Fiziki sağlamlığımız həkimlərdən, ruhi-mənəvi sağlamlığımız müəllimlərdən asılıdır
İnsanların fiziki və ruhi sağlamlığı həmişə müdrik insanları - humanistləri, islahatçıları, maarifçiləri, maarifpərvərləri və məktəbdarları düşündürmüşdür. F.Bekon sağlam bədəni mehmanxana, xəstə bədəni xəstəxana, A.Bullard isə sağlam adamı özünün də xəbəri olmayan xəzinə sahibi hesab edirdi. A.Şopenhauer sağlam dilənçi olmağı xəstə varlı olmaqdan üstün tutaraq deyirdi: nə pul, nə şöhrət sağlamlığın yerini verə bilməz. Sağlamlığı ən böyük nemət hesab edən müdrik atalarımızın da fikirləri ibrətamizdir:"Sağlamlığın qədrini xəstələr bilər”.
Koronovirus pandemiyası ilə üz-üzə qaldığımız təhlükəli bir zamanda bu hissləri hər kəs həyati olaraq yaşayır, sağlam həyat uğrunda mübarizə aparır. Evdə qalmaqla, sağlam qalmağa çalışır. Pandemiya dünyanı qəflətən yaxaladı, dünya dövlətlərini və millətlərini çətin imtahan qarşısında qoydu, hər şey filmlərdəki kimi, birdən-birə baş verdi: işıqlar söndü, həyat al-əlvanlığını itirdi, gediş-gəliş kəsildi, qoruq və qadağalar başladı. Çində yayılan koronovirus pandemiyası bəşəriyyəti olum-ölüm dilemması qarşısında qoydu.
Pandemiya ilə mübarizə: situasiyanın gərginliyi, çevik qərarların qəbulu
Tarixi insanlığın tarixi qədər qədim olan epidemiyaların, pandemiyaların ayrı-ayrı dövrlərdə milyonlarla insanın həyatına son qoyduğunu yaxşı bilirik. Məhz bütün bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəni bu bəlanın girdabından qurtarmaq üçün zəruru qabaqlayıcı tədbirlər həyata keçirildi. Hər zaman vətəndaşların yanında olan cənab Prezident əhalinin sağlamlığını qorumaq, iqtisadiyyatı ayaq üstə saxlamaq, xaricdəki soydaşlarımızı Vətənə gətirmək, əhalinin işsiz və həssas qrupuna maddi yardım etmək məqsədilə mühüm qərarlar qəbul etdi. Ali Baş Komandanın rəhbərliyi ilə ölkə vətəndaşları müsəlləh əsgərə çevrildi. Bakının və regionların ən müasir otelləri, istirahət zonaları karantində saxlanılanların sərəncamına verildi, bir sıra strukturlar gücləndirilmiş iş rejiminə keçirildi. Koronavirus təhlükəsi ilə əlaqədar insanlara "Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edildi. Milyonların sağlamlığı naminə insanlar arxa cəbhəyə çəkildilər, evdə qalmalı oldular.
Pandemiya ilə üz-üzə: həkimlərimizin şücaəti
Koronovirusa qarşı mübarizə isə davam edirdi. Bu amansız pandemiya ilə üz-üzə, göz-gözə dayananlar, 24 saat istirahət etmədən onunla mübarizə aparan, evini, ailəsini, hətta körpə uşaqlarını belə unudan ağ xalatlı həkimlər idi. Millətin taleyi ön cəbhənin "əsgərləri”nə - həkimlərə həvalə edilmişdi. Son günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirus xəstələri ilə bağlı verdiyi məlumat onu təsdiqləyir ki, həkimlərimiz sərhəddəki əsgərlərimiz kimi "döyüşdülər”, qəhrəmanlıq nümayiş etdirdilər, hünər göstərdilər. Heç bir təşviş, təlaş keçirmədən soyuqqanlıqla xəstələrin yanında oldular, xoşxasiyyət və insanpərvərlik nümayiş etdirdilər, onların ağrılı həyatını birgə yaşadılar, hər bir xəstə ilə ölüb-dirildilər, ümidlərini itirmədilər. Həkimlərimizin əxlaqi mədəniyyəti, təcrübəsi onlara ruhi sakitliklərini saxlamağa kömək etdi. Hippokratın tövsiyələrinə əməl edərək xəstələr üçün ata, sağalmaqda olanlar üçün mühafizəçi, sağalanlar ilə dost oldular. Xəstələrin sağalmağa olan ümidlərini itməyə qoymadılar, onlara tibbi və mənəvi dəstək oldular, fədakarlıqları ilə Vətən qarşısında müqəddəs borclarını yerinə yetirdilər. Həyata qaytardıqları insanların ömür kitablarına adlarını yazdılar. Əziz oxucu, bu, həkim xoşbəxtliyi deyil, bəs nədir, qəhrəmanlıq deyil, bəs nədir? Xüsusi geyimlərin, eynəklərin və maskaların həkimlərin sifətlərində və alınlarında açdığı şırımlar onların şücaətinin nişanəsi, bugünkü həyatlarının bəzəyi deyil, bəs nədir? Həkimlərin fədakarlıqlarını minnətdarlıq hissi ilə dilə gətirən cənab Prezident İlham Əliyev demişdir: "Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər.”
Ruhumuzun qoruyucu mələyi: Azərbaycan müəllimi
Həkimlər bədənimizin, müəllimlər ruhumuzun qoruyucu mələkləri olduğundan onların hər ikisinin də işi eyni dərəcədə əhəmiyyətli, dəyərli, məsuliyyətli və şərəflidir. İlahi bir missiyanın daşıyıcıları olan müəllimlər zaman-zaman öz üzərlərinə düşən məsuliyyəti ləyaqət və şərəflə yerinə yetirmişlər. İlk dünyəvi məktəb, ilk dərslik, ilk teatr, ilk mətbuat, ilk xeyriyyə cəmiyyətlərinin yaradılması, mətbuatda milli azadlıq və istiqlaliyyət toxumlarının səpilməsi, milli ideologiyanın formalaşdırılması, ilk milli dövlətin qurulması onların fədakar əməyinin məhsulu deyilmi? Millətin ruhunun həkimləri onlar deyilmi? Böyük Azərbaycan maarifçisi A.Səhhətdən soruşanda ki, Mirzə, siz həkimsiniz, bəs niyə uzun illərdir ki, müəllimlik edirsiniz? Abbas Səhhət isə cavabında deyir: "Mən müəllimlik etməklə, öz xalqımın ən böyük xəstəliyini, savadsızlığını müalicə edirəm”.
Azərbaycan müəllimləri XX əsrin 20-60-cı illərində ölkədə savadsızlığın ləğvində, ümumi icbari ibtidai, yeddiillik, səkkizillik və orta təhsilin həyata keçirilməsində qəhrəmanlıq nümunəsi göstərdilər. Milləti milli-azadlıq mücadiləsinə hazırlaya bildilər. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, imperiya təzyiqlərinə qarşı "Azadlıq” - deyərək meydanlara axışan, yalın əllə rus tanklarının qarşısını kəsən, sinəsini düşmən gülləsinə sipər edən gəncliyi Azərbaycan məktəbi, Azərbaycan müəllimi hazırlamamışdımı? Azərbaycanın elmi və siyasi elitası onların "sinfinin” şagirdləri olmayıblarmı? Müəllimin əməyi, fəaliyyəti Allahın xəlq etmə dühasının davamı olduğuna görə onun peşəsi müqəddəs hesab olunur. Cünki o, hava və qidadan sonra vücudumuzun ən çox ehtiyac duyduğu üçüncü şeyi- təhsil-tərbiyəni insanlara bəxş etməklə, onların əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafını təmin edir. Müəllimlər hər bir şagirdin yaşına, gücünə, fərdi və psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onların şüuruna, hisslərinə və davranışına təsir göstərir. Məktəbli də bu tərbiyəvi təsir vasitəsi ilə dəyişir, kamilləşir, onda əqli, əxlaqi, etik, estetik, fiziki mədəniyyət formalaşır. Müəllim təhsil-tərbiyəsi ilə məşğul olduğu şagirdlərə gizlədilməsi mümkün olmayan gözəllik aşılayır, onların qəlbinə elə bir işıq salır ki, həmin nurla o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilir. Müəllim şagirdinə həyat üçün zəruri olan elə bacarıq aşılayır ki, onlar istənilən situasiyada düzgün qərar qəbul edə bilsinlər. Görkəmli Azərbaycan maarifçisi S.M.Qənizadə isə müəllimliyi dünyanın ən şərəfli peşələrindən biri və birincisi hesab edərək yazırdı: "Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz yaşaya bilməz”.
Azərbaycan müəllimləri imtahan verir
Elə bu səbəbdən də koronovirus pandemiyası ilə əlaqədar olaraq təhsil sistemində yaranan fors-major situasiyası Təhsil Nazirliyi tərəfindən ilk gündən düzgün dəyərləndirildi, təhsilin fasiləsizliyini təmin etmək məqsədilə tədrisin təşkilinin alternativ formalarından istifadəyə qərar verildi. Tədrisin onlayn rejimdə təşkili ilə bağlı verilən qərarlara müəllimlər adekvat cavab verdilər. Dərslərini "Zoom”, "Microsoft Teams”, "Skype” proqramından, e-poçt xidmətindən, "YouTube” kanalından istifadə etməklə təşkil etməyə başladılar. Müəllimlərin böyük əksəriyyəti qısa bir zaman kəsiyində öz fəaliyyətlərini onlayn rejimdə təşkil etməyə nail oldular. "Tele dərs” və "Virtul məktəb”, "Dərsdən sonra” layihələri tədrisin təşkilinə yenilik kimi daxil olundu. Qısa bir zamanda peşəkar və səriştəli müəllimlərin köməyi ilə zəngin tədris resursları yaradıldı. Digər ali təhsil müəssisələrində olduğu kimi, ADPU-nun bütün struktur bölmələrində, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecində, Şəki, Quba, Şamaxı, Ağcabədi və Cəlilabad filiallarında təhsil alan tələbələrin əksəriyyətinin onlayn dərslərə qoşulmasına nail olundu, tələbələrin hamısı elektron tədris materialları ilə təmin edildi.
Formal, yoxsa məsafədən təhsil?
Təbii ki, məsafədən təhsil formal təhsili əvəz edə bilməz. Məktəblərin yaranması cəmiyyətin sosial tələbatından doğduğundan o cəmiyyətin iqtisadi, mədəni, sosial və siyasi tələblərinə cavab verən kadrlar hazırlamalı, humanist və insanpərvər təhsil mühiti formalaşdırmalıdır. Hələ vaxtı ilə akademik A.F.Bilibin yazırdı ki, maşın tez, dəqiq işləyə bilər, lakin maşından müdriklik gözləmək olmaz, bu keyfiyyətlər yalnız insana məxsusdur.
Günümüzün qəhrəmanı: Azərbaycan müəllimi
Məqsədimiz formal təhsilin üstünlüklərini və ya məsafədən təhsilin təşkilindəki çatışmazlıqları sadalamaq deyil, ekstriminal şəraitdə, onlayn rejimdə tədrisi normal səviyyədə təşkil etməyə nail olan günün qəhrəmanları - Azərbaycan müəllimləri ilə bağlı duyğularımızı dilə gətirmək, fəaliyyətlərini təqdir etməkdir. Ruhumuzun tərbiyəçisi olan müəllimlər də həkimlərimiz kimi fədakarlıqla çalışır, dərs nümunələri hazırlayır, slaydlar düzəldir, ailə-məişət qayğılarını unudaraq yorulmadan və həvəslə şagirdlərinə (tələbələrinə) tədris materialını çatdırmağa, əks-əlaqə qurmağa çalışırlar. Müəllimlər minlərlə şagirdlərə (tələbələrə) fənn proqramına uyğun olaraq dərs keçməklə yanaşı, həm də onlara mənəvi dəstək olur, təlaş və stres keçirməmələri üçün əllərindən gələni əsirgəmirlər. Bu gün onların hər birinin evi sinif otağını xatırladır, telefonları susmur: dəcəl uşaqlarının öhdəsindən gələ bilməyən valideynlər də, şagirdlər də, qonşular da onlardan məsləhət alır. Hələ öz uşaqlarını, ailə-məişət problemlərini demirəm. Cəsarətlə demək olar ki, belə bir çətin vəziyyətdə Azərbaycan müəllimi məktəbi evinə daşıya bildi.
Müəllimlər həm də imkanları daxilində ehtiyacı olan insanlara, aztəminatlı ailələrə qayğı göstərir, onlara dayaq olmağa çalışır, humanist layihələrin icrasında həvəslə iştirak edirlər. Şəhərlərdə olduğu kimi, kəndlərdə də müəllimlərin təşəbbüsü ilə geniş vüsət alan bu insanpərvər və humanist hərəkat onların fədakarlığının diqqətəlayiq ifadəsidir. Deməli, müəllimlər zaman-zaman insanlığı aydınlığa çıxaran işıq kimi bərq vurur, hər bir insanın həyatına mayaq olur, fədakarlıq nümayiş etdirir; müəllim, həkim, mühəndis, memar, alim, diplomat, əmək və müharibə qəhrəmanları yetişdirir, gələcəyin şairlərinə, yazıçılarına, incəsənət adamlarına qələm tutmağı öyrədir.
Müəllim cəmiyyətin sütunudur
Amma biz cəmiyyət olaraq müəllimlərin həqiqi dəyərini verə bilirikmi? Təbii ki, yox! İstəsək də verə bilmərik, çünki dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz (Sokrat). Bəs biz nə edirik? Müəllimləri sosial şəbəkələrdə qınaq obyektinə çeviririk, qarışqa boyda səhvlərini fil edirik, təhqir etməkdən çəkinmirik, nöqsanlarını ictimailəşdiririk. Mən demirəm ki, müəllimlərin hamısı idealdır və daşıdığı məsuliyyəti dərindən başa düşür. Müqəddəs peşə sahibləri arasında da öz işinin öhdəsindən gələ bilməyənlər, şagirdlərin gülünc hədəfinə çevrilənlər var. Biz belələrinin yarıtmaz fəaliyyətini ictimailəşdirməklə yalnız onları deyil, uşaqlarımızın təsəvvüründə formalaşan Azərbaycan müəllimi obrazını aşağılayırıq.
Müəllimliyi hər şeydən uca tutan ulu öndər Heydər Əliyev deyirdi ki, hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Allah sevənləri sevər
Əziz oxucular, insanın təhsili ibtidai və ya orta ola bilər, təhsillilik səviyyəsi onun cəmiyyətin dəyərli bir üzvünə çevrilməsinə mane ola bilməz. Amma insanın tərbiyəsi hökmən ali olmalıdır ki, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olsun, düzgün düşünsün. Düzgün düşünmək isə insanın fiziki və ruhi-mənəvi sağlamlığı ilə bağlıdır. Fiziki sağlamlığımız həkimlərdən, ruhi-mənəvi sağlamlığımız müəllimlərdən asılıdır. Sağlamlığınızı qoruduğunuz kimi onları da qoruyun, sağlamlığınızı sevdiyiniz kimi onları da sevin, ehtiram və etimad göstərin.
Allah sevənləri sevər.
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi muallim.edu.az