"Diaqnostik Qiymətləndirmədə istifadə olunan test tapşırıqlarını çətinlik dərəcəsinə görə müqayisə etsək, Müəllimlərin İşə Qəbulu imtahanında verilən suallardan asandır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi-ekspert Günel Əliyeva bildirib. O, Diaqnostik Qiymətləndirmə və Müəllimlərin İşə Qəbulu imtahanına düşən sual tipləri, imtahan proqramı, hansı vəsaitlərdən, necə hazırlaşmaq lazım olduğu haqqında danışıb:
"Müəllim eləcə də müəllim olmaq istəyənləri ən çox maraqlandıran sual imtahana hansı vəsait, proqramla, necə hazırlaşmaq mövzusudur. İmtahanda iştirak edənlərin yüksək nəticə göstərməsi üçün əvvəlcə iştirakçıların məqsədləri aydın olmalıdır. Məqsədə çatmaq üçün məzmun və metodun vəhdətini, uzlaşmasını təmin etmək lazımdır. Məzmun nədirsə, seçdiyin üsul da mütləq məzmunla uyğunlaşmalıdır. Yəni, ilk olaraq dərk edilməlidir ki, istər Diaqnostik qiymətləndirmə, istərsə də Müəllimlərin İşə Qəbulu imtahanında, müəllim olmaq istəyənlərin biliklərinin üzə çıxarılmasına əsaslanır. Daha sonra isə buna müvafiq olaraq hazırlıq proqramlaşdırılmalıdır”.
Təlimçi-ekspert Diaqnostik Qiymətləndirmənin hansı məqsədlə həyata keçirilməsindən də danışıb:
"Diaqnostik qiymətləndirmə müəllimlərin biliklərinin ilkin səviyyədə qiymətləndirilməsidir. Yunancadan tərcümədə "dia- şəffaf" , "qnozis" "qiymətləndirmə" deməkdir. Diaqnostik Qiymətləndirmədə verilən suallar isə dərslikləri əhatə edir. Əgər müəllim olmaq istəyənlər orta məktəb dərsliklərindəki mövzuları yaxşı bilirlərsə, bu sualları cavablandırmaq onlar üçün çətin olmayacaq. İmtahana hazırlaşanlar DİM test vəsaitlərini işləməklə bərabər, həm də peşəkar müəllimlərin tərtib etdiyi test toplularından istifadə etməkləri tövsiyə olunur. Ən mühüm məqam isə imtahana düzgün istiqamətdə tam proqramı əhatə edəcək səviyyədə hazırlaşmaqdır.
İbtidai sinif müəllimlərinin imtahanda qarşılaşa biləcəkləri sualların da məzmunu getdikcə dərinləşir ki, bu da onlardan məhdud deyil, daha geniş səviyyədə hazırlaşmağı tələb edir. Nümunə olaraq qeyd edim ki, Azərbaycan dili suallarınının hamısının düzgün cavablandırılması üçün 5- 9-cu sinif ilə bərabər, 10- 11- ci sinfə aid qaydaların öyrənilməsi də tövsiyə olunur.
Testlərdə qarşınıza dil, yazı, nitq mədəniyyəti, ədəbi dilin normaları- fonetik, leksik, qrammatik normaları ilə bağlı suallar çıxa bilər ki, bu sual tipləri 10- 11- ci sinif dərsliklərinə aiddir. Nəzərə almaq lazımdır ki, yalnız Azərbaycan dilininin bütün proqramını öyrəndikdə bütün siniflərə aid test modellərini rahatlıqla cavablandıra bilərsiniz .
Diaqnostik Qiymətləndirmədə istifadə olunan test tapşırıqlarını çətinlik dərəcəsinə görə müqayisə etsək, Müəllimlərin İşə Qəbulu imtahanı suallarından asan olduğunu qeyd edə bilərik”.
Günel Əliyeva bildirib ki, MİQ imtahanına salınan testlərin çətinlik dərəcəsinin artması bu istiqamətdə aparılan islahatlar, təkmilləşdirmə ilə bağlıdır:
"MİQ-in ilk dəfə tətbiq olunduğu vaxtlarda Kurikulum üzrə düşən sualların bu gün imtahana düşəcəyi ehtimalı sıfıra bərabərdir. Məsələn: O vaxtlar imtahanda istifadə olunan suallardam bir neçəsinə baxaq: "Diaqnostik Qiymətləndirmə nədir?”, "Formativ Qiymətləndirmə hansı məqsədlə həyata keçırilir?”, "KSQ vasitələri kim tərəfindən hazırlanır?” və s… Bir neçə nümunədən də göründüyü kimi Kurikulum suallarının sadə, asan olması o zaman ölkəmizdə yeni tətbiqi və hazırlıq materialları, vəsaitlərinin az olması ilə əlaqədar idi. Bu gün isə yeni təhsil proqramı- Kurikulum ilə bağlı ayrı- ayrı müəllif və təlimçilər tərəfindən hazırlanan vəsait, test topluları həmin çətinlikləri aradan qaldırmağa, imtahana düzgün istiqamətdə hazırlaşmağa kömək edir.
Müəllim olmaq istəyənlərin çoxluğu rəqabəti daha da artırır. Buna görə də tam proqramı əhatə edəcək səviyyədə dərslik və hazırlıq vəsaitlərini dərindən öyrənməklə bərabər, onlayn test modellərinin işlənilməsi məqsədəuyğundur”.
"Metodika və məntiq sualları çətinlik dərəcəsinə görə bütün ixtisaslar üzrə demək olar ki, eynidir”.
Təlimçi-ekspertin sözlərinə görə, son illər Kurikulum ilə bərabər Pedaqogika üzrə suallar da üstünlük təşkil edir:
"Pedaqogika suallarını cavablandırarkən onların psixologiya ilə əlaqəsinin aşkar edilməsinə diqqət yetirmək vacibdir. Müəllimlərin ən çox ünvanladığı suallardan biri isə Kurikulum( Pedaqogika), Məntiq suallarının ayrı- ayrı ixtisaslar üçün çətinlik dərəcəsinə görə fərqinin olub- olmaması ilə bağlıdır. Metodika və məntiq sualları çətinlik dərəcəsinə görə bütün ixtisaslar üzrə , demək olar ki, eynidir. İmtahanda yüksək nəticə göstərmək üçün məntiqi, düşündürücü, çətin, situsiya, açıq tipli sual, testlərlə biliyinizi möhkəmləndirməyiniz lazımdır. Qeyd etdiyim kimi Kurikulum ilə yanaşı, Pedaqoji və psixoloji biliyiniz vəhdət təşkil edərsə Metodika suallarını dərhal cavablandıra biləcəksiniz. Nümunə üçün son illər imtahana düşən bir neçə sual tipinə diqqət edək: "Ünsiyyət bacarıqlarını seçin”, "Diferensial təlim nədir?”, "Psixomotor taksonomiyanın mərhələlərinin ardıcıllıqla verildiyi variant hansıdır?”, "Təlim və tərbiyənin oxşar prinsiplərini müəyyən edin” və s.
Kurikulum üzrə istifadə olunan suallar arasında Taksonomiya, Fasilitasiya qaydaları, Fəal təlimin mexanizmləri, Kurikulumun prinsipləri, Fənn Kurikulumlarının strukturu, Təlimin təşkili prinsipləri, Qiymətləndirmə ilə bağlı suallar çox düşür. Qiymətləndirməyə aid olanlar arasında isə Məktəbdaxili xüsusən də formativ qiymətləndirməyə aid suallar üstünlük təşkil edir.
Günel Əliyeva bildirib ki, imtahana hazırlaşanlar ixtisas suallarını düzgün cavablandırmaq üçün yeni kurikulum dərsliklərini dərindən öyrənməlidirlər:
"İmtahanda Ədəbiyyat fənnindən 10-11- ci siniflər üzrə müqayisəli, ortaq suallar olsa da, 5- 8- ci sinif sualları daha asan olur. Lakin unutmayın ki, o sualları cavablandırmağınız üçün 5- 8- ci sinif üzrə imtahana düşəcək bütün hekayələri, şeirləri bilməyiniz, mövzularını dərk etməyiniz lazımdır.
Azərbaycan və Xarici dil suallarının oxsar tərəfi isə əsasən söz ehtiyatının yoxlanılmasıdır. Əgər söz ehtiyatınız çoxdursa, qrammatik qaydaları da cavablandıra bilərsiniz. Söz ehtiyatınız azdırsa, qrammatika, dil qaydaları da köməyinizə çatmaya bilər. Söz ehtiyatınızı zənginləşdirməyə çalışın. Digər bir oxşarlıq isə hər iki fənn və mətn üzrə iş ilə bağlıdır. Mətnlərin həcmi böyük olsa da, mətnə aid suallar bir o qədər də çətin olmur.
Müəllimlər üçün nəzərdə tutulan imtahanlar müəllimlərdən nəinki akademik qabiliyyət, həm də pedaqoji və psixoloji biliklər, kompetensiya( səriştə), tədqiqatçılıq tələb edir”.