"Məktəblərdə şagirdlərə ödənişsiz süd verilməsi"
SSRİ dövründə Azərbaycan məktəblərində şagirdlərə hər gün ödənişsiz süd paylanması uzun illər davam edən sosial siyasətin mühüm elementlərindən biri idi. Bu addım o dövrdə uşaqların fiziki inkişafını dəstəkləmək, məktəbli sağlamlığını gücləndirmək və cəmiyyətin gələcəyinə sərmayə qoymaq məqsədi daşıyırdı. Sovet İttifaqı dağıldıqdan sonra bu praktika ləğv olunsa da, bu gün təhsildə sağlam qidalanma mövzusu yenidən gündəmə gəlib. Xüsusilə də beynəlxalq təcrübədə məktəblilərin qidalanmasının dövlət siyasətinə çevrildiyi ölkələrin sayı artdıqca, Azərbaycanda da bu modelin tətbiqi müzakirə olunur.
Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli açıqlamasında bildirib ki, ödənişsiz qidalanma yalnız sosial addım deyil, eyni zamanda təhsil nəticələrini artıran fundamental amildir:
“Finlandiya, İsveç, ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrdə məktəblilərə ödənişsiz yemək verilir. Bu təsadüfi qərar deyil. Məktəb mühitində qidalanma sadəcə sosial güzəşt deyil, uşağın dərsdə diqqətini, intellektual performansını, psixoloji balansını və fiziki inkişafını formalaşdıran əsas faktorlardan biridir. Doymuş uşaq oxumağa, öyrənməyə daha meylli olur, nəticələr daha stabil yüksəlir və gələcəkdə sağlam insan kapitalı formalaşır. Dünyanın qabaqcıl ölkələri bunu çox yaxşı bildiyi üçün qidalanma məsələsini təhsil siyasətinin ayrılmaz hissəsinə çevirib”.
Ə.Həsənli SSRİ dövründə şagirdlərə verilən südün də bu məntiqə əsaslandığını xatırladıb:
“Bu mövzunun Azərbaycan üçün ikinci maraqlı tərəfi SSRİ dövrünə gedib çıxır. Həmin illərdə məktəblərdə şagirdlərə ödənişsiz süd verilməsi ənənəsi mövcud idi və bu addım dövlətin sağlam nəsil yetişdirmək məqsədindən irəli gəlirdi. Südün uşaqlar üçün faydası elmi baxımdan danılmazdır. O, sümük və skelet sisteminin möhkəmlənməsinə, beyin fəaliyyətinin yaxşılaşmasına, immunitetin güclənməsinə təsir edir. Keçmiş sistem hər nə qədər fərqli olsa da, bu tədbirin mahiyyəti müsbət idi və bir çoxları üçün bu gün də xatırlanan qarşılıqlı sosial təminat modeli idi”.
AzTehsil.com xəbər verir ki, ekspertin fikrincə, bu ənənə yenidən həyata keçirilə bilər
“Bu ənənənin hazırkı dövrdə yenidən tətbiqi müzakirəyə dəyər və mən düşünürəm ki, strateji baxışla reallaşdırıla biləcək bir yanaşmadır. Təbii ki, bu proses dərhal bütün ölkə miqyasında həyata keçirilə bilməz. Amma mərhələli şəkildə başlanılması, xüsusilə sosial həssas qruplardan, bölgələrdən və böyük şagird kontingenti olan məktəblərdən start verilməsi həm iqtisadi, həm də idarəetmə baxımından daha real görünür. Belə bir proqram təkcə uşaqların sağlam böyüməsinə deyil, paralel olaraq yerli süd istehsalının canlanmasına, kənd təsərrüfatının güclənməsinə və milli iqtisadi dövriyyənin içəridə qalmasına da xidmət edə bilər. Yəni bu addım bir uşağa verilən bir stəkan süd ilə ölçülmür, bu, bütöv bir cəmiyyətin gələcəyinə qoyulan investisiyadır”.
Ə.Həsənli qeyd edib ki, əgər bu yanaşmaya məktəblilərin sağlam qidalanması komponenti də əlavə olunsa, nəticədə daha balanslı, daha enerjili, daha düşünən və daha yaradıcı nəsil formalaşa bilər:
“Azərbaycan sürətlə dəyişən və inkişaf edən ölkədir. Təhsil sahəsində son illərdə aparılan islahatlar göstərir ki, dövlət gələcək nəsillərin rifahını prioritet olaraq görür. Ödənişsiz yemək sistemi geniş maliyyə tələb etsə də, ən azından süd kimi qida məhsulunun yenidən məktəb mədəniyyətinə qaytarılması real və faydalı addım ola bilər. Bu məsələ təkcə maddi dəstək kimi yox, intellektual kapitalın yüksəldilməsi üçün strateji qərar kimi görülməlidir. Gələcəyin güclü Azərbaycanını qurmaq üçün sağlam uşaq yetişdirmək lazımdır və bunun başlayacağı yer məktəb, təhsilin özüdür. Dövlət bu addımı atacağı halda, uzun illərin perspektivində həm insan kapitalını, həm də cəmiyyətin rifah səviyyəsini yüksəldən bir sistem qura bilər.
Bir stəkan süd bəzən bir kitabdan daha çox inkişaf gətirə bilir, çünki sağlam uşaq oxumağa daha çox hazırdır”.![]()













