Bu hadisə ilk növbədə cəmiyyətin yeniyetmələrlə işində müəyyən problemlərin olduğunun göstəricisidir.
Bu sözləri Bakı şəhərindəki 132-134 Təhsil Kompleksində baş vermiş hadisə ilə bağlı danışan millət vəkili Aydın Mirzəzadə deyib. Deputat baş vermiş olayın konkret sözügedən təhsil müəssisəsindəki boşluqlardan qaynaqlandığını bildirib:
"Yeniyetmə gənclik ərəfəsindədir və o özündə baş verən dəyişikliklərdən baş çıxartmaqda çətinlik çəkir. Əgər ona məsləhət verən, qarşısında nümunə götürəcəyi heç kim yoxdursa, onda həmin məktəbdə baş verənlər ortaya çıxır. Əgər ailədə zamanında bu məsələlərə rahat şəkildə keçid olsaydı, bununla bağlı dəyərli tərbiyəvi söhbət edilsəydi, onda bu gün belə bir problem yaranmazdı. İnternetdə, açıq mənbələrdə mədəniyyətdən uzaq materialların üstünlük təşkil etməsi yeniyetmələrdə dünya haqqında səhv təsəvvür yaradır. Belə olan halda gənc etdiyi əməldə bir faciə, hüquq pozuntusu görmür. Ona görə də yeniyetmələr gizli şəkildə belə şeylər etməyə normal baxırlar. İlk növbədə bu məsələlərə cəmiyyətdə, ailədə çox həssaslılqla yanaşılmalıdır. Təcrübəsiz yeniyetmələrin səhv addım atmasına gətirib çıxaracaq məlumatların cəmiyyətdə yayılması və yaxud da korrektə edilməsi barədə ciddi şəkildə düşünmək lazımdır”.
Millət vəkili məktəblərdə psixoloqların işinə yenidən baxmağı təklif edib:
"Bir qayda olaraq məktəblərdə psixoloqlar qadınlardır. Orta məktəblərdə oğlanlara psixoloji məsləhət verən xarizmatik, güclü, həyat təcrübəsi olan kişi psixoloqlarına ehtiyac var. Baş verənlər də çoxdan olan bu problemin nəticəsidir. Orta məktəblərimizdə demək olar ki, kişi müəllimləri yoxdur. Bədən tərbiyyəsi, hərbi təlim və bir neçə riyaziyyat müəllimindən savayı əksəriyyət yalnız qadın müəllimləridir. Kişi müəllimlərinin orta məktəblərə cəlb edilməsi üçün bəlkə bir qədər qanunu pozaq və onlara üçqat artıq maaş verək? Belə olan halda onlar məktəbdə işləməkdə və öz ailələrini dolandırmaqda maraqlı olacaqlar, eyni zamanda, qaynar oğlanların qarşısında bir lider kimi çıxış edəcəklər”.
A.Mirzəzadə bu məsələnin həddindən artıq qabardılmasının və müzakirə edilməsinin əleyhinə olduğunu da bildirib:
"Xoşagəlməz bir hadisə olub və biz bunu daim gündəmdə saxlamaqla yeni belə hadisələrin əsasını qoymuş oluruq. Yaddan çıxarmayaq ki, gənclər təcrübəsizliyin qurbanı olublar. Bir tərəfdən cinayətkardırlar, o biri tərəfdən isə özləri qurbandırlar. Axı bunlar sabah ailə içərisində olacaqlar və indidən onların kövrək psixologiyasına ağır zərbələrin endirilməsi sabah onların özlərinin kiçik bacı-qardaşlarının, dostluq etdikləri yaşıdlarının ailə qurmasına psixoloji tramva vura bilər. Bu, kifayət qədər düşündürücü bir mövzudur. Hesab etmirəm ki, bu məsələdə mənim dediklərim tamamilə düzgündür və problemin kökü sadaladığım faktorlardadır. Ancaq görünür, bu məsələlərə açıq gözlə baxmağın vaxtı gəlib çatıb. Çox təəssüf ki, bu barədə ancaq bu hadisədən sonra danışdıq”.
Deputat onu da əlavə edib ki, bu gün heç bir orta məktəb bu kimi gözlənilməz hadisələrdən sığrtalanmayıb: "Çox istərdim ki, ilk növbədə baş vermiş hadisədən nəticələr çıxarılsın ki, sonradan başqa yerlərdə bu kimi hallar təkrarlanmasın, hələ həyat təcrübəsi olmayan gənclərimiz səhv yola düşməsinlər”.
Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan C.R. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
C.R istintaq müddətində məhkəmənin qərarı ilə 3 aylıq həbsə məhkum edilib. Hazırda o, Kürdəxanı təcridxanasındadır.