Polşa Respublikasının Nikolay Kopernik adına Torun Universitetinin doktoranturaya qəbul şöbəsinin müdiri, professor Donuta Pleçka və Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek Bakı Slavyan Universitetinə ikinci dəfə mühazirə oxumaq üçün gəliblər. Müəllimlər Bakı Slavyan Universitetində olacaqları iki həftə müddətində tələbələrə Polşanın tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası, siyasəti barədə mühazirə oxuyacaqlar.
Bizimlə görüş zamanı Azərbaycanla Polşa arasında isti münasibətlərdən danışan polyak müəllimlər azərbaycanlı tələbələrin Polşa barədə mükəmməl biliklərə malik olduğunu bildirdilər. Professor Yoanna Marşalek qeyd etdi ki, polşalı müəllimlər tərəfindən ötən il polyak dili üzrə təhsil alan BSU tələbələri arasında sorğu keçirilmiş və sorğunun nəticəsində azərbaycanlı gənclərin milli mənəvi dəyərlərə, mentalitetə və öz tarixi köklərinə möhkəm tellərlə bağlı olmaları bir daha aydın olub. Onun sözlərinə görə, BSU tələbələrinin arasında aparılan bu sorğunun nəticələri ilə bağlı Polşada məqalə dərc olunub.
Professor Yoanna Marşalek onu da diqqətə çatdırıb ki, Bakı Slavyan Universitetinin rektoru professor Nurlana Əliyevanın təşəbbüsü ilə Polşada BSU alimlərinin məqalələrindən ibarət olan toplu işıq üzü görüb. Xanım Yoanna həmin məcmuələri universitetə təqdim etdiyini bildirib. Yeri gəlmişkən, qeyd edək ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva və elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Polşada çıxan "Nowa polityka wschodnia” elmi jurnalın redaksiya heyətinin üzvü seçiliblər.
Azərbaycanlıların öz milli dəyərlərini qorumasını müsbət hal kimi qiymətləndirən polyak müəllimlər etnik-mədəni fərqlərin tələbələr arasında münasibətlərdə heç bir problem yaratmadığını qeyd ediblər.
Azərbaycanlı tələbələrin Polşa universitetlərində etnoqrafiya, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində göstərdikləri uğurlardan danışan professor Donuta Pleçka da Azərbaycandakı təhsil sistemi ilə bağlı müsbət fikirlər səsləndirib. Azərbaycanda təhsil sisteminin inkişafından danışan D.Pleçka bildirib ki, bu ölkədə gənclərə bilik aşılamaqla yanaşı onların tərbiyəsinə də çox önəm verilir.
BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzinin müdiri Lyudmila Talıbova mərkəzin qarşısında duran vəzifələrdən danışıb. Polyak dili üzrə təhsil alan tələbələrin Polşanın tanınmış Krakov, Torun, Varşava kimi şəhərlərindəki universitetlərində yay məktəblərində olmaları barədə ətraflı məlumat verib. O qeyd edib ki, Varşavada həyata keçirilən ”Gənc alim” layihəsi çərçivəsində Bakı Slavyan Universitetini bitirən tələbələr birillik layihəyə qoşularaq sertifikat əldə edirlər. Nəticədə tələbələr Polşada ikiillik magistr pilləsinə yiyələnmə şansını qazanırlar.
L.Talıbova söyləyib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Polyakdilli tələbələrin universitetin mədəni-kütləvi tədbirlərində fəal iştirak etdiyini dilə gətirən L.Talıbova oktyabrda nəzərdə tutulmuş "Polşa film festivalı”na BSU-nun polyakdilli tələbələrinin qatılacağını da vurğulayıb.
Mərkəzin daha çox elmi istiqamətdə fəaliyyət göstərdiyini vurğulayan L.Talıbova mərkəz tərəfindən Azərbaycanın bir sıra tanınmış ədiblərinin əsərlərinin polyak dilinə, eyni zamanda Polşanın tanınmış yazıçı və şairlərinin əsərlərinin isə Azərbaycan dilinə tərcüməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.
BSU mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev