Layihə çərçivəsində 2000-dək uşaq məktəbəqədər təhsilə cəlb olunub
Vətən üçün layiqli övladlar yetişdirmək, tərbiyə etmək təhsil ocaqlarının ümdə vəzifələridir. Uşaq bağçalarından başlanan bu proses məktəbəqədər təhsil ocaqlarında davam etdirilir və məktəblərdə öz bəhrəsini verir. Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsili yaxşılaşdırması” layihəsini uğurla həyata keçirir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri də yaradılıb.
İcma əsaslı məktəbəqədər təhsil layihəsinin meneceri İlahə Rəsulova institutun bu sahədə fəaliyyəti istiqamətində görülən işlər və qazanılan nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonaları da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər məktəbdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq bu layihə üzrə məktəbəqədər təhsilə cəlb olunub. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası-sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.
Layihənin önəmliliyi onunla diqqətçəkəndir ki, icma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir və bu minvalla müəllimlərin faktiki olaraq təlim prosesində köməkçilərinə çevrilirlər. Məktəbəqədər yaş qrupuna aid olan uşaqların məktəbə hazırlığı istiqamətində effektli nəticələr vəd edən bu layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə ilkin təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, şəffaflığın və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. İlahə Rəsulova onu da söylədi ki, yeni tədris ilində daha bir yeniliklə fəaliyyətlərinin məzmununu zənginləşdirəcəklər. Bu, icma əsaslı valideyn assosiasiyasının yaradılması planıdır. Nəzərdə tutulan həmin plan reallaşanda onun müsbət nəticələri ilk növbədə təlimin keyfiyyətinin yüksəlməsində özünü göstərəcək.
Təhsil ocağı ilə işləməyi xoşlayan və bu sahədə səriştəsi olan fəal valideynlər bu assosiasiyaya cəlb ediləcəklər. Onlar valideynləri maarifləndirmək və onların bacarıqlarını artırmaq istiqamətində fəaliyyət göstərəcəklər. Mütəmadi olaraq təlimlər keçirməklə valideyinlər də məktəblə birlikdə ibtidai təhsilin yaxşılaşdırılmasına yönələn layihələrdə fəal iştirakçılar olacaqlar.
Layihə çərçivəsində məlumatlılığın səmərəliyini artırmaq üçün mobil-elektron proqram yaradılacaq. Eyni zamanda yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması da nəzərdə tutulur. Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə bir qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında olan 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanından faydalana biləcək.
Sonda İlahə Rəsulova "İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin uğurla davam etdiriləcəyinə və bu layihənin məktəbəqədər təhsilin forma və məzmun kontekstində effektliliyinin artırılmasında önəmli rol oynayacağına əminliyini ifadə etdi.
"Azərbaycan müəllimi" qəzeti