına görə narahat, gərgindir. Ola bilər ki, kimsə bezsin, nəsə ağır söz desin. Amma bu, intihar üçün əsas olmamalıdır. Psixoloji hazırlıq diqqətdə olmalıdır. Bununla bağlı müxtəlif seminar və treninqlər keçirilir. Yaxşı olardı ki, belə treninqlər çox olsun. Azərbaycanda kifayət qədər özəl tədris mərkəzləri var. Onlar həmin abituriyentlərə psixoloji hazırlığı daha geniş formada keçirə bilərlər. Eyni zamanda, abituriyentlər fərdi şəkildə də psixoloq seansları ala bilərlər. Bu, onların öz bildiklərini tam şəkildə yazmalarına yardımçı olacaq. Çünki müşahidə edirik ki, əksər abituriyentlərin səhvi mexaniki olur. Adi hesablamada səhv edir, iki cavab arasında qalır, sualı sonacan oxumur, təsdiqi təkzib kimi başa düşür. Bundan dolayı böyük stres keçirirlər. Bəziləri isə sual kitabçasından cavab kartına köçürəndə yanlışa yol verir”.