Pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq.
"Ümumiyyətlə, pis şəraitə baxmayaraq, biz tədrisdən heç də geri qalmırıq. Məktəbimiz rəqabətdə olan təhsil ocağıdır. Təhsil yüksək səviyyədə tədris olunur. Bina məsələsi həll olunsa, təhsilin səviyyəsi daha da yüksəlmiş olacaq. Maddi bazamız, şəraitimiz düzəlsə, daha yaxşı olardı. Sinif otaqlarını odun peçi ilə isidirik. Odun dövlət tərəfindən verilir. Gələcəkdə kombi sistemi olsa, daha yaxşı olardı", - deyə, məktəbin fizika müəllimi Vüsal Bayramov əlavə edir Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bilal Heydərov Meydan TV əməkdaşı ilə söhbətində bildirib ki, ötənilki zəlzələdən sonra məktəb binası daha təhlükəli vəziyyətə düşüb:
"Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etdik. FHN-nin nümayəndələr gəlib, məktəbə baxış keçirdilər. Bundan başqa, Təhsil Nazirliyindən nümayəndə İH-də olub, baçşı ilə görüşüb, bildirilib ki, artıq layihə hazırdır, 2019-cu ildə məktəbin tikintisinə başlanılacaq. Yəni bizi 100 faiz əmin ediblər".
Lerik rayonu Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev Meydan TV-yə açıqlamasında Lerik rayonu ərazisində 10 modul məktəbin inşa edildiyini söyləyir.
"Həmin məktəblərin bəziləri artıq istifadəyə verilib. Lerik Rayon İcra Hakimiyyəti rayonda mövcud olan bütün müəssisələr, o cümlədən tədris ocaqları ilə daim maraqlanır və lazımi köməkliyi göstərir. Bu yaxınlarda Siyov kənd məktəbinin tikintisnə başlanılacaq. Mən təhsil şöbəsinin müdiri olaraq çalışıram ki, təkcə Siyov deyil, Lerik rayonu ərazisində qəzalı vəziyyətdə olan digər kənd məktəbləri inşa və bərpa olunsun".