Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib
Hazırda bir sıra ali təhsil müəssisələri öz tələbələrini yataqxana ilə təmin edə bilir. Vaxtı ilə keçmiş Qafqaz Universitetinin də bu cür yataqxanası var idi. Məlumdur ki, ötən ilin sonlarında ləğv olunan universitetin yerində artıq Bakı Mühəndislik Universiteti fəaliyyət göstərir.
Bu baxımdan maraqlıdır, kifayət qədər böyük olan və tələbələr üçün yaxşı şərait təmin edə bilən yataqxana hazırda da mövcuddurmu?
Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı Bakı Mühəndislik Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Modern.az-a açıqlama verib:
"Bildiyiniz kimi Qafqaz Universiteti ləğv olunandan sonra prezidentimizin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində dövlət statuslu Bakı Mühəndislik Universiteti yarandı. Qafqaz Universitetinin bütün əmlakı Bakı Mühəndislik Universitetinə aiddir. Həmin yataqxana da eynilə universitetə məxsusdur və hələ də fəaliyyət göstərir.
Yəni Qafqaz Universitetində qız və oğlan yataqxanaları necə idisə, indi də elədir. Təbii, ehtiyacı olanlar, rayondan gələnlər müəyyən məbləğ ödəməklə yataqxana ilə təmin edilir. Qeyd edim ki, yataqxanada yalnız Bakı Mühəndislik Universitetinin tələbələri yaşaya bilərlər. Hazırda qız və oğlan yataqxanaları ayrı-ayrı mövcuddur və 126 oğlan, 120 qız var”.
R.Rza qeyd edib ki, yataqxana müdiriyyəti 7 gün 24 saat fasiləsiz xidmət edir:
"Yataqxanada tələbələrin akademik və sosial tərəflərinin inkişafını təmin etmək məqsədilə oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı, istirahət otaqları, bufet , idman kompleksi, internet salonu və camaşırxana var.
Bunlardan başqa vizual fəaliyyətlərin edilə bildiyi və xüsusilə xarici dil təhsilinin inkişaf etdirilməsinə kömək məqsədilə sinevizyon salonları mövcuddur.
Tələbələrimizin həyat keyfiyyətlərini yüksəltməyi qarşısına məqsəd qoyan yataqxana müdiriyyəti 7 gün 24 saat fasiləsiz xidmət edir. Yataqxana idarəçiləri imkanlar daxilində tələbələrimizin yataqxana həyatına uyğunlaşmasını təmin etmək və problemlərinin həlli üçün onlara lazım olan dəstəklərini və məsləhətlərini əsirgəmirlər”.
Müsahibimiz həmçinin qeyd edib ki, keçmiş Qafqaz Universitetində təhsil alan türk tələbələr də hazırda tədrisini davam etdirirlər:
"Hazırda türk tələbələr tədrisini davam etdirir, heç bir problem yoxdur. Vaxtilə fəaliyyət göstərən türk müəllimlər artıq Bakı Mühəndislik Universitetində fəaliyyət göstərmir. Buna baxmayaraq universitetdəki azərbaycanlı müəllimlər hələ də işini icra edir”.