Nadir İsrafilov: "Bütün dünyanı ağuşuna alan qlobal təhlükədən çıxış yolu axtarmaq naminə…”
Koronavirus pandemiyasının yayılması nəticəsində dünyada saysız problem yaşanmaqdadır. Bilirik ki, pandemiya ilə əlaqədar olaraq insanlar arasında işini itirənlər də var. İşini itirən şəxslərin böyük əksəriyyətinin valideyn olduğu məlumdur. Azərbaycanda pandemiya ilə əlaqədar olaraq nə qədər şəxsin işini itirdiyini deyə bilmərik, amma dövlət bütün özəl şirkətlərə müraciət edərək onları işçiləri ixtisara salmamağa çağırıb.
Qeyd etdiyimiz kimi, dövlət işsiz vətəndaşlarına da hər zaman diqqət və qayğı ilə yanaşıb. Bu gün də cəmiyyətimizin bütün həssas qruplarına diqqət göstərilir.
Pandemiyaya görə işini itirən, həmçinin, aztəminatlı ailələrə, valideynlərə Təhsil Nazirliyi də diqqət göstərir. Məlumdur ki, nazirliyin xəttilə orta məktəblərdə də pandemiya ilə bağlı işini itirən valideynlərə dəstək kampaniyası başlanıb və belə ailələrə yardımlar göstərilir. Bu, bir könüllülük işidir və məktəblər bu işə böyük həvəslə qoşulublar.
"Təhsil Nazirliyinin belə ailələrə yardımlar etməyə baslaması bu istiqamətdə aparılan növbəti humanist addımdır”
Pandemiyaya görə işini itirən valideynlərə göstərilən dəstəyi yüksək qiymətləndirən tanınmış təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov "Bakı-Xəbər”ə bildirdi ki, belə ağır durumda müxtəlif qurumların, təşkilatların işini itirən valideynlərə dəstək göstərməsi müsbət haldır: "Bu gün bəşəriyyəti bürüyən, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən ümumi bəlaya qarşı mübarizədə bu vaxta qədər göstərildiyindən daha artıq birlik, həmrəylik, mütəşəkkillik və anlaşıqlıq nümayiş etdirilir, dövlətimizin bu istiqamətdə apardığı qabaqlayıcı və davamlı işlər bütün dünyaya nümunə kimi qiymətləndirilir. O da danılmazdır ki, iradəmizdən asılı olmayaraq, yaranmış vəziyyətlə bağlı mövcud durum həyatımızın bütün sahələri kimi, təhsilimizə də təsirsiz ötüşməyib. Ancaq ədalət naminə etiraf etməliyik ki, prosesi sabitləşdirmək, vəziyyətdən mümkün qədər itkisiz çıxmaq üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar atılır, davamlı və dayanıqlı tədbirlər həyata keçirilir, ehtiyat mexanizmlərinə, mövcud olan digər resurslara istinad etməklə ümumi işin xeyrinə olan bütün metod və vasitələrə əl atılır. Verilən rəsmi məlumatlara görə, Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub. Ümumilikdə, şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrinin sayı 3807-yə çatdırılıb. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələri bütün şagirdlərin 93%-ni, pedaqoji heyətin isə 89%-ni əhatə edib. Bütün deyilən və deyilməyən istiqamətlərdə işlər davam etdirilir”.
N.İsrafilov vurğuladı ki, təhsilimizi ayaq üstə saxlamaq üçün Təhsil Nazirliyi müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərini davam etdirmək, təhsilalan-təhsilverən əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirmək, video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə, vizuallaşdırılmış dərs formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, adi telefon bağlantısı və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına nail olmaq üçün əlindən gələni əsirgəmir.
"Nazirliyin "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində "Virtual məktəb” layihəsinə start verməsi, qurumun yeni 146-3 "Qaynar xətt” xidmətinin fəaliyyətə başlaması, əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilməsi görüləcək işlər istiqamətində yeni addım olub, bu, istənilən halda, vətəndaşa mənəvi dəstək rolunu oynayacaq. Orta məktəblərdə pandemiya ilə bağlı işini itirən valideynlərə dəstək kampaniyasının başlanması və Təhsil Nazirliyinin belə ailələrə yardımlar etməsi bu istiqamətdə aparılan növbəti humanist addımdır. Bu gün nəyin özünü doğruldacağını, nəyin doğrultmayacağını mübahisələndirmək zamanı deyil. Bu gün sonsuza qədər düşünüb-daşınmaq yox, sağlam düşüncə nümayiş etdirməklə, bütün dünyanı ağuşuna alan qlobal təhlükədən çıxış yolu axtarmaq naminə dözümlülük göstərmək, bütün səy və imkanları ümumi mənafeyə yönəltmək, pis günlərin arxada qalacağına dair vətəndaşlarımızda inam yaratmaq zamanıdır” -deyə N.İsrafilov bildirdi.