Təhsil üzrə ekspert Almaz Həsrət də deyir ki, edilən dəyişiklərdən müsbət nəticələr gözlənilir:
Buraxılış imtahanlarında şagirdlər 3 fəndən imtahan verəcəksə, bu fənlər içərisində "Azərbaycan dili və ədəbiyyat” və "Azərbaycan tarixi”nin olması təqdirəlayiqdir. Mən bu fənləri ona görə xüsusi olaraq vurğuladım ki, məktəbi bitirmiş hər bir şagird orta səviyyədən bir az çox bilməlidir. Qəbul imtahanında qrupun istiqamətlə əvəzlənməsi və bu dörd istiqamətin hər birində üç fəndən imtahanın verilməsi alqışalayiq bir haldır. Çünki həm şagirdləri yormayacaq, həm də məzun gedəcəyi istiqamət üzrə daha yaxşı ixtisaslaşmış olacaq. Həmin üç fənnin öyrənilməsinə daha çox diqqət ayıracaq və öz sahəsinin mütəxəssisi olacaq. Bir məsələni də qeyd etmək istəyirəm ki, yaxşı olardı, istiqamətlər üzrə universitetlərin də bölgüsü aparılsın. Humanitar sahə üzrə qəbul imtahanı verən abituriyentin topladığı bala uyğun olaraq, hansı universitetdə təhsil alacağı göstərilsin. Hesab edirəm ki, istiqamətlərin və universitetlərin seçilməsini optimallaşdırmaq üçün paytaxtdan kənar bölgələrdə maarifləndirmə işi aparılsın”.