AzTehsil.com


Xəbərlər / Saglam həyat
31 may 2020
2 548


Ürəyi güvvətləndirir, böyrəkləri təmizləyir...



 

Süfrələrin bəzəyi olan reyhan bitkisi milli mətbəximizin ayrılmaz tərkib hissəsi və salatlarda ən çox istifadə olunan göyərtilərdən biridir.

Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti zahirən oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur.

Ətirli və ədviyyəli xüsusiyyətə malik olan reyhan xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. Reyhan universal otlardan biridir, həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərin tərkibinə qatılır. Reyhan ətirli olduğuna görə termiki təsirə məruz qalmır və onu həm soyuq, həm də isti xörəklərə əlavə edilir. Qurudulmuş reyhan bağlı qablarda 3-6 ay, təzə reyhan isə soyuducuda bir həftəyə qədər təravətini saxlayır.

Reyhanın yarpaqlarında efir yağı, azotlu maddə, yağ, vitaminlər və boya maddələri var. Onun yarpaqlarında olan boya maddələri tibbi cəhətdən faydalıdır. Əbəs yerə deyil ki, bitki həm də bir çox dərdin dərmanı kimi də tanınır. Qida ilə birgə qəbul olunan reyhan maddələr mübadiləsini yaxşılaşdırır, həzm prosesini asanlaşdırır və mədə-bağırsaq sisteminin işini nizamlayır.

Sağlamlıq üçün reyhanın çox böyük əhəmiyyəti var. Bitkinin yarpaqlarından hazırlanan duru ekstrakt qanda protrombinin miqdarını artırır və qanın laxtalanmasını sürətləndirir. Xalq təbabətində reyhanın meyvələrindən dəmlənmiş çay soyuqdəymədən əmələ gələn sinə ağrılarında yumşaldıcı təbii vasitə kimi qəbul edilir. Reyhan yarpaqlarının çayı ürəyi qüvvətləndirmək, dəmləməsi isə mədənin fəaliyyətini və iştahanı artırmaq üçün içilir. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır, köp əleyhinə təsir göstərir. O həmçinin dərini canlandırır, aknelərə qarşı tətbiq olunur və sakitləşdirici təsir göstərir.

Yay aylarında reyhandan hazırlanan sərin kompot orqanizmdə serotonin hormonunu artırır. Sinir xəstəlikləri zamanı reyhan çayı çox faydalı təsirə malikdir. Həmin çay həm də qusma və ürəkbulanmanın qarşısını alır.

Bir neçə quru reyhan budağının paltar şkafına qoyulması pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alır.Az AZƏRTAC



Загрузка...