Lerik rayonu, M.Qafarov adına Siyov kənd tam orta məktəbinin hazırki acınacaqlı vəziyyətini əks etdirən videogörüntülər göndərilib.
Görüntülərə əsasən məktəbin hazırki vəziyyəti çox bərbaddır və tədris mərkəzi üçün uyğun deyil.
Məsələ ilə bağlı Siyov kənd tam orta məktəbinin direktor əvəzi Zöhrab Mürşüdovla əlaqə saxladıq.
Direktor vəzifəsini müvəqqəti icra edən Zöhrab müəllim bildirdi ki, həqiqətən məktəbin vəziyyəti acınacaqlıdır. "Məktəbimizin 160 şagirdi və 24 müəllimi var . Bu il məktəbdən 14 nəfər ali məktəbə, 6 nəfər isə orta ixtisas məktəbinə daxil olub. Həmin şagirdlər bu biliyi repetitor yanına getmədən, məktəbin köməkliyi ilə əldə ediblər. Şagirdlərimizdən 486 bal toplayanlar da olub. Bu kənd məktəbi üçün normal göstəricidir. Bizim məktəbin bir çatışmayan cəhəti ingilis dilindən müəllimin olmamasıdır. Çünki bizim məktəbə dərs deməyə gələn müəllimələr bir müddətdən sonra analıq məzuniyyətinə çıxır, 3 ildən sonra da 2-ci məzuniyyət götürürlər. Əziyyətini isə məktəb çəkir. İngilis dilindən kadr çatışmır”.
Direktor bildirdi ki, məktəbdə davamiyyət yüz faizdir. "Müəllim heyətimiz də güclüdür. Bu il Diaqnostik Qiymətləndirmədən 6 müəlllim 50-dən yuxarı nəticə əldə edib, bir nəfər isə 58 bal yığıb. Cəmi 2 müəllimimiz 50-dən aşağı nəticə göstərib.
Qonşu kənddə bir məktəb var, 35 şagirdi olar, ya olmaz. Həmin məktəbin lüks şəraiti var. İldə 1 şagird qəbul olar, ya yox. Bizim isə hər cür imkanımız var, sadəcə olaraq şərait yaratmırlar ki, biz dərs keçək. Məktəbin şəraiti ucbatından şagirdlər burdan köçüb gedirlər”.
Zöhrab Mürşüdov açıqlamasında qeyd etdi ki, məktəbə kömək etməyə şəxsi imkanı yoxdur. "2-ci qrup Qarabağ əliliyəm, ürəyimdən təzə əməliyyat olmuşam. Mənim maddi imkanım o qədər də yaxşı deyil ki, öz hesabıma məktəbə kömək edəm. Dəfələrlə Təhsil Nazirliyinə, rayon icra hakimiyyətinə müraciət etmişəm. Cavab almamışam. Keçən il Təhsil Nazirliyindən 3 nəfər yoxlamaya gəldi. Keçmiş direktorun işində bəzi nöqsanlar araşdırıldı, nəticədə işindən azad edildi. Təhsil Nazirliyi məktəbin vəziyyətini gördü. Məktəb neçə ildir suvaqsız qalıb. Qışda bizə soba, odun vermədilər. Dağ yeridir, dəniz səviyyəsindən 1500 m yuxarıda yerləşir, qışı çox soyuq keçir. Bizim dərdimizə çarə edən yoxdur. Müvafiq orqanlardan xahiş edirəm ki, məktəbimizin təmirinə kömək etsinlər”.
Lerik rayonu, M.Qafarov adına Siyov kənd tam orta məktəbinin hazırki vəziyyətini əks etdirən videogörüntüləri təqdim edirik:
A24.az