Xəbərlər, Psixoloq, Valideyn
30 yanvar 2018
515

Uşağın vaxt keçirdiyi xarici aləm onun davranışına... -Valideynlərin nəzərinə -Diqqətli olun!


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Uşağın vaxt keçirdiyi xarici aləm onun davranışına... -Valideynlərin nəzərinə -Diqqətli olun!

Uşağın vaxt keçirdiyi xarici aləm onun davranışına təsir göstərən üç amildən (ev, məktəb, küçə) biridir.


Pedaqoqların nəzərincə, küçə qrupları uşaqlara çox vaxt pis təsir göstərir. Tərbiyə nöqteyi-nəzərindən bu əhatəyə münasibətdə nə müsbət göstəriş hazırlamaq, nə də bu problemin guya mövcud olmadığını göstərmək mümkün deyildir. Uşağın müxtəlif nalayiq hərəkətləri bir çox səbəblərdən, o cümlədən uşağın əhatəsindən və onun yaşıdları ilə qarşılıqlı münasibətlərindən törəyir.


Birincisi, yoldan təsadüfən keçən kəslər, adətən, pedaqoji prinsipləri gözləməyi özlərinə borc bilmir, bunun vacibliyini və əhəmiyyətini dərk etmirlər. Onlar elə məsələlərdən danışa bilərlər ki, uşaqların eşitməsi tamamilə yol verilməzdir və yeniyetmələrin mənəviyyatına mənfi təsir göstərir. İkincisi, qanun pozulmalarının səbəbi olan küçə qruplarının nəzarətsizliyi də uşaqların mənəviyyatına və psixikasına mənfi təsir göstərir. Üçüncüsü, mahiyyətinə görə şəxslərarası səthi və məhdud təmaslar davranışın nalayiq stilini formalaşdırır.


Bəzi psixoloqlar hesab edir ki, davranış S – R (stimul – reaksiya) prinsipinə əsaslanır, yəni bu və ya digər təsirə - stimula məruz qalan insan ona müəyyən reaksiya ilə cavab verir. Stimullar insanlara ya müsbət, ya da mənfi təsir göstərə bilər. Məsələn, tutaq ki, siz bağda gəzirsiniz, gözəl zanbağa, nərgizin sarı çiçəklərinə baxır, quşların nəğmələrinə qulaq asırsınız. Heyranlıq və sevinc hissi sizin qəlbinizi doldurur. Əgər siz xaraba və bərbad bir məhəlləyə düşsəniz, oradakı mühit sizdə ikrah hissi yaradacaq və kədər və məyusluğa düşməməkdən ötrü xeyli səy göstərməli olacaqsınız.


Bu prinsip uşaqlara da tətbiq oluna bilər, çünki onlar bütün stimullara cavab verdiklərinə görə, istənilən söz və istənilən hərəkət onlara təsir göstərir. Küçə qrupları isə bu təsirin mənfi hissəsini təşkil edir. Bu təsirin çox ziyanlı nəticələri o qədər çoxdur ki, onların hamısını saymaq mümkün deyildir. Əlbəttə uşaqları tamamilə küçədən təcrid etmək mümkün deyildir. Lakin biz uşağa xüsusi zəruriyyət olmadan bu qeyri-mütəşəkkil qruplarda vaxt keçirməyə icazə verməklə və onu orada nəzarətsiz qoyub, öz ixtiyarına buraxmaqla tez-tez ciddi səhvlərə yol veririk.

Çox vaxt valideynlərin özləri beş-on dəqiqə asudə vaxt qazanmaqdan ötrü uşaqlarını güclə küçəyə göndərirlər. Uşaq getmək istəməyəndə isə ana onu dilə tutmağa cəhd edir: "Sən niyə küçəyə gedib başqa uşaqlarla oynamaq istəmirsən?” və ya "Evdə oturmaqdan xəstələnəcəksən, get təmiz havada uşaqlarla gəz” və s.


Burada ifratçılığın başqa bir forması olan hədsiz himayədarlığı da yada salmaq düzgün olardı. Bəzi valideynlər, əksinə, öz uşaqlarını heç vaxt tək küçəyə buraxmırlar və bununla da onlara azad seçim imkanı vermirlər.


Biz artıq küçədə məqsədsiz vaxt keçirməyin çox saylı mənfi təsirlərini sadaladıq. Lakin indi bəzi əsas məsələlər üzərində dayanmaq istərdik:


1. Əsasən uşaqların birgə əylənməsi bazasında formalaşan küçə qruplarında uşaqlar təlim-tərbiyə nöqteyi nəzərindən arzuolunmaz təsirlərə məruz qalırlar.


2. Oyunlar zamanı onlar tez-tez mənəvi prinsipləri və davranışı səviyyəsiz yeniyetmələrlə qarşılaşmalı olurlar. Pis ad çıxarmış çətin uşaqlarla ünsiyyət edən tərbiyəli uşaqlar onların davranış tərzini qəbul edir, onların baxışlarını, həyat təcrübəsini, norma və dəyərlərini mənimsəyirlər.


3. Təsadüfü rast gəldiyi adamlarla küçədə birgə vaxt keçirmək vərdişi ona gətirib çıxarır ki, uşaqlar "azad” (sərhədsizlik mənasında) həyatdan və "azad” ünsiyyətdən həzz almağa başlayırlar. Heç kim onlara nəzarət etmir, heç kim onların nə işlə məşğul olduğunu və özlərini necə apardığını bilmir, heç kim onlara göstəriş vermir. Tədricən "azadlıq mühiti” onların beynini zəhərləyir, onlar öz gələcəkləri haqqında düşünməyərək, evdə və məktəbdə heç bir iş görməməyə adət edirlər. Müxtəlif xarakterli məhdudiyyət və qadağalardan, "olmaz”, "bunu et”, "bunu etmə” və s. ibarət valideyn tövsiyəsindən və müəllim göstərişlərindən canını qurtarmağa çalışan bu cür uşaqlar öz istəklərini hər şeydən həmişə üstün tutacaqlar.


4. Şübhəli küçə tanışlıqları həmçinin yolxucu xəstəliklərə yoluxma, uşaqların sağlamlığı və fiziki inkişafı üçün təhlükə də yarada bilər.

Beləliklə, uşağın valideynin və ya tərbiyəçinin nəzarəti olmadan evdən kənarda keçirdiyi müddət, istər istirahət olsun, istərsə də birgə əyləncə, onun həm ruhu, həm də cismi üçün böyük təhlükə yaradır. Valideynlər (xüsusən də analar) heç vaxt öz əlləri ilə uşaqlarını pedaqoji nöqteyi-nəzərdən həqiqətən fəlakətli olan bu yola itələməməlidirlər. Valideynlər, təbii ki, təmkinli və səbrli olmalıdırlar, çünki bu keyfiyyətlərə yiyələnmədən onlar uşaqların tərbiyəsi ilə bağlı öz müqəddəs borclarının öhdəsindən gələ bilməyəcəklər. Uşağa biganə yanaşan, onu özbaşına buraxan etinasız valideynləri okeanın ortasında öz postunu tərk edən və bununla da sərnişinlərin həyatını təhlükə altına atan gəmi kapitanına bənzətmək olar.


Evdəkilərə qarşı uşaqda incikliyin yaranmamasından və ailənin nəzarətindən çıxıb, küçədə rahatlıq tapmamasından ötrü valideynlər onun təbii fəallığına şərait yaratmalı, qaçmaq və oynamağına icazə verməli, səs-küy və narahatçılıqla barışmalıdırlar. Əmrani ifadələrdən,"bunu et”, "bunu etmə” və kobud danışıq tərzindən sui-istifadəyə yol verilməməlidir. Çox vaxt zərərsiz şuluqluq böyüklər tərəfindən səhvən dəcəllik və sırtıqlıq kimi başa düşülür. Valideynlər bilməlidirlər ki, yalnız heykəllər hərəkətsiz və sakit qala bilər və fiziki və əqli qabliyyətləri daim inkişafda olan uşaq əgər süst və hərəkətsizdirsə, bu o deməkdir ki, o xəstədir. İmkan daxilində valideynlər uşaqlarını əyləndirməkdən ötrü onları oyuncaqlarla təmin etməklə onların "dəcəlliyinin” qarşısını almış olarlar. 







Whatsapp'ta Paylaş

loading...

Загрузка...