Təhsil menecerləri müsabiqənin ikinci mərhələsində 30 testə cavab verəcəklər
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqənin ikinci mərhələsi başlayıb.
Təhsil Nazirliyindən bildiriblər ki, avqustun 8-də 220 nömrəli məktəb-liseydə keçiriləcək müsabiqənin II mərhələsində namizədlərə elektron formada (kompüter əsaslı) 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək. Müsabiqə ilə bağlı məlumatlar namizədlərin online ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndərilib.
Müsabiqə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir.
Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.
Müsabiqə ilə bağlı suallara [email protected] elektron poçt ünvanında cavab tapmaq olar.