Xəbərlər / Valideyn / Müəllim
18 fevral 2019
10 994


3-4 yaşlı uşaqların məktəbi

3-4 yaşlı uşaqların məktəbi

 

 
İcma əsaslı Uşaq Təhsil mərkəzləri məktəbəqədər təhsilin əhatəliliyini artırır

Tədqiqatlar göstərir ki, insanın daha aşağı yaş qrupunda, yəni 5-6, hətta 3-4 yaşından öyrənməyə başlaması, təhsilin keyfiyyətinin artırılmasında, insanın dünyagörüşünün və intellektinin inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına bir neçə ildir cəlb edilməsinin müsbət nəticələri artıq müşahidə edilir. Belə bir vaxtda Təhsil Nazirliyi Avropa İttifaqının dəstəyi ilə yeni layihəyə start verərək, bu dəfə 3-4 yaşlı uşaqları məktəblərdə toplayıb. Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində mərkəzlər fəaliyyətə başlayıb. Artıq 10 rayonda bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 icma təşkil edilib. Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarında 1000 uşağı əhatə edən bu layihədə təkcə Quba rayonundan 3 məktəb iştirak edir. 2006-cı ildə istifadəyə verilən İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi, 2012-ci ildə istifadəyə verilən 2-ci Nügədi kənd 3 nömrəli tam və 2017-ci ildə istifadəyə verilən 132 şagird yerlik Çartəpə kənd ümumi orta məktəblərinin hər birində 3-4 yaşlı uşaqlardan məktəbəhazırlıq qrupları təşkil olunub. Təhsil Nazirliyinin təşkil etdiyi səfər çərçivəsində jurnalistlər həmin məktəblərdən ikisində yaradılan, ölkəmiz üçün ilk təcrübə sayılan icma əsaslı Uşaq Təhsil mərkəzlərində olublar.

 Qəçrəşdə uşaqlar danışmağı sevmirlər

Qubada icma əsaslı məktəbəhazırlıq qruplarının yaradıldığı 3 məktəbdən biri - şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzində qrup 22 nəfərdən təşkil edilib. İçəriyə daxil olmaq üçün qapının qarşısına qoyulan daxıllar jurnalistləri təəccübləndirir. Sinfə daxil olduqdan sonra anlayırsan. Balaca məktəblilər ayaqqabılarını çıxarıb girirlər sinfə. Otağın istiliyi münasibətlərə də təsir göstərib.

Sinifdə həm 3, həm də 4 yaşlı uşaqlar var. Hələlik onları ayırmağa imkan yoxdur. Elə materiallar da 3-4 yaş üçün nəzərdə tutulduğundan, onların bir yerdə məşğələlərə cəlb olunmasında hər hansı problem görünmür.

Yağmur Bədirova, Dəniz Ələsgərova, Məqsəd Əlirzayev uşaqların ən fəallarıdır. Üçü də yaxşı şeirlər bilir. Soruşana bildikləri şeirləri həvəslə deyirlər. Qrupun müəllimi Fidan Əlüsmanova ixtisasca ibtidai sinif müəllimidir. Əvvəllər bağçada çalışdığı üçün indi kiçikyaşlı "məktəblilər”lə işləmək ona çətinlik yaratmır: "2 gün təlimdə iştirak etdim. Sonra gəlib işə başladım. Yanvar ayından məşğələlər keçirik.

Avqust ayının əvvəlinədək davam edəcəyik. İş prosesində ən böyük çətinliyim 3 yaşlı uşaqları idarə etməkdə yaranır. Növbətçilik əsasında valideynlər dərs prosesinə cəlb olunur və mənə dərsdə uşaqlara nəzarət etməkdə kömək edirlər. Hərəkətli olsalar da, uşaqları danışdırmaq, demək olar, mümkün olmur. Bu baxımdan hələlik çox passivdirlər. Ancaq gəldikləri vaxtdan bəri xeyli fərq də var. Danışmasalar da, işləməyə çox həvəslidirlər”.

Valideynlər də prosesin fəal iştirakçısıdır

Qaydaya görə, icma əsaslı təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər.

Məqsəd Əlirzayevin anası Gülşən deyir ki, bura gələndən uşağın nitqində xeyli inkişaf müşahidə edir: "Özünü indi daha yaxşı aparır, rəftarı normallaşıb. Burada öyrəndim ki, sən demə, usağı düzgün yönləndirə bilməmişəm. Diqqətini cəlb etməyi, mənə qulaq asmasını indi daha yaxşı təmin edə bilirəm. Səhvini başa salmağı burada öyrəndim”.

Valideynlərdən Təranə Ramazanova isə nəvəsinə görə buradadır: "4 nəvəm var. Bir nəvəm də birinci sinifdə oxuyur. Ancaq indi nəvəm Yunis Ramazanovu gətirmişəm. İkimiz də bu qrupda məşğələlərdə iştirak edirik. Nəvəm sakit, sözəbaxan olduğu üçün mənim dərsdə iştirak etməyimə ehtiyac qalmır. Elə dəhlizdə oturub Yunisin çıxmağını gözləyirəm. Müəllimi də, uşaqlar da çox həvəslidirlər. Hər gün maraqla gəlirlər. Bura gələndən onda o qədər çox fərq olub ki...”

Nügədidə oyuncaq üstündə daha dava düşmür

Bu da Qubanın 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbində yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzi. Məşğələlərə 20 nəfər 3-4 yaşlı uşaq cəlb edilib.

Uşaqlarla Elmarə Süleymanova işləyir. O, orta məktəbi 4 ildir bitirib. Təlimlərdən sonra azyaşlı uşaqlarla işə başlayıb: "Uşaqlarla işləmək həmişə xoşuma gəlirdi. Məktəbi qurtarandan sonra nə təhsil ala, nə də hər hansı bir yerdə işləyə bildim. Bu layihə barədə eşidəndə dərhal müraciət etdim. Müsahibədən keçdim və təlimlərə başladım. Artıq işləyirəm. İşimi çox sevirəm”.

Rəşad Süleymanlı 4 yaşındadır. Nicat Sultanovla dostdur. Fürsət tapıb Ziyadan şikayətlənirlər. Nicat deyir ki, Ziya ilə dost imiş, ancaq daha onu istəmir. Hələlik ancaq Rəşadla arası yaxşıdır. Deyir, Rəşaddan başqa dostu yoxdur. Özü də burda dostlaşıblar. "Müəlliminizi dəyişəkmi?”, - deyə 4 yaşlı balaca dostları sınağa çəkirik, etiraz edirlər.

Əsmanur Qədirovanın qohumu Günəş xanım qaynı qızındakı dəyişiklikdən danışır: "Əvvəllər çox ağlağan qız idi. Məktəbə gəlib-getməyə başlayandan daha sakitdir”.

Öz övladı artıq yuxarı sinifdə oxuyan Günəş xanımın sözlərinə görə, uşaqlarla səbirli olmaq lazımdır: "Onları maraqlandıran şeylərlə bağlı danışmaqdan boyun qaçırmaq düz deyil”. 

Gülnur Baharovanın nənəsi Dilzarə deyir ki, bu layihə çox ürəyincə olub: "Uşaqlara burada hər şey öyrədirlər. Müəllimlərindən də, bu layihəni düşünüb həyata keçirənlərdən də çox razıyıq. Burada uşaqlar yaxşı şəkillər çəkirlər. Gülnurda hamı dəyişiklik hiss edir. Oyuncaqlarını evdəki başqa uşaqlarla paylaşır”.
3-4 yaşlı uşaq nə bilməlidir?

Nənə Dilzarə Baharova "burada hər şey öyrədirlər” dedi. Maraqlıdır, nə öyrədirlər? 3-4 yaşlı uşaq nəyi bilməlidir? Bu uşaqlar məşğələlərin başladığı yanvar ayından bu yana nə öyrəniblər, indi nəyi bacarırlar?

Artıq qeyd etdiyimiz kimi, dərslərə yanvar ayından start verilib. Məşğələlərdəki mövzuları estoniyalı ekspertlər hazırlasa da, azərbaycanlı mütəxəssislər onu ölkə təlim-təhsil sisteminə uyğunlaşdırıb. Həftə ərzində qoyulan mövzuya uyğun olaraq həftənin sonuncu təlim günündə uşaqlar "İş dəftəri” işləyir. "İş dəftəri”nin tələbinə uyğun olaraq sinifdə müəllimlə  başlayan  iş  evdə  davam  etdirilir.

Avropa İttifaqının maliyyələşdirdiyi vətəndaş qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması layihəsinin meneceri İlahə Rəsulovanın sözlərinə görə, məşğələlərdə 3-4 yaşlı uşaqların bilməli olduğu şeylər öyrədilir. Bunun üçün əvvəlcədən meyarlar hazırlanıb. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. Uşaqlara sosial emosional vəziyyət və özünəxidmət vərdişləri aşılanır. Məsələn, artıq özlərini təqdim etməyi öyrəniblər. Bunu heç də pis bacarmırlar. Hətta özünü valideynlərindən daha yaxşı təqdim edənlər belə var. Özü, dostları barədə çox rahatlıqla danışırlar.

Onlar burada həftənin hansı günü, günün hansı saatı olduğunu öyrənir, qruplarındakı uşaqların və onlarla işləyən şəxslərin adını bilir, doğru-yanlış davranışları, rəngləri ayırd edir, böyük-kiçiyi fərqləndirir, böyüklərin istəyi və yönləndirməsi ilə əşya və meyvələri göstərirlər. Ətraf mühitlə tanışlığa da bu yaşda başlayırlar. Sağlamlıq, gigiyena, bədən üzvlərini və onların funksiyasını adlandırır, deyilənləri anlayır, oyun zamanı yaşıdları ilə ünsiyyət yaradırlar. 3-5 rəqəmi adlandırır, 10-a qədər sayırlar. Sadə kompozisiyalar qururlar.

Mən piyadayam

Təhsil mərkəzlərində məşğələlər həftənin 4 günü keçirilir. Layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla, yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır.

Bugünkü məşğələnin mövzusuna gəlincə... İcma əsaslı məktəbəqədər təlim mərkəzində 3-4 yaşlı balaca məktəblilər yoldakı "status”larını öyrənirlər. Bu gün onlar piyadadırlar. Yəni, bir piyadanın bilməsi zəruri olan şeyləri, yolda piyada hərəkətin sadə qaydalarını ən sadə yolla öyrənirlər. Qara kağızda ağ qələmlə piyada keçidi rəngləyirlər.
Onlar belə qiymətləndirilir     

 Bəs, 3-4 yaşlı uşaqların burada keçirdiyi 2-3 saatın nəticəsi necə qiymətləndirilir? Onların nəsə öyrənib-öyrənmədiyi necə müəyyənləşdirilir?

İlahə Rəsulovanın əlində 3 rəngdən ibarət xanalar var. Qırmızı xanada uşaqların bacarmadıqları, sarı xanada valideyn və ya müəllimlərin köməyi ilə bacardıqları qeyd edilir. Yaşıl isə onların təkbaşına bacardıqlarıdır:

"Gələndə adını, özünü təqdim etməyi bilmir və bu, qırmızı xanada qeyd edilir. İlin sonunda uşaqlar hamısını bildiyi üçün nəticələri yaşıl xanaya keçir”.

Sağlamlıq imkanı məhdud uşaqlar da cəlb edilir

 İlahə Rəsulovanın sözlərinə görə, Quba rayonunda təşkil edilən 3 qrupun heç birində sağlamlıq imkanı məhdud uşaqlar yoxdur: "Ancaq bu qruplara sağlamlıq imkanı məhdud uşaqlar da cəlb edilməlidir və edilir. Quba rayonunda olmasa da, başqa rayonlarda təşkil edilən qruplarda belə uşaqlar da təlimlərə qatılır. Onlar üçün xüsusi proqram hazırlayırıq”.

Layihə başa çatdıqdan sonra

Dərslərə yenicə başlanılsa da, layihə oktyabr ayından start götürüb. İcra  müddəti 30 ay nəzərdə tutulub. İndiyədək materiallar hazırlanıb, müəllimlərə təlim keçilib. Onlar iki ay ərzində keçiləcək mövzular üzrə təlimatlandırılıblar. Növbəti həftə yenidən müəllimlər təlimlərə cəlb ediləcək. Bu dəfə 3 ayın proqramı əsasında təlimatlandırılacaqlar.

Ancaq bu prosesin sonunda bizi nə gözlədiyi ilə də maraqlanmamaq mümkün deyil. 30 ayla məhdudlaşan bu layihənin taleyi necə olacaq?

Hələlik icraçıları prosesin nə qədər uğur qazanacağı maraqlandırır. Çünki layihənin sonrakı taleyi məhz bundan asılı olacaq. 30 ay ərzində uğur qazanarsa və valideynlər də bu prosesin davam etməsini arzulayarsa, layihə davam edəcək. Ancaq bu dəfə layihəni Avropa İttifaqı deyil, valideynlər özü maliyyələşdirməli olacaqlar: "Davamlılıq üçün hər dəfə donor tapmaq çətindir. Valideynlər kiçik məbləğ də olsa, verməli olacaqlar. Çünki dərs prosesində ləvazimatlardan istifadə edilir. Bu ləvazimatları hazırda Avropa İttifaqı təmin edir. Gələcəkdə bunu özümüz almalı olacağıq. Bundan başqa, müəllimlər də maaş almalıdırlar. Hazırda layihədə iştirak edən 50 müəllim 170 AZN maaş alır”.

Bəs, prosesi Təhsil Nazirliyinin davam etdirməsi mümkündürmü?

 İlahə Rəsulovanın fikrincə, layihəyə böyük maraq var: "Nazirlər Kabinetinin 2018-ci ilin fevral ayında verdiyi ailə-icma əsaslı kiçikmüddətli təlim qruplarının yaradılması ilə bağlı 64 saylı qərarını da nəzərə alsaq, bu, mümkündür.  Bağçaların tikilməsi və fəaliyyətinin təşkili böyük vəsait tələb edir. Bu iki-üç saatlıq icma əsaslı qrupların təşkili və sistemli proqram əsasında məşğələlərin keçilməsi daha effektivdir, nəinki bütün gün ərzində olan bağçalar. Odur ki, valideynlərin də istəyi olarsa, onların cüzi köməyi ilə prosesi sonradan Təhsil Nazirliyi davam etdirə bilər”.

Valideyn assosiasiyası yaradılacaq

 Hələlik layihə məqsədyönlü şəkildə davam etdirilir. Əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. Bu layihədə valideynlər, məktəb, bələdiyyənin iştirakı ilə məktəbəqədər təhsilin genişləndirilməsi nəzərdə tutulub: "Elə rayonlarımız, rayonlarda elə yerlər var ki, orada bağça yoxdur, məktəbəqədər hazırlıq isə məhdud səviyyədədir. Ona görə də hazırlıq qruplarının açılması həm məktəbəqədər təhsilin, həm valideynlərlə məktəb arasında əlaqənin genişlənməsinə xidmət edir”.

Valideynlərlə məktəb arasında əlaqənin genişləndirilməsinə nail olmaq üçün icma əsaslı valideyn assosiasiyasının yaradılması da nəzərdə tutulub. Hələlik bu proses başlamasa da, müəyyən hazırlıqlar gedir. İlahə Rəsulovanın sözlərinə görə, hazırda valideynlər arasında sorğu keçirilir. Valideyn assosiasiyası fəaliyyətə başlayandan sonra ibtidai siniflərdə uşağı təhsil alan valideynlərlə də iş nəzərdə tutulub. Fəal valideynlər bacarıqlarının inkişafı üçün təlimlərə cəlb olunacaqlar. Məktəblə birlikdə layihələr həyata keçirəcəklər. İbtidai təhsil səviyyəsində təhsilin keyfiyyətinin artırılması məqsədi ilə layihələr nəzərdə tutulub.

Lakin bu, növbəti mərhələrdə reallaşdırılacaq. Hələlik valideynlər arasında aparılan sorğularda onların uşaqları ilə necə məşğul olduqları, hansı çətinliklərlə qarşılaşdıqları araşdırılır. Nəticələr təhlil edildikdən sonra valideynlər arasından assosiasiyanın üzvləri seçiləcək. Uşaqları ibtidai sinifdə oxuyan valideynlərin assosiasiyası həmin valideynlərin məktəblə əlaqəsini genişləndirəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

“Bir yaşlı uşaqlar üçün də təhsil müəssisələrin açılması nəzərdə tutulub” – Məhəbbət Vəliyeva

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

“İmtahan uşaqlar üçün ciddi stress mənbəyidir” - Deputatdan həyəcan siqnalı

“İmtahan uşaqlar üçün ciddi stress mənbəyidir” - Deputatdan həyəcan siqnalı

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...