Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"
"Dövrləşmə türk dünyası sənət tarixinin yaradılması yolunda əsas problemlərdən biridir”.
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtgenin Salamzadə akademiyanın Rəyasət Heyətinin iclasında "Türk incəsənətinin dövrləşdirilməsi problemi” adlı məruzə ilə çıxış edərkən deyib. O bildirib ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanda sənətşünaslıq məktəbləri təhlil olunub:
"Postsovet məkanındakı türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib, bu sahədə tədqiqat işləri hələ 1940-50-ci illərdən başlayıb. 1963-cü ildə "Azərbaycan memarlıq tarixi” kitabının nəşri ilə tarixi sənətşünaslıq milli məktəbinin əsası qoyulub”.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti qərar qəbul edib. Memarlıq və İncəsənət İnstitutuna məkan və zaman sənət növlərinin vahid dövrləşməsi əsasında Azərbaycanın ümumi incəsənət tarixinin yaradılması işi tapşırılıb.
İclasda "Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatının inkişafında özəl sektorun rolu” adlı Biznes Forumun keçirilməsi qərara alınıb.