AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
28 aprel 2020
1 566


Məktəbləri yenidən necə aça bilərik?



Məktəbləri yenidən necə aça bilərik?

 

OECD məktəb sistemlərinə tövsiyələrini verir

Koronavirus  pandemiyasından sonra məktəbləri yenidən necə aça bilərik? OECD-nin effektiv təlim layihəsinin məsləhətçiləri Alaster Blit (Vesminster Universitetinin baş müəllimi), Culi Velissaratın  oxuculara təqdim etdiyimiz bu  məqaləsində postpandemiya dövründə təhsil sistemlərinin atacağı addımlardan bəhs olunur. 

Məqalədə qeyd edilir ki,  1,5 milyard şagirdin məktəbə qayıtması həm valideynlər, həm də hökumətlər üçün rahatlıq olacaq. Valideynlər  işə qayıda,  iqtisadiyyatlar dirçələ bilər.
Ancaq koronavirus (COVID-19) epidemiyasının gələcək dalğalarının təhlükəsi davam edir.  Məktəblər pandemiyadan sonra fərqli kontekstdə  həssas şagirdləri dəstəkləmək, bərabərlik və onlayn öyrənmə imkanlarını artırmaq kimi bir çox məsələləri diqqətdə saxlamalı olacaqlar.

Bəzi ölkələr  pandemiyaya qarşı mübarizə tədbirlərini yalnız indi  tətbiq etməyə,  digərləri isə artıq bəzi məhdudiyyətləri  ləğv etməyə başlayır.  Ötən həftə Danimarkada kiçikyaşlı uşaqlar üçün bəzi məktəblər yenidən açıldı və eynilə  bu həftə Norveçdə də məktəblərin açılması baş verməlidir. Məktəblərin yenidən açılması üçün doğru vaxtı müəyyən etmək çətindir.

Bu mövzu   bir yana, ən mühüm problemlərdən biri təlim üçün fiziki mühiti, sinfi hazırlamaqdır.  Biz artıq gördüklərimizdən hansı ilkin nəticələri çıxara bilərik?

"Məktəblərin yenidən açılması diqqətlə planlaşdırılmalı və səhiyyə işçilərinin tövsiyələrinə uyğunlaşdırılmalıdır", - deyə OECD-nin effektiv tədris mühiti üzrə işçi qrupunun başçısı, Yeni Zelandiya Təhsil Nazirliyinin infrastruktur xidmətinin rəhbəri Kim Shannon məsləhət görür. Aydındır ki, universal bir həll yoxdur və çox şey koronavirus pandemiyasının  ayrı-ayrı  ölkələrə və onların davamlılığına necə təsir göstərəcəyindən asılı olacaq.

Diqqət  qərarların qəbul edildiyi üç sahəyə yönəldilir:

- yeni gigiyena vərdişlərinin təşviqi;

- məktəblərdə sosial məsafənin təmin edilməsi;

- onlayn öyrənmənin gücləndirilməsi.

Yeni gigiyena vərdişlərinin təşviqi

Məktəblər yenidən açıldıqdan sonra hər kəs mütəmadi olaraq əllərini yumaq, dirsək nahiyəsinə, yaxud dəsmal parçasına öskürmək və ya asqırmaq məcburiyyətində qalacaq. Məktəblər  bir sıra əlavə tədbirlərin necə həyata keçirilməsi barədə düşünməlidirlər:

Məkanlar və xidmətlər: məktəblər sosial məsafəni mümkün edən sanitariya-gigiyena qurğularına ehtiyac duyacaqlar. Məktəbləri şübhəli COVID -19 infeksiyasına qarşı izolyatorla təmin etmək lazım ola bilər. Müntəzəm vaxt intervalları ərzində məktəb binalarının əlavə təmizlənməsi və dərindən  dezinfeksiyası lazımdır.

Sanitar-gigiyenik vasitələrin alınması: məsələn, sinfə girməzdən əvvəl masa və oturacaqların təmizlənməsi üçün antibakterial salfetlər, sanitar gel,  maskaların və  ya əlcəklərin istifadəsi üçün tələblər. Bəlkə də bərk sabun parçaları deyil, maye  sabun məhlulları istifadəyə daxil edilə bilər.  

Təlim: məktəblərdən tələbələrə, müəllimlərə və işçilərə əsas gigiyena və maneə jestləri, həmçinin koronavirusun simptomları və təsirləri ilə bağlı  təlim keçmək tələb oluna bilər.

Məktəblərdə sosial məsafənin tətbiqi

Məktəblərdə sosial və ya fiziki məsafə şagirdlərin bir-birlərindən və müəllimlərdən ən azı iki metr  məsafədə olması deməkdir. Bu, kiçik uşaqlar üçün asan deyil və  standart  ölçüsü 60 kvadratmetr olan 30 nəfərlik sinif üçün qeyri-mümkündür. Tədris binalarında təhsilalanların sayının azaldılması planlaşdırma dəyişikliyinə əsasən əldə edilə bilər. Məsələn, hər bir sinfin daha kiçik qruplara bölünməsi, qısaldılmış məktəb saatlarının planlaşdırılması, səhər və axşam növbələrinin nəzərdə tutulması (məsələn, yaş qrupları üzrə),  yemək otaqları, trenajor zalları, kitabxanalar və digər zallar kimi böyük otaqların  yenidən istifadəyə verilməsi. Hibrid variant kimi məktəbdə bəzi dərslərin birgə keçilməsi də ola bilər.

Mülayim iqlim şəraitində, uyğun bilindiyi  müddətdə məktəb binalarının ətrafındakı boş tikililərdən də  tədris  üçün istifadə etmək mümkündür. Məktəb binalarının içərisində baş verənlərə başlıca diqqət yetirilir, amma sinifdən kənarda olan yerlər necədir? Yaxşı havalandırılan sahələr əvvəlkindən daha vacibdir.

İnternet təhsili yüksəlişdədir, lakin ...

Onlayn  resurslara giriş, şübhəsiz ki, bir çox tələbələrə evdə təhsil almaqda kömək etsə də, onlayn resurslara praktiki olaraq çıxışı olmayan insanlar əlverişsiz vəziyyətə düşürlər. Bu bərabərsizlik  öyrənmə boşluqlarını aradan qaldırmaq və onların rifahını təmin etmək üçün həssas şagirdlər üçün alınan tədbirlərə diqqət yetirən bir çox hökumətlərdə narahatlıq doğurur. Bəzi hökumət orqanları  tələbələrə noutbuk və ya planşetlərin təqdim edilməsinə, eləcə də 4G mobil şəbəkələrinə çıxışın yaxşılaşdırılmasına diqqət yönəldiblər.

Məsələn, İngiltərənin Təhsil Departamenti bu yaxınlarda onlayn təlimi dəstəkləmək üçün əhəmiyyətli bir paket barədə açıqlama verdi.   Digərləri televiziya və radio kimi uzaqdan öyrənmə üçün alternativ kanallar qururlar.

Pandemiyanın  bir neçə dalğaya malik ola biləcəyini nəzərə alsaq, gələcəyə dair etibarlı strategiyalar qurmaq üçün mövcud böhrandan tez bir zamanda dərs almaq lazımdır.
Məqalədə qeyd olunur ki, Harvard Ali Təhsil Məktəbi və OECD-nin Təhsil və bacarıqların  idarə edilməsi  Departamenti hazırda COVID-19-a qarşı sürətli reaksiya sisteminin inkişaf etdirilməsi üzrə yeni tədqiqata başlayıb. Tədqiqatda əsas diqqət məktəblərin yenidən açılmasına yönəldilir. 

(Mənbə: oecdedutoday.com/how-re-open-schools-after-coronavirus/)

Oruc MUSTAFAYEV



Загрузка...