Səs yazısı yayılan direktor barədə qərar verilib -Detallar
Bakının Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzTehsil.com-a bildirilib.
Məlumata görə, 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.
"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların məktəbə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", – məlumatda deyilir.
Xatırladaq ki, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub.